DünyaSiyasət

Xarici müdaxilələr pisdir amma ……

Xarici müdaxilələr pisdir, yaxşı olar ki, ölkələr və toplumlar öz problemlərini özləri həll etsinlər. Bu, ən ideal və arzuolunan variantdır.

Amma bəzən buna ölkələrin və toplumların gücü çatmır. Mən Qafqaz İslam Ordusu və Nuri paşa örnəyini xatırlatmaq istəmirəm, çunki deyənlər olacaq ki, bu, qardaşın qardaşa yardımıdır. Başqa nümunələrə keçək.

Məsələn, yaxın keçmişdə NATO Bosniyada soyqırım törədən Miloşeviç rejiminə müdaxilə etməsə, nələr baş verərdi, düşünmək lazımdır. Bu gün yəqin ki, Balkanlar serb şovinist-millətçilərinin (dolayısı ilə Rusiyanın) nəzarətində olacaq və qanlı etnik konfliktlər davam edəcəkdi. NATO o vaxt “biz mütləq gedib Bosniya müsəlmanlarını xilas etməliyik” düşüncəsi ilə Yuqoslaviyanı bombalamadı, geosiyasi maraqlarla hərəkətə keçdi. Amma son nəticədə müsəlmanlar da, xorvatlar da, hətta serblər də xilas oldu və indi dinc şəraitdə (bir-birindən xoşları gəlməsə də) yaşayırlar.

Yaxud 2-ci dünya müharibəsində ABŞ faşizmə qarşı müharibədə SSRİ-yə yardım etməsə və daha sonra Avropaya ordu göndərməsə, nələr olardı? Yəqin o vaxt da “ABŞ guya Avropada demokratiyanı xilas etməyə gedib?” deyənlər olub. Yəni məqsəd, niyyət vacib olsa da, ondan daha önəmli olan məsələ ortaya çıxan uzunmüddətli nəticələrdir. ABŞ Avropanın qərbini nəzarətə götürməsə, Stalin oranı da işğal edəcəkdi. Ya da, ABŞ Yaponiyanı işğal etməsə, bunu SSRİ edə bilərdi. (Nüvə silahının tətbiqi şübhəsiz ki, insanlığa qarşı cinayətdir, amma müharibəyə yaponlar başlamışdı və indi də bu məsələdə öz günahlarını qəbul edirlər). Nəticə odur ki, bugünkü Qərbi Avropa və Yaponiya dünyanın istər iqtisadi, istər demokratik baxımdan ən inkişaf etmiş regionlarıdır.

Eləcə də, ABŞ Koreya müharibəsinə girməsə, bugünkü Cənubi Koreya nümunəsi olmayacaqdı. ABŞ Koreya yarımadasına “onları xilas edim, gələcəkdə Samsung, Hyundai, KİA yaratsınlar və inkişaf etmiş dövlətə çevrilsinlər” niyyəti ilə getməmişdi, Asiya-Sakit okean regionundakı maraqlarını təmin etmək üçün müdaxilə etmişdi, amma cənub hissəni şimaldakı kommunistlərdən xilas edə bilməsinin nəticəsi ortadadır.

Mənim məqsədim ABŞ gözəlləməsi filan deyil. İsrailə isə ümumiyyətlə, hər hansı simpatiyam yoxdur, sadəcə olaraq, yəhudi xalqının da bir dövlətə sahib olma haqqını qəbul edirəm. (Sözsüz ki, fələstinlilərin də o cümlədən). Məqsədim cəmiyyətimizin yalanlar, dezinformasiyalar, ehkamlar, basmaqəlib və zərərli fikirlərlə zəhərlənməsinə qarşı gücüm yetən qədər mübarizə aparmaqdır. Biz çalışmalıyıq ki, kimsə burada gerçəkləri dilə gətirməyin mümkün olmadığı, yaxud riskli olduğu bir mühit yarada bilməsin. Elə bir mühit olmasın ki, Türkiyədə olduğu kimi, hətta ən adi tarixi faktları söyləməkdən, yazmaqdan da çəkinək ki, birdən bizə “… pərəst” damğası vurarlar.

Şübhəsiz ki, bu dediklərim daxili siyasətə də aiddir. Azərbaycanda söz, ifadə azadlığı və digər konstitusion azadlıqlar təmin olunmalı və siyasi hakimiyyət əks fikirli insanları təqib etməkdən vaz keçməlidir. Sərt rejimlərin kimsəyə xoşbəxtlik gətirmədiyinə əmin olmaq üçün başqa hansı hadisələr yaşanmalıdır, bilmirəm.

Şahin Çəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yunan F-16-ları türk qırıcılarını təhdid etdi

redaktor

“Xocalı cəlladı” kimi tanınan erməni general öldü

admin

Kremli belə urvatsız edən, fəndə salan olmamışdı – Sülhməramlılar gedir

redaktor