CəmiyyətDünyaGündəmSiyasət

Sükutdan Qorxan Qadın

Hazırda İran məsələsi gündəmi demək olar ki, tam işğal edib. Mən də bu barədə çox yazıram. İki dəfə televiziya çıxışım da oldu. Geosiyasət, təhlükəsizlik, ssenarilər…

Amma insan təkcə siyasətlə yaşamır.

Yeknəsək və ağır gündəmdən bezənlər üçün ailə-məişət məsələsindən qaynaqlanan bir yazı təqdim edirəm. Bəzən ən böyük dərslər beynəlxalq siyasətdən yox, adi bir evin içindən gəlir…

Bir qadın danışırdı.

Deyirdi ki, rəfiqəmin evinə getmişdim. Oturduq, çay içdik. O isə bütün görüş boyu ərini pislədi. Haqqında elə sözlər dedi ki, ürəyim sıxıldı.

“Allah öldürsün onu. Niyə yaşayır, bilmirəm. Xalqın kişiləri arvadı üçün dağı dağ üstə qoyur. Mənimki isə əclafın biridir. Hər gün dua edirəm ki, Allahım, onu öldür, canım ondan qurtarsın. Kasıbçılıqdan, ona-buna borclu olmaqdan bezmişəm…”

Bu sözləri eşidən qadın deyir ki, içimdə qəribə bir hiss yarandı. Öz ərimi düşündüm. O da ideal deyil. Biz də dalaşırıq. Biz də kasıbıq. Arada söz-söhbət olur. Amma dilim gəlməz ki, deyim “Allah səni öldürsün”. Ərim ölsə, mən nə edərəm?

Bu düşüncələrlə evə qayıdır. Elə təzəcə çatmışdı ki, zəng gəlir: rəfiqəsinin əri qəfildən ölüb.

Günorta yatıb. Yuxudan durmayıb.

Qadın deyir ki, yenidən rəfiqəmin evinə qayıtdım. Az əvvəl qarğış edən qadını indi ərinin başı üstündə hönkür-hönkür ağlayan gördüm. Yas məclisində onun haqqında elə xoş sözlər deyirdi ki, adam təəccüblənirdi.

Yas bitəndən sonra soruşdum:

“Axı sən onun ölümünü istəyirdin. İndi niyə belə edirsən? Özünü niyə öldürürsən?”

Rəfiqəsi belə cavab verdi:

“Düzdür, mən ona qarğış edirdim. Amma ölümünü qətiyyən istəmirdim. Mənim 40 yaşım var. Bundan sonra mən kimə lazımam? Qalan ömrümü tək-tənha keçirməli olacam. Tək qalmaqdansa, yenə pis-yaxşı evdə bir kişi vardı. Səsi gəlirdi. Nəfəsi duyulurdu. Bundan sonra heç o da olmayacaq…”

Bu cümlə insanın içinə oturur:

“Səsi gəlirdi.”

Bəzən biz nifrət etdiyimiz kimsədən yox, təklikdən qorxuruq. Bəzən qarğış etdiyimiz insan əslində həyatımızın səsidir. Onun varlığına o qədər öyrəşirik ki, yoxluğu ilə nə ilə üzləşəcəyimizi belə təsəvvür etmirik.

İnsan qəribə məxluqdur. Əlimizdə olanı kiçildir, kimlərinsə həyatı ilə ölçür, sosial şəbəkələrdə gördüyümüz “ideal ailələrlə” öz evimizi müqayisə edirik. Və ifrata varırıq. Sözlə ifrata, qarğışla ifrata, qəzəblə ifrata varırıq.

Amma həyat ifratı sevmir. Həyat qəfildir.

Bir gün şikayət etdiyin insan sabah evdə olmayanda anlayırsan ki, problem onun nəfəsi deyilmiş. Problem sənin içində yığılan sözlər imiş. Düşünülmədən deyilmiş, hirslə atılmış, geri qaytarılması mümkün olmayan sözlər.

Ən qorxulusu sükutdur.

Ev sakit olanda anlayırsan ki, dava da bir həyat əlamətidir. Səs-küy də, qapının açılıb-bağlanması da, hətta əsəbi addımlar da evin yaşadığını göstərirmiş.

Səs varsa, həyat var.

O qadın bir gün əvvəl ərinə ölüm arzulayırdı. Ertəsi gün isə onun nəfəsinin yoxluğundan qorxurdu.

İnsan çox vaxt nifrət etdiyini zənn etdiyi adamdan yox, onun yoxluğundan qorxur. Çünki öyrəşdiyimiz hər səs bizim həyat ritmimizə çevrilir. O ritm kəsiləndə isə boşluq başlayır. Boşluq isə davadan da ağırdır.

Hirs keçicidir. Qarğış bir anlıqdır. Qəzəb gəlib gedir.

Amma yoxluq qalıcıdır.

Bir gün evdə səslər kəsiləndə anlayırsan ki, problem o adamın varlığı deyilmiş. Problem səbrsizlik, müqayisə və şişirdilmiş gözləntilər imiş.

İnsan əlində olanın dəyərini çox vaxt onu itirəndə anlayır.

Həyat qəfildir. Heç kimə xəbərdarlıq etmədən dərs verir.

Bəlkə də ən böyük hikmət budur:
Söz deməzdən əvvəl dayan. Qarğış etməzdən əvvəl düşün. Çünki bəzən “səsi gələn ev” xoşbəxt ev demək deyil, amma yaşayan ev deməkdir.

Və yaşayan ev həmişə susmuş evdən daha qiymətlidir.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Onlar da yaxınlarını dənizdə itirib – FOTOLAR

redaktor

Bu qidaları əsla acqarına yeməyin

redaktor

İranda TERROR – 5 nəfər ölüb, 15-i yaralanıb – YENİLƏNİB

redaktor