İdmanMüsahibə

“Bəzən gözləmədiyin hallar ilə üzləşirsən”

Misli Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ” “Sabah”ı qəbul edib. Qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra oyun barədə fikirlərini bölüşüb.

Təcrübəli mütəxəssis ilk növbədə qarşılaşmanın yüksək tempini və azarkeş amilini yüksək qiymətləndirib:

“Bu gün çox maraqlı oyun alındı, stadionda gözəl atmosfer var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Məhz azarkeşlərin görmək istədiyi bir matç oldu. “Sabah”ın hücum xətti olduqca güclüdür. Müasir futbol elə səviyyəyə çatıb ki, belə məhsuldar hesablar hər oyunda baş verə bilər. Futbolun sevilən tərəfi də budur ki, bəzən gözləmədiyin hallar ilə üzləşirsən”.

Q.Qurbanov “Nyukasl”la ağır oyundan sonra futbolçuların fiziki bərpası ilə bağlı narahatlığını gizlətməyib:

“Məni ən çox düşündürən məqam futbolçuların bərpasıdır. Çox gərgin qrafikdə oynayırıq. “Nyukasl” səfərindən dərhal sonra belə bir matça çıxdıq. Cəmi 3 gün sonra kubok, ardınca yenidən çempionat oyunu olacaq. Qarşıda müəyyən rotasiyalar edərək futbolçuları tam hazır vəziyyətə gətirməyə çalışacağıq”.

Baş məşqçi hakimin oyuna əlavə etdiyi vaxtın azlığına və rəqib skamyası ilə yaşanan gərginliyə də toxunub:

“Bu qədər fasilələrin olduğu bir qarşılaşmada 6 dəqiqənin əlavə edilməsi, məncə də, az idi. Rəqiblə aramızda yaşanan məsələyə gəldikdə isə, rəqibin köməkçi məşqçisi bizə qarşı ədəbsizlik etdi. Həmkarımla söhbətimiz də bu yöndə oldu. Bildirdim ki, bütün heyətimizdən üzr istəmək lazımdır. O da öz növbəsində məşqçinin əvəzinə hamımızdan üzr istədiyini bildirdi”.

Heyətdəki fərdi çıxışları dəyərləndirən mütəxəssis Dani Bolt və Aleksey Kaşuk haqqında bunları deyib:

“Bəhlulun yoxluğunda belə bir heyət çıxarmağı uyğun gördüm. Boltun zəif çıxış etdiyini düşünmürəm, çünki qarşısında liqanın ən sürətli oyunçularından olan Maluda vardı. Kaşukda isə bəlkə də həyəcan var idi, o, daha yaxşı oynaya bilərdi. Musa Qurbanlıya gəldikdə isə, o, çox əziyyət çəkir. Əgər belə davam etsə, yaxın gələcəkdə start heyətində yer ala bilər”.

Sonda çempionluq mübarizəsi barədə danışan Qurban Qurbanov komandasının xarakterini xüsusi vurğulayıb:

“Oyundan sonra həm sevinənlər, həm də üzülənlər var idi. Amma mən futbolçularımdan razı qaldım, xarakter göstərdilər. Məcbur deyilik ki, hər il çempion olaq, futbolda belə bir termin yoxdur. Lakin biz sonadək mübarizə aparacağıq. Bu gün rəqibin gücünü daha yaxşı anladıq. Əgər qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq”. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Qarabağ” Çempionlar Liqasının sürpriz komandasıdır”

admin

İtaliya millisinin futbolçusu ağır qəzaya düşüb

redaktor

“Onu komandaya gətirməyib ki, şorabaya qoysun”

admin