1) İrana qarşı əməliyyat beynəlxalq hüquqa uyğundurmu? – Təbii ki, yox, bu əməliyyatın hüquqla əlaqəsi yoxdur,
2) İrana qarşı əməliyyat nüvə proqramına görədirmi? – Yox, bu sadəcə addımların legitimləşdirməsi üçün lazımdır, əsas hədəf sistem dəyişikliyidir,
3) İrana qarşı əməliyyat nə zamandan başlayıb? – Məncə, artıq 8 ildir öncə, Qasım Süleymani hadisəsindən sonra düyməyə basılıb. Əvvəl İranın bölgədə zəiflədilməsi əməliyyatı başladı, bütün “proksilər” sıradan çıxarıldı, və ya zəiflədildi, Suriyada, Livanda, İraqda, Yəməndə uzantılar kəsiləndən, zəiflədildikdən sonra, artıq İranın daxilində əməliyyatlara start verildi,
4) İrana xaricdən müdaxilə olmasaydı, daxildə sistemin yaşamaq gücü qalmışdımı? – Yox, çünki, əsas problem sistemin özü, idarəetmə yanaşmasıdır, iqtisadi vəı sosial problemlərdir, insanların, əsasən də, gənc toplumun dəyişiklik istəyidir. Sadəcə, xarici müdaxilə bu prosesi sürətləndirdi,
5) İranda həmən sistem dəyişəcəkmi? – Yox, İran indi SSRİ-nin 1986-cı ilində olduğu dövrə, vəziyyətə qədəm qoyur, addım-addım açılım olacaq, İran dəyişib, sadəcə, bu dəyişikliyin legitimləşməsi zaman alacaq,
6) Dünən baş verən əməliyyatın əsas hədəfi və məqsədi nə idi? – ABŞ İran daxilndə elitalarla, çox güman, ciddi, səssiz danışıqlar aparırdı, həmin elitaların birbaşa iştirakı olmadan dünənki əməliyyat mümkün olmazdı. Çox güman, elitanın bir qismi məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib, sadəcə, qlobal anlaşmaya mane olanların aradan götürülməsinin vacib olduğunu bildirib,
7) İran parçalanacaqmı? – Ümid edirəm ki, İranda bütün proseslər qansız-qadasız, vətəndaş müharibəsi olmadan yekunlaçacaq. Cənub qonşumuzda, milyonlarla soydaşımız yaşayan ölkədə xaos olması ən pis ssenaridir. Amma, İran tarixən ya monarxiya, ya da, teokratiya ilə idarə olunub. Əslində, Şah devriləndən sonra Ali Dini Liderin funksiyası, səlahiyyəti Şahdan daha çox oldu, sadəcə, ad-forma dəyişdi, mahiyyət yerindəcə qaldı (necə ki, bolşeviklər Çarı aradan qaldırıb, Çardan geniş səlahiyyəti olan Birinci Katib institutu yaratdılar). İranda bütün xalqı birləşdirəcək lider və ideya yoxdur, deməli, etnik millətçilik önə çıxacaq. Zatən İran “ümmət ideologiyasını” İranı bir yerdə tutmaq üçün yayırdı, millətin inkarı, ümmətin vacibliyi önə çəkilirdi. Necə ki, SSRİ etnik mənsubiyyəti, dini dəyərləri basdıraraq, “sovet adamı” tipi yaratmağa çalışırdı. SSRİ-də alınmadı, İranda da alınmadığı açıq görünür. İranda birləşdirici ideya “dünyəvilik” ola bilər, amma, bunu oturuşması indi real görünmür. İranda etnik millətçiliyin yüksəlişini görəcəyik,
8 ) İranın dünyaya açılması, Dünya iqtisadiyyatına inteqrasiyasının baş verməsi bölgə və İran üçün nə deməkdir? – İran açılacaqsa, çox qısa zamanda cəlbedici ölkəyə, investisiyalar üçün “cənnətə” çevriləcək. Bu Azərbaycan üçün də çox ciddi iqtisadi fürsətlər yaradacaq – bu geniş mövzudur, bu haqda ayrıca yazacam, əslində bir neçə dəfə bu haqda yazmışam, danışmışam,
9) İranda legitimliyi kim-kimlər təmin edə bilər? – Bu gün İranda seçici səsi ilə legitimliyi olan yeganə lider Məsud Pezeşkiandır. Onun rəhbərliyi ilə yumşaq keçid mümükündür. İranda elitanın böyük bir qismi ölkədə hərbiləşdirilmiş qurumların bu qədər yüksək səlahiyyətə, iqtisadi fürsətlərə malik olmasından narahatdılar, onlar iqtisadiyyatı batırıblar. Sivil siyasətçilər daha böyük səlahiyyət və güc istəyirlər – indi bunun üçün şərait yaranır.
Ola bilər ki, hələ bir müddət İranda sistemin adı dəyişməsin, amma, mahiyyəti dəyişəcək, hətta, yeni sivil liderlər də ritorik olaraq ABŞ və Qərbi bir müddət hədəf alacaqlar, amma, bu anlaşmalı şəkildə baş verəcək…
