5 C
Bakı
28 Fevral 2026 17:18
DünyaSiyasət

İran nə FİKİRLƏŞİR?!

İranın hərbi cəhətdən ABŞ-İsrail tandeminə məğlub olacağını hər kəs bilirsə, özləri bilmirmi?

Sözün açığı, mən bu sualın cavabını hələ ki tapmamışam.

İran 12 günlük müharibədə 15-ə yaxın generalını və vəzifəli şəxsini itirsə də, bir çox mərkəzləri darmadağın edilsə də, qalib gəldiyin elan etdi.

Onlar yəqin ki, bunu dedikdə mənəvi qələbəni nəzərdə tuturlar. Mənəvi qələbə isə odur ki, fiziki cəhətdən məhv edilsən də, əqidəndən dönmür, prinsiplərindən vaz keçmirsən.

Bu duyğu mənə tanışdır və onu başa düşürəm. Elə şeylər var ki, insan nə olursa-olsun vaz keçməz. Eyni şey, təbii ki, dövlətlərə və hakimiyyətlərə də aiddir. Çünki onlar da insanlardan ibarətdir.

Mən ümid edirdim ki, Cenevrə danışıqlarında bir razılığa gələrlər və müharibə olmaz. Gərək nə olursa-olsun, buna nail olunaydı. Çünki müharibənin nəticələri İran, bütövlükdə regionumuz, hətta dünyanın özü üçün çox ağır ola bilər.

Dövlətlərə və xalqlara rəhbərlik edən şəxslər bunu anlamalı, təkcə özlərini, öz prinsiplərini yox, xalqları, sadə insanları da düşünsünlər. Axı müharibələrdə ən böyük ziyan adi adamlara dəyir.

İndi nə qədər günahsız insan öləcək, nə qədəri evsiz-eşiksiz qalacaq, qaçqın, didərgin düşəcək. Nə qədər ailə bədbəxt olacaq. Bu yaraların sağalması üçün nə qədər vaxt tələb olunacaq.

Mənə elə gəlir ki, insan, dövlət və xalq öz gücünü hesablamağı bacarmalıdır. Çingiz xan kimi qüdrətli, heç vaxt məğlub olmayan sərkərdə özündən güclü düşmənlə açıq döyüşə girmirdi. Bununla belə öz ideallarından, hədəflərindən də əl çəkmirdi.

Düzdür, İran rəhbərliyi Çingiz xanın yox, Yezid ibn Müaviyənin üzərinə əliyalın gedən İmam Hüseyniin yoluyla gedir. Ancaq bəlkə Hüseyn həzrətləri o vaxt güc toplayıb, silahlanıb, qoşun yığıb getsəydi, daha yaxşı olardı? Nə ailəsi tələf olar, nə də özü şəhid olardı. Körpə uşaqların, qadınların qanı tökülməzdi.

Biz də ona matəm saxlamaq əvəzinə, hər il qələbəsini qeyd edərdik.

 

Nadir Qocabəyli

Tacxeber.com

Oxşar xəbərlər

Qərb Duqinanın ölümünə münasibət bildirmədi – Zaxarova

redaktor

“Deyirlər ki, Turalın özü, qardaşı, xanımı, qayınatası deputat olacaq”

redaktor

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava: məşhur sahibkarın oğlu həbs olundu – FOTO

redaktor