Rişi Sunak Vladimir Zelenskiyə məsləhət verəcək. Böyük Britaniyanın keçmiş baş naziri prezident Vladimir Zelenskinin Ukraynanın bərpası üzrə Beynəlxalq Məsləhət Şurasında vəzifə tutub. “Qərbə güclü Ukrayna lazımdır, güclü Ukraynaya isə güclü iqtisadiyyat. Buna görə də prezident Zelenskiyə iqtisadi bərpa məsələlərində məsləhət verən beynəlxalq qrupa qoşulduğuma şadam”, – Sunak mətbuatda yayılan xəbərləri belə şərh edib.
Siyasətçi şuranın ilk iclasında fevralın 26-da digər beynəlxalq xadimlərlə birlikdə iştirak edib; onların arasında Dünya Bankının prezidenti Ajay Banga və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Basso da olub. Zelenskinin sözlərinə görə, iclasda digər məsələlərlə yanaşı, Ukraynanın infrastrukturunun növbəti qışa hazırlanması və “investisiyalar üçün daha geniş imkanlar”, o cümlədən Ukraynanın hərbi-sənaye kompleksinə yatırımlar müzakirə edilib.
Gözlənilir ki, toplanmış məsləhət şurası həm Ukrayna prezidentinə, həm də onun iqtisadi müşaviri, Kanadanın keçmiş baş nazir müavini Xristya Frilandə məsləhət verəcək ekspertlər qrupunu təqdim etsin. KİV məlumatlarına görə, Sunakın bu vəzifəsi ödənişsizdir.
Baş nazir postundan getdikdən sonra Rişi Sunak parlamentin deputatı olaraq qalır. O, həmçinin Goldman Sachs və Microsoft şirkətlərində məsləhətçi vəzifələr tutub.(Azadlıq qəzeti)
