Liv Bona Dea klinikasının qəbulunda dayanıb Nigar haqqında xəbər gözləyirdim. Bir xanım yaxınlaşdı, çox mehriban şəkildə salamlaşdı. Ailəmiz barədə xoş sözlər dedi.
Qısa bir tanışlıq da verdi. O anda xatırladım ki, onunla bağlı Nigarla əvvəllər danışmışdıq. Türkiyədə təhsil alması və sonradan uğurlu karyera qurması bizi müsbət mənada təsirləndirmişdi. Bunu da yerindəcə özünə dedim.
Bu yaxınlarda mənə bir link göndərdilər. Gözlərimə inanmadım — həmin Günel xanım idi, Nigarın əleyhinə ifadə verirdi. Açığı, onun bu məsələyə necə və hansı çərçivədə daxil olduğunu anlamaqda çətinlik çəkdim. Çünki axı o, Nigarı əməliyyat edən həkim deyildi.
Bu məqam məni çox məyus etdi. İnsanın bir vəziyyətdə göstərdiyi insani münasibət ilə sonradan ortaya çıxan mövqe arasında fərq görəndə istər-istəməz suallar yaranır.
Bir zamanlar səmimi şəkildə dəstək göstərmək istəyən biri niyə indi Nigarı günahkar çıxarmağa çalışır? Bu dəyişimin səbəbi nədir — şəxsi mövqe, peşə etikası, yoxsa qorxu, işi itirmək qorxusu?
Biz artıq xəstəxana tərəfindən 222 min manatlıq iddia ilə məhkəməyə verilmişik. Bu hüquqi proses davam edir. Amma belə bir mərhələdə işçilərin də prosesə daxil edilməsi kənardan xoş təsir bağışlamır. Mübahisə tərəflər arasında qalmalıdır; əməkdaşların bu cür situasiyalarda açıq şəkildə mövqe bildirməsi həm etik, həm də peşə baxımından yolverilməzdir.
Mənə link göndərən haqlı olaraq yazır: Əgər Liv Bona Dea Günel xanımın təsvir etdiyi kimi ideal və qüsursuzdursa, bəs niyə öz şəxsi həyatı ilə bağlı oxşar əməliyyat üçün ABŞ-a getmişdi? Bu sual mənim müzakirə mövzum deyil, amma məntiqi baxımdan açıq qalır.
Burada əsas məsələ bir nəfər deyil. Məsələ münasibət mədəniyyətidir. Əgər xəstəxana öz mövqeyini qorumaq üçün əməkdaşlarını hüquqi mübarizənin alətinə çevirirsə, bu, nə xəstəxanaya nüfuz qazandırır, nə də ictimai etimadı gücləndirir.
Mən yenə də hesab edirəm ki, həkimlik və ümumilikdə xəstəxana sistemi mübahisənin deyil, şəffaflığın və ədalətin tərəfində dayanmalıdır.
