ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları cümə axşamı Kolumbiya Universitetində neyrobiologiya və siyasi elmlər ixtisasları üzrə təhsil alan azərbaycanlı tələbə Elmina Ağayevanı saxlayıblar.
“The Washington Post”un yazdığına görə, o, daha sonra ölkədən çıxarılma (deportasiya) proseduru çərçivəsində məhkəməni gözləmək şərtilə sərbəst buraxılıb.
Nyu-York meriyasının açıqlamasına görə, şəhər rəsmiləri ICE-dən tələbənin şəhərdən kənara aparılmamasını xahiş ediblər ki, o, immiqrasiya məhkəməsində iştirak edə bilsin. Şəhər sözçüsü Sem Raskin bildirib ki, mer Zöhran Mamdani məsələni birbaşa Prezident Donald Trampla Ağ Evdə müzakirə edib və görüşdən qısa müddət sonra prezident telefonla Ağayevanın azad ediləcəyini bildirib.
Kolumbiya Universitetinin müvəqqəti prezidenti Kler Şipman axşam saatlarında yaydığı video açıqlamada federal əməkdaşların özlərini düzgün təqdim etmədiyini iddia edib. Onun sözlərinə görə, səhər saatlarında beş federal agent tələbənin yaşadığı universitetə məxsus yaşayış binasına daxil olub və mənzilə çatdıqdan sonra itkin düşdüyü iddia olunan uşaqla bağlı şəkillər göstəriblər.
Şipman bildirib ki, təhlükəsizlik əməkdaşları agentlərdən məhkəmə qərarı tələb etsə də, belə sənəd təqdim olunmayıb. O, hadisəni “qorxuducu” və “qəbuledilməz” adlandırıb.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) sözçüsü isə agentlərin özlərini şifahi şəkildə təqdim etdiklərini və xidməti nişanlarını göstərdiklərini bildirib. Nazirlik əməkdaşların tələbə yataqxanasına saxta əsasla daxil olması iddialarına birbaşa cavab verməyib. Federal rəsmilər bildiriblər ki, binanın meneceri və tələbənin otaq yoldaşı onların mənzilə daxil olmasına icazə verib.
DHS-in ilkin açıqlamasına görə, Azərbaycan vətəndaşı olan Ağayeva dərslərdə iştirak etmədiyi üçün tələbə vizası ləğv edildiyindən saxlanılıb. Bildirilib ki, onun ölkədə qalmaq üçün qüvvədə olan müraciəti və ya apellyasiyası olmayıb.
Tələbənin vəkilləri isə federal məhkəməyə müraciət edərək onun konstitusion hüquqlarının, o cümlədən qanuni prosedur hüququnun pozulduğunu bildiriblər və azadlığa buraxılmasını və ya ən azı girov müqabilində məhkəmə dinləməsi keçirilməsini tələb ediblər.
Manhetten dairə rəhbəri Bred Hoylman-Siqal sosial şəbəkədə ICE əməkdaşlarının Nyu-York Polis Departamentinin əməkdaşları kimi təqdim olunduğunu, saxta nişan və saxta “itkin düşmüş uşaq” bildirişi göstərildiyini iddia edib. O, bunu ciddi vətəndaş hüquqları pozuntusu kimi qiymətləndirib.
Hadisə kampusda etirazlara səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə tələbələrin “ICE ləğv edilsin” şüarları ilə aksiya keçirdiyi görünür.
Kolumbiya Universiteti hadisədən sonra tələbə yataqxanalarında təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini açıqlayıb. Universitet rəhbərliyi federal əməkdaşların qeyri-ictimai ərazilərə daxil olmaq üçün federal hakimin imzaladığı məhkəmə orderi və ya çağırış vərəqəsi təqdim etməli olduqlarını xatırladıb və inzibati orderin kifayət etmədiyini vurğulayıb.
Son dövrlər ICE əməliyyatlarının genişləndirilməsi fonunda ABŞ-də kütləvi deportasiya siyasətinə ictimai dəstəyin azaldığı bildirilir. Sorğulara görə, respondentlərin əksəriyyəti administrasiyanın sənədsiz miqrantların çıxarılması siyasətində həddən artıq irəli getdiyini düşünür.
Azərbaycanlı tələbə Elmina Ağayeva hazırda immiqrasiya məhkəməsinin qərarını gözləyir. (AbzaMedia)
