Cəmiyyət

Jurnalist, siyasi məhbus Ülviyyə Əli təcridxanadan yazır:

“18 fevral səhər saat 11-12 radələrində saxlanıldığım Bakı İstintaq Təcridxanasının Tibb-Sanitar hissəsinin ikinci (Köhnə nömrəsi ilə nömrə 10) kamerasının qapısı döyüldü. Yuxudan oyanıb qapıya yaxınlaşanda “hazırlaşın, otağa gələn var” deyildi. Heç bir dəqiqə keçməmiş otağa çox vahiməli şəkildə iki qadın, üç kişi daxil oldu. Qadınlardan biri leytenant rütbəli Lamiyə idi, digərini tanımırdım. Kişilərdən biri korpuslardan birində rejim rəisi olan Mahir, biri “X” adlı trans kişi, digəri isə İlqar adlı, yaxasında kamera olan işçi idi. Onların ardınca Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevlə birgə bir kişi də daxil oldu. İlqar adlı şəxs otaqda axtarış-baxış keçiriləcəyini elan elədi.

Yuxudan yeni oyandığım üçün nə baş verdiyini qavramaqda çətinlik çəkirdim. Axtarışın səbəbini soruşduqda İlqar adlı şəxs sadəcə “zərurət var” deyə cavab verdi. Cavid Güləliyev otağa birlikdə daxil olduğu kişiyə göstəriş verdi ki, əlindəki döşəmə taxtasına bənzər alətlə tavanı və pəncərəni yoxlasın. Axtarışda iştirak edən Lamiyə və digər qadın əməkdaş əllərindəki xüsusi cihazla həm kamera yoldaşımın, həm də mənim üstümü yoxladıqdan sonra əşyalarımızı saxladığımız dolabları, yataqlarımızı yoxladılar.

Qeyd edim ki, artıq doqquz aydır həbsdə olsam da, heç vaxt otağımda axtarış-baxış keçirilməyib və bu zərurətin nədən yaranması mənə aydın olmadı. Axtarışla bağlı heç bir akt tərtib olunmadı və bizə təqdim olunmadı. Axtarış-baxış əməliyyatı Tibb-Sanitar hissəsinin qadınlarının saxlanıldığı bütün yeddi kameraya keçirilmişdi. Bunlardan üçü dindar qadın siyasi məhbus, digərləri isə beş qadın jurnalistin (Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Aynur Elgünəş) kamerası idi. Baxış keçirilərkən nəfəsliklərimiz bağlı idi. Lakin mənim divar qonşum olan birinci kamerada saxlanılan jurnalistlər Aysel Umudova, Aytac Tapdıq və Xəyalə Ağayevanın qışqırıq səslərini eşitdim. Cavid Güləliyev onlarla çox biədəb, qeyri-etik şəkildə danışırdı. Nə qədər otağımdan çıxmağa çalışsam da, içəridə olan işçilər buna imkan vermədilər. Ancaq qızların zorakılığa məruz qaldığını eşitdim.

Ardınca bizim otaqda olan nəzarətçilər otağı tərk edib tez qapını bağladılar.

Aysel, Aytac və Xəyalə başlarına gələn hadisə barədə ətraflı şəkildə mediada məlumat paylaşıblar (https://www.meydan.tv/…/kurd%c9%99xani-h%c9…/ )

Həmin gündən iki gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsinin birinci zalında keçirilən məhkəmədə dövlət ittihamçısının ittiham aktını oxumağı mənasız uzadıb işi uzatması, ittihama münasibət bildirmək hüququmuzun pozulması və şüşə akvariumun içindən ümumi zala buraxılmamağımız kimi hüquq pozuntularına etiraz məqsədilə şüşəni döyəcləmişdik deyə qarovul rəisi Gizir Turac Rəcəbov, köməkçisi kiçik gizir Tural Quliyev və mühafizəçi Çavuş Babək Babayev tərəfindən akt tərtib olunduğunu öyrənmişdik. Həbsxanada axtarış-baxış keçirilməsi qanunsuz hesab edilməsə də, başımıza gələnlər şəxsi həyata hörmət hüququmuzu pozmaqla yanaşı psixoloji və fiziki zorakılığı ehtiva edir və qısnama sayılır. Təsəvvür edin ki, Aysel Umudova sanitar qovşaqda olarkən qapının kilidi axtarış-baxışın rəisi Əlibala Rəhimli tərəfindən qırılıb və o içəri daxil olub. Həbs edilərkən Azərbaycan polisləri qadın jurnalistlərə qarşı cinsi qısnama, fiziki, psixoloji zorakılıq və zorlama təhdid etməkdən çəkinmirlər. İndi isə həbsxananın kişi əməkdaşları qadınlara qısnama edirlər.

Baş verənlərlə bağlı məhkəməyə kamera görüntülərinin (həm dəhlizdəki, həm əməkdaşların yaxasındakı) Bakı İstintaq təcridxanası tərədindən təqdim olunmasını tələb etsək də, məhkəmə vəsatətimizi təmin etmədi.

Danışanda milli mentalitetdən, əxlaqi dəyərlərdən danışan Azərbaycan rəsmiləri nəinki buna susurlar, onlar bu əxlaqsız hərəkətlərin sifarişçiləridir!”

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

 

Oxşar xəbərlər

Çerçesovun Azərbaycan millisini yeni səviyyəyə qaldıracağı proqnozlaşdırılır.

admin

Xankəndidəki erməni: “Utanıram ki, ermənilər qorxaqcasına qaçdılar” – VİDEO

redaktor

“Fitrə zəkatın plastik karta köçürülməsi məqsədəuyğundur” – Fuad Nurullayev

redaktor