Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
(M. Ə. Sabir.)
Azərbaycanın Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti növbəti iclasını keçirib.
Tədbir cari elmi mövzuların müzakirəsinə həsr olunub, lakin kameralar prosesin digər tərəfini də lentə alıb. Və ölkənin belə ali elmi ocağında mühüm müzakirələr zamanı bir çox iştirakçılar, alimlərin vaxtaşırı “mürgülədikləri” qeyd edilib.
Beləcə…
Ölkənin elmi, təhsili, səhiyyə və sosial sistemi, ictimai sektor, TV, maarifləndirmə təbliğat, kiçik, orta sahibkarlıq və sair əksər digər sahələr bu cür yatır. Və yaxud da ki, baş girləyir, yola verir.
Öıkəni çalışıb da ayaqda saxlayan isə dövlətin rəhbərliyi, xarici işlər, hərbi, hüquq-mühafizə və neft-qaz sistemi və daha bəzi digər sahələrdir.
Bir də ki, güclü çalışanlar, öz korrupsiya, rüşvəti, monopoliyası üçün gecə-gündüz demədən can yandıran, ölkənin məmur, oliqarxiya sistemidir və bu sistemdən yararlanıb öz “işlərini” edənlər.
Dünya isə, yeni qlobal şərtlər, həm dəyişikliklər mərhələsinə artıq, qədəm qoyub! Azərbaycanı da istər-istəməs bu keçid dövrü, bu mərhələyə, axına qatıb və çox da doğru olaraq.
Bu güclü sel axınında isə, rəhmətlik M. Ə. Sabir demiş, “yatıb dala qalmamaq” və ona da uyğun çevikliklə dəyişiklik, reformalara getmək tələb olunur, üzdə qalıb, üzdə olub da, batmayasan! Dünyanın bu axını ilə irəliyə, inkişafa gedəsən.
Hər şeyin, hər addımın, dəyişiklik, reformanın bir vaxtı var, sonra gec olur, daldan atılan daş topuğa dəyir. Ayılıb, dala qalmamaq lazımdır!
