DünyaHadisə

Bu günlər ABŞ-ın xarici və daxili fəaliyyətində gülməli bir sinxronluq müşahidə olunur.

İrana qarşı əsas təhdid elementi kimi göndərilən ABŞ-ın ən böyük və ən yeni aviadaşıyıcı gəmisində problem meydana çıxıb – kanalizasiya problemi.

$13 milyardlıq gəminin tualet sistemində ciddi nasazlıq nəticəsində antisanitariya və epidemik təhlükə yaranıb. Sən demə, bu gəmidə təyyarələrdəki kimi modern vakuum kanalizasiya sistemi quraşdırılıb. Lakin 4600 nəfərlik heyət üçün nəzərdə tutulan sistemin boruları gözləniləndən daha dar hazırlanıb (layihələndirmə xətası). Nəticədə borular dəniz duzu, kalsium çöküntüləri və dənizçilərin atdığı kənar əşyalar (hətta dəsmal və paltarlar) səbəbindən tez-tez tıxanır. Bir klapan sıradan çıxdıqda gəminin onlarla tualeti olan bütöv bir zonası işləmir. 4 gün ərzində 200 tualetin işləmədiyi hal müəyyən olunub.

Boruların kalsium çöküntülərindən yuyulması üçün xüsusi kimyəvi reagentlər istifadə olunur. Bu proseduru yalnız limanda etmək mümkündür və təmizlik işləri texniki heyətin gün ərzində 15-20 saat çalışmasını tələb edir. Bir belə yuma proseduru ~$400 minə başa gəlir.

Yanvarın 19-da Merilend ştatının Keybin Con (Cabin John) bölgəsində “Potomac Interceptor” adlı 1,8 metr diametrli əsas kanalizasiya borusu partlayıb. Borunun sıradan çıxması nəticəsində 1 milyard litrə yaxın çirkab suyu birbaşa Potomak çayına axıb.

Fevralın 19-da Potomak çayı üzərində olan Vaşinqton şəhərinin meri yerli səviyyədə fövqəladə vəziyyət elan edib. Bu fəlakətin nəticələrini aradan qaldırmaq üçün yüz milyonlarla dollar vəsait tələb olunur, Vaşinqton şəhər büdcəsində isə pul yoxdur, şəhər büdcəsinin kəsiri rekord həddə – $1,1 milyarda çatıb. Şəhər hakimiyyəti federal hökumətdən yardım ayırmağı tələb edib. Federal hökumət problemlə məşğul olmağa məcburdur, çünki özü də Vaşinqtonda yerləşir. Fevralın 21-də Tramp federal yardımın ayrılması üçün federal fövqəladə vəziyyət rejimini təsdiqləyib.

Rəsmilər içməli suyun təhlükəsiz olduğunu bildirsələr də, çay suyunda bir çox patogen bakteriyaların səviyyəsi normadan minlərlə dəfə çoxdur. Sakinlərə çayda üzmək, balıq tutmaq və su ilə birbaşa təmasda olmaq qadağan edilib.

Bu vəziyyət ABŞ tarixində ən böyük ekoloji fəlakətlərdən biri kimi qiymətləndirilir.

Hazırda müvəqqəti nasos sistemləri vasitəsilə çirkab suları başqa təmizləyici qurğuya yönləndirilir, lakin borunun tam təmiri aylarla vaxt apara bilər. Xatırladıram ki, Merilend ştatının Baltimor şəhərində 2024-cü ilin 26 martında uçmuş körpü indiyədək təmir olunmayıb, işlərin 2028-ci ildə bitəcəyi gözlənilir.

Ölkə xaricində də, daxilində də kanalizasiya problemi… Simptomatik problemdir. Sovet dövrünün məşhur lətifəsində santexnikin dediyi kimi, bütün sistem dəyişdirilməlidir.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Peskov Putinin bunkeri və oxşarlarından danışdı

redaktor

Donald Tramp çağırmayıbsa, Nikol Paşinyan niyə ABŞ-a gedir?

redaktor

İran və Rusiya təyyarə istehsalı üzrə birgə layihələr həyata keçirəcək

redaktor