“Romalılar yaxınlıqdakı bir yerdə məğlub oldular. Lakin bu məğlubiyyətdən bir neçə il sonra qalib gələcəklər. Nəticədə Allahın istədiyi baş verəcək. O gün möminlər Allahın köməyi ilə sevinəcəklər. O, istədiyinə qələbə qazandırar. O, Qüdrətli və Rəhmlidir”.
Quran-i Kərim, “Rum” surəsi 2-6-cı ayə.
Ayələrin nüful səbəbi:
Ayələrdə Bizansla Sasani imperiyasının 7-ci əsrin əvvəllərində apardıqları müharibədən bəhs olunur. İslam mənbələrinin bildirdiyinə görə, Məhəmməd peyğəmbər Məkkə müşriklərini İslama dəvət etməyə başladığı dövrdə o zamanın ən güclü və böyük iki imperiyası – Şərqi Roma (Bizans) və Sasani İmperiyaları, əsasən Yaxın Şərq uğrunda müharibə aparırdılar. Zərdüştlük dininə etiqad edən, oda sitayiş edən və bütpərəst Məkkə inancına bənzər inancları bölüşən Sasanilər əvvəlcə xristian (kitab əhli) olan və müsəlmanlar kimi tək Tanrıya inanan Bizanslıları məğlub etmişdilər. Məkkə müşrikləri də atəşpərəst olan Sasanilərin bu qələbəsinə sevinərək müsəlmanları lağa qoymuş, əhli-kitabın uduzduğunu və dolayısıyla özlərinin də bir gün müsəlmanlara qalib gələcəklərini deyirdilər.
Üzərindən 9-10 il keçəndən sonra Bizans ordusu Sasanilərə qarşı ardıcıl qələbələr qazandı, işğal olunmuş əraziləri geri aldı, 627-ci ilin sonunda Ninevada Sasani ordusunu tamamilə məğlub etdi və İmperator Heraklius Sasanilərin Dəstəgird şəhərinə girməyi bacardı. Nəticədə peyğəmbərin yazdığı məktubu cırıb ona hörmətsizlik edən Sasani hökmdarı II Xosrov taxtdan salındı və öldürüldü. Bütün bu hadisələri eşidən müsəlmanlar Bizanslıların qələbəsinə sevindilər.
Bu əhvalatı yəqin ki, çoxlarımız bilirik. Bəs onu da bilirsinizmi ki, Bizansın bu qələbəsinin qazanılmasında bizim Göktürk imperatorluğunun da böyük xidmətləri olmuşdur?
Tarixi mənbələrdən aydın olur ki, Bizansla müharibədən əvvəl Göktürk hökmdarı İstəmi xaqan Sasani padşahına müraciət edərək İpək yolu üzərindəki əngəlləri qaldırmağı tələb edir. İndiki İran dini lideri Xamenei kimi, II Xosrov da “qırmızı cizgilərini” əsas gətirib İstəmi xaqanın təklifini geri çevirir. Nəticədə Göktürklər 569-cu ildən 630-cu ilə qədər ən azı 6 dəfə Sasani üzərinə hücum edib onu dəfələrlə məğlub edir. Eynilə bugünkü İran kimi, Sasani də özündən razı pəhlivan kimi məğlubiyyətdən usanmır, Nuh deyir, peyğəmbər demirdi.
Sonunda İstəmi xaqanın vəfatından sonra hakimiyyətə gələn Tonq Yabqu xaqan İpək yolu projesinin alternativ marşrutu ilə əlaqədar Bizansla razılaşmış, onunla ittifaq quraraq Sasani üzərinə hücuma keçmişdi. Göytürklər xüsusilə Tonq Yabqu dövründə Sasanilərlə 3 dəfə döyüşlərə girmiş və Dərbədlə indiki Tiflis şəhərini almış, Şimali Azərbaycan ərazilərinə keçərək Qəbələni yenidən inşa etmişdilər. Bu fəthlərin şahidi olan erməni tarixçisi Movses Kagankatvatsi yazırdı:
“Bütün fəlakət (ümumdünya qəzəbi) bizə çatanda işğalçılar (türklər) dalğalanan dəniz dalğaları kimi divarlara çırpılıb onları təməllərinə qədər məhv etdilər. (Partavda (yer adı – H.O.)) xalq qorxunc, çirkin, alçaq, geniş üzlü, kirpiksiz və uzun saçlı qadınlar kimi bir izdihamın təhlükəsini görəndə qorxuya düşdü. Şəhərin küçələrində və meydanlarında onlara dolu kimi ox yağdıran, bütün xəcalət hissini itirmiş ac canavarlar kimi hücum edən və onları amansızcasına qətlə yetirən qüsursuz və güclü (Xəzər – Xəzər xaqanlığının əsgərləri ilə qarışdırmış ola bilər) oxçularını görəndə daha da dəhşətə gəldilər… Dərbənd qalasının süqutu ölkə daxilində nəzarətsiz bir panika dalğası yaratdı. Ağvan (Azərbaycan – H.O.) qüvvələri paytaxt Bərdəyə geri çəkildi. Göktürk və Xəzər orduları Ağvanlıları Kalankatuyk kəndi yaxınlığında yaxaladılar və onları qırdılar, yaxur əsir götürdülər”.
Erməni tarixçisi Göytürk xaqanını “şimal hökmdarı” adlandıraraq bildirir:
“Şimalın hökmdarı bütün ölkəyə ziyan vuraraq qisas aldı. O, qızıl yuma, gümüş və dəmir çıxarma və mis qablar düzəltməkdə xüsusilə bacarıqlı olan sənətkarlarla məşğul olmaq üçün adamlarını göndərdi. Sasani hakimiyyəti tərəfindən tətbiq edilən dirhəm vergisindən əlavə, həmçinin balıqçılara və böyük Kür və Araz çaylarından əldə edilən məhsullara vergi tətbiq etdi” və ş.
Qeyd edim ki, Göytürklər daha sonra müttəfiqlik barədə razılaşmanı pozduğuna görə Bizansdan ayrılır. Amma artıq Sasani dövləti öz kor inadkarlığının ağır nəticələri ilə üzləşmiş, bu döyüşdən sonra tamamilə çöküş mərhələsinə qədəm qoymuşdur. Üzərindən qısa zaman keçəndən sonra Sasanilər strateji düşüncə qabiliyyəti olmayan Xosrov şahı devirmiş və ardınca da öldürmüşdülər. Ondan sonra hakimiyyətə gələn xələfləri də Sasani dövlətini bu tənəzzüldən xilas edə bilməmiş və 2-cü İslam xəlifəsi Ömər İbn Xəttab tərəfindən 642-ci ildə Nahavənd döyüşündə tamamilə tarixdən silinmişdi.
Maraqlıdır ki, həmin dövrdə Göytürk xaqanlığı cənubda Sasanilərlə, şərqdə isə Çinlə mübarizə aparırdı. Yəni o vaxt da Sasanilər indiki İran kimi, Çini özlərinin ən yaxın müttəfiqi hesab edir və ondan böyük dəstəklər umurdu. Di gəl ki, Sasanilərin bu ümidi tamamilə tarixdən silinmələrinin qarşısını almadı. Üstəlik, təkcə bu xanədanlıq deyil, ümumiyyətlə fars hegemoniyası da İran coğrafiyasından silindi. Uzun əsrlər boyu ərəblərin əsarəti altında qalan İran daha sonra minillik türk himayəsi altına girdi.

