Z nəsli arasında yeni trend var, yəqin çoxunuz görüb – rəqəmlərin mistikası. 18:18, 17:17, 21:21 – Gördün, bu, bir işarədir, hər şey qaydasına düşəcək. Mələklərin mesajı imiş.
8 min manat. Görəsən, bu da mələklərin mesajıdır?!
Ötən gün qəbir daşı üçün 8 min manatın tələb edilməsindən yazmışdım. Səhərimi yenə eyni qaydada açdım. “Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş”
Cəmi bir cümlə və keçmişə səyahət
16 il bundan əvvəl bir az qorxu, bir az da arxayınlıqla tələbə adı qazanmaq üçün tarix hazırlığına yazıldım. Mənim üçün ən müqəddəs ad əvvəl “ana” idi, sonra “tələbə”. Kiçik bir məhəllədə səs-sədası valideynlər arasında yayılan Ceyhun müəllimin qəbuluna düşə bildim.
İlk cümlədən nöqtə atışı:
Başqa ölkələrdə valideynlər uşaqlarını oxutmaq üçün pul ödəyir, az qala, müəllimin canını alırlar ki, övladımın başını doldur, yor, əziyyət çəksin. Azərbaycanda pul verirlər ki, al bunu cibinə qoy, uşağıma əl dəymə, imkan ver imtahanlardan rahat keçsin. Sizin valideyniniz əksini edir, zülmlə qazanırlar, düşdükləri bataqlıqdan sizi çıxarmaq üçün mənə pul ödəyirlər. Bunu bilin və belə davam edək!
Amma “Övladının yüksək bal yığması üçün 8 min verəcəkmiş”…
Söhbətin nədən getdiyiniz qısaca deyim. Məşhur ekspert Kamran Əsədovun məhkəmə işi haqda xəbərdə belə yazılıb:
Şahidlərdən biri N.Mehdiyevin övladı Gündüz Abbasovun yanına fərdi hazırlığa gedib. Lakin ilkin imtahan nəticələri uğursuz olub. Övladının yüksək bal toplaması müqabilində müəllimə 8 min manat verəcəyini bildirib. Deyib ki, həmin məbləği imtahan nəticələri açıqlandıqdan sonra verəcəkmiş.
Tamam. Bu, yurdumun insanı üçün normaldı, guya kim etməyib ki? Valideyndir də, övladını belə görməyə dözə bilmir, puluna minnət, yox?!
YOX.
Kapitalizm dövründə havayı pul qazanan adam barmaqla sayılan qədərdir. Əksəriyyətin müəyyən qədər, fərqli formada əziyyət çəkdiyini düşünürəm. Evdə toz-torpağı, ya zibili, adına hər nə deyirsinizsə, süpürüb küncə yığanda təmizlənmir. İllah ki, başını tərpədəndə, aşağı əyiləndə o zir-zirbili görəcəksən. Bir müddətdən sonra o ev yaşanılası vəziyyətdə olmayacaq.
8 min manatlar da xırda tozlardır. Dünən qəbir daşı, bu gün imtahan, sabah nə?!
