Altı il əvvəl yazdığım yazı bu gün təsadüfən qarşıma çıxıb.
Deməli, 2020-ci ilin aprel ayının 19-da “Müstəqil” qəzetlərin birində Şərəf xanım adlı bir xanımın Ramiz Mehdiyevin 82 yaşı ilə bağlı “Kəbəsi Azərbaycan, qibləsi Ulu Öndər ucalığı” adlı bir yazısı dərc olunmuşdu. Və mən də bir gün sonra – 2020-ci ilin aprel ayının 20-də bu postu yazmışdım:
“Təsəvvür edirsinizmi Şərəf xanım Ramiz Mehdiyevi kimlərlə müqayisə etmir? Mirzə Kazım bəylə giriş etdikdən sonra Salari hökmdarı Mərziban İbn Məhəmməd, Moğol hökmdarı Çingiz Xaqan, Fateh Mehmet, Ağqoyunlu Uzun Həsən, Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Hüseyn Bayqara, Alp Arslan və oğlu Məlikşah, Nizamülmülk, Xoca Nəsirəddin Tusi, İsa Məsih, Həllac Mənsuru, Şeyx Cəmaləddin Əfqanini, Tonyu Kuk, Seyid İmadəddin Nəsimi Şirvani, Şah İsmayıl, I Şeyx İbrahim, Şah Təhmasib, Şeyx Mənsur, Mövlana Barik, Şeyx Bədrəddin Bin Şeyx Şəmsəddin, Şeyx Məhəmməd İbn Barik, Atatürk, Rusiyanın türk və müsəlman xalqlarının assimliyasa siyasətinə rəhbərlik edən İlminski və daha kimlərlə.
Amma nədənsə Napoleon yaddan çıxıb. Ən azından Ramiz müəllimin heç olmasa boy baxımından Napoleona bir az oxşarlığı var. Məqalədə adı keçən XX əsr Azərbaycan mütəfəkkirlərini də bura əlavə etsək uzun bir siyahı alınar.
Narahatçılıq doğuran budur ki, hakim ailənin “müqəddəsləri” haqqında difiramba yazmaq üzrə ixtisaslaşmış Şərəf xanım bu qədr həşəmətli bənzətmələri ki, Ramiz Mehdiyev haqqında yazıb, indi bəs Heydər Əliyev və İlham Əliyevi haqqında bir şey yazmaq istəsə onları kimə bənzədəcək? Cəlilli xanım bu məsələdə bir az özünü çətinə salıb.
Deməli Şərəf xanım yazır ki, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası açılanda Ramiz müəllimin cəmi-cümlətanı “ikicə yaşı olub (deyəsən axı 7 yaşı olub). Ayağı təzəcə yer, dili təzəcə söz tutub. Yazmağı, oxumağı, yazılanları yozmağı da qanmayıb.” Vallah, Şərəf xanım siz deyən şeyləri Ramiz müəllim heç 82 yaşında da qanmır və onun nə elmə, nə də Akademiya heç bir aidiyyəti yoxdur. Adından nəşr olunmuş kitabların da çoxusunu nəinki özü yazmayıb, heç insafa gəlib oxumayıb da.”
20 aprel 2020-ci il.
P.S. Biz bu postu yazanda Ramiz Ənvəroviç Akademiyanın prezidenti, Prezidentin yanında Təhlükəsizlik Şurasının üzvü idi. Ən qəribəsi odur ki, indi “Ramiz Mehdiyevin işi” ilə bağlı bu sətirlərin müəllifini artıq 2 dəfə DTX-ya ifadə verməyə çağırıblar və ölkədən çıxışına stop qoyublar.
