Dünən ABŞ Ali məhkəməsi Trampın eqosuna və reytinqinə ağır zərbə vurdu – Trampın ötən ilin aprelindən xarici ölkələrdən idxal olunan məhsullara tətbiq etdiyi tarifləri (gömrük rüsumlarını) qanunsuz elan etdi.
Tramp tarifləri prezident fərmanları ilə tətbiq edirdi. ABŞ Konstitusiyasına görə ticarət tariflərini tətbiq və ləğv etmək səlahiyyəti Konqresin müstəsna səlahiyyətidir. Belə tariflər yalnız ölkədə fövqəladə vəziyyət olduğu şəraitdə prezident fərmanı ilə tətbiq və ləğv edilə bilər. Tramp da əvvəl ABŞ-ın fantastik borclarını bəhanə gətirərək fövqəladə vəziyyət elan etmiş və bundan sonra tariflər tətbiq etmişdi. Ali məhkəmə fövqəladə vəziyyət üçün hüquqi zəmin olmadığını əsas gətirərək, tariflər haqda fərmanları qanunsuz elan etdi.
Trampın 1 illik hakimiyyəti dövründə əldə etdiyi və Konqresə aralıq seçkilərdə “kozırları” kimi istifadə etməyə hazırlaşdığı 2 əsas uğuru var idi:
1️⃣ Tariflərin sayəsində ABŞ-ın xarici ölkələrə öz şərtlərini qəbul etdirməsi və büdcəyə $250 milyarddan artıq vəsait qazanması;
2️⃣ Maduronun oğurlanması.
Əslində, hər 2 “uğur” ABŞ-ın ziyanına (2-ci siyasi, 1-ci iqtisadi və siyasi) işləyirdi, lakin Tramp onları böyük uğurlar kimi təbliğ edə bilirdi. Hətta tariflərdən toplanan pullardan əhaliyə filan qədər paylayacağını də vəd edirdi – bunu, yəqin ki, seçkilər öncəsi etmək istəyirdi.
Birinci “uğur” ABŞ vətəndaşlarının cibinə, ikinci isə – eqosuna təsir edirdi.
Seçki qutusuna yaxınlaşan adam ilk növbədə cibinin tövsiyəsinə qulaq asır. Tərs kimi, Ali məhkəmə də burdan vurdu.
Ali məhkəmə tarifləri qanunsuz elan etməklə onların tətbiqindən əldə olunan ~$175 milyardın da geri qaytarılmasını tələb edib.
Mənim üçün maraqlıdır: bu pullar necə geri qaytarıla bilər? Kimə qaytarılacaq?
Axı tarifin son ödəyicisi ABŞ vətəndaşlarıdır.
Tramp dəli olub – Ali məhkəmə onun xarici ölkələrlə danışıqlarda əsas dəyənəyini əlindən alıb. Dərhal üstünü toz basmış hansısa qanunu tapıb və ona əsasən bütün ölkələrə 10% tarif tətbiq edib. Onun komandası tarif silahını saxlamaq üçün yuxu bilmədən başqa qanunlar və vasitələr də axtarır.
Aydındır ki, demokratlar Ali məhkəmənin qərarını sevinclə qarşıladılar. Tarifləri saxlamaq üçün Tram komandasının bütün cəhdlərinə qarşı da hazırlaşırlar. Bu il Trampın maliyyə və ticarət komandası məhkəmələrdə sürünəcək.
İndi xarici ölkələri təsəvvür edin. Apreldən sonra Tramp tarifi yüksəltmək hədəsi ilə bir çox ölkəyə (S.Ərəbistanı, BƏƏ, Qətər, Yaponiya, C.Koreya, Tayvan, Britaniya, Aİ, Özbəkistan, Qazaxıstan və s.) ABŞ iqtisadiyyatına trilyonlarla dollar investisiya qoymaq vədi almışdı. Ötən ilin sentyabrından məlum idi ki, tariflərin qanuniliyinə Ali məhkəmədə baxılacaq. Fərmanların açıq-aydın qanunsuz olduğu bilindiyindən bütün ölkələr investisiya qərarını gecikdirir, Trampı yağlı vədlərlə yola verirdilər. Məhkəmə ötən ilin dekabrında olmalı idi, nədənsə 2 ay təxirə salındı.
İndi artıq qərar var. Ali məhkəmə tarifləri ləğv edibsə, niyə ABŞ-a investisiya qoymalıdırlar? Onları buna nə məcbur edə bilər?
Trampın kartondan düzəltdiyi qəsrlər uçulur!
Tramp tarifləri bu və ya başqa yolla saxlamağa məhkumdur – qanuni yol tapmasa, qanunsuz yollara əl atacaq. Bu də ölkədə qarşıdurmanı daha da gərginləşdirəcək. Hegemonu ağır günlər gözləyir…
