ABŞ Ali Məhkəməsi prezident Trampın “Fövqəladə beynəlxalq iqtisadi səlahiyyətlər haqqında” (IEEPA) qanun çərçivəsində tətbiq etdiyi gömrük rüsumlarını ləğv edib.
Bu qanun ABŞ-a qarşı qeyri-adi, fövqəladə təhlükələr olacağı təqdirdə, prezidentə fövqəladə vəziyyət elan edərək beynəlxalq ticarəti tənzimləmək səlahiyyəti verir. Ali Məhkəmə müəyyən edib ki, Tramp öz səlahiyyətlərini aşıb.
ABŞ Ali Məhkəməsində 6 mühafizəkar və 3 liberal hakim var. Qərar 6 lehinə, 3 əleyhinə olmaqla qəbul olunub. Sədr Con Roberts də daxil olmaqla, 3 mühafizəkar hakim (ikisi Trampın təqdimatı ilə təyin olunub) qərarın lehinə səs verib.
İndiyə qədər Trampın rüsumları vasitəsilə büdcəyə 134 milyard dollar toplanıb. Məhkəmənin qərarında bu pulun taleyinin necə olacağı barədə heç nə yoxdur. Bu barədə mübahisələrə ticarət məhkəmələrində baxılacaq.
Ağ Evdən bildiriblər ki, prezident bu rüsumları təkrar tətbiq etmək üçün alternativ mexanizmlərə malikdir.
