10 C
Bakı
20 Fevral 2026 14:14
İqtisadiyyatSiyasət

Tramp Azərbaycanın da Qəzzaya pul ayırdığını deyir, Hikmət Hacıyev təkzib edir

ABŞ prezidenti Donald Tramp Qəzzanın bərpası üçün maliyyə ayırdığı deyilən ölkələrin adlarını açıqlayıb.

Fevralın 19-da Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Tramp deyib ki, Azərbaycan da daxil olmaqla bir sıra ölkələr zolağın bərpası üçün 7 milyard ABŞ dollarından çox vəsait ayırıblar. ABŞ isə ayrıca 10 milyard dollar ayırıb.

“Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Özbəkistan və Küveyt hamısı birlikdə 7 milyard dollardan çox pul ayırıb”, – deyən Tramp ölkələrin adlarını önündəki mətndən oxuyub.

Bir müddət sonra Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “X” səhifəsində Azərbaycanın Qəzzanın bərpasına pul ayırdığını inkar edib.

“Gələcəkdə Azərbaycan Qəzzada Sülh Şurası vasitəsilə investisiya layihələrində iştirak etməyi nəzərdən keçirə bilər. Lakin bir məqamı dəqiqləşdirmək istərdim. Azərbaycan bu gün Sülh Şurasının iclasında elan olunan Qəzza ilə bağlı 7 milyard ABŞ dolları həcmində maliyyə təşəbbüsündə iştirak etməyi nəzərdə tutmur”, – o yazıb.

Sülh Şurasının ilk toplantısı fevralın 19-da Vaşinqtonda yerləşən Sülh İnstitutunda baş tutub. ABŞ Dövlət Departamenti bu yaxınlarda instituta Trampın adını verib.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də daxil olmaqla 20-dən çox dövlət başçısı iştirak edib.

Ötən ay Davosda rəsmi mərasimdə təsisi elan olunan Sülh Şurasına Azərbaycan da daxil olmaqla 26 ölkə qurucu üzv kimi qoşulub.

Trampın kürəkəni, iş adamı Cared Kuşner yanvarın 22-də Davosda Qəzza zolağında yenidənqurma üçün baş planı ictimaiyyətə təqdim edib. Onun sözlərinə görə, yenidənqurma üçün 25 milyard dollardan çox vəsait tələb olunacaq.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin başlatdığı və iki il davam edən müharibə nəticəsində Qəzzada yaşayış binalarının 90 faizdən çoxu dağıdılıb və ya zədələnib.

Tramp administrasiyasının vasitəçiliyi ilə Qəzzaya nəzarət edən HƏMAS qruplaşması və İsrail arasında ötən ilin oktyabrında atəşkəs qüvvəyə minsə də, İsrail ordusu atəşkəsi pozmağa davam edib.

Qəzzanın səhiyyə rəsmilərinin açıqlamasına görə, atəşkəs qüvvəyə mindikdən bəri 500-dən çox qəzzalı həlak olub.

Qəzzanın bərpası, eləcə də Sülh Şurasının yaradılması Trampın elan etdiyi 20 maddəlik sülh planında nəzərdə tutulub. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: tacxeber.com

Oxşar xəbərlər

Almaniyalı naziri: “Rusiya Almaniyada sülh və azadlığa təhdid yaradır”

redaktor

AŞPA deputatları Azərbaycan nümayəndə heyyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına çağırıb.

admin

Adnan Əhmədzadə xəyanətinin nəticələri özünü göstərməyə başlayıb

admin