Hökumət taksi xidmətinə çoxsaylı müdaxilələrlə, tənzimləmə qaydaları gətirməklə qiymətləri artırdı – taksi xidməti devalvasiyadan sonra qiyməti ucuzlaşan yeganə sahə idi, çünki, rəqabət vardı.
İndi də online ticarətin üzərinə getmək istəyirlər, xaricdən sifarişlərin artmasından, insanların daha ucuz və keyfiyyətli malları internet üzərindən almağa öydəndiyindən narahatdılar.
Bu gün Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı deyib ki, sitat: “Elektron ticarətin genişlənməsi hüquqpozma sayını artırır”.
Güloğlan müəllim, nədir bu hüquqpozma? Kimin hüquqları pozulur? 21-ci əsrdə yaşayırıq, online sifarişlər, elektron ticarət dövrüdür, indi Siz kimin mənafeyini qoruyursunuz – əhalinin, ya şəhərin mərkəzindəki ənənəvi ticarətlə məşğul olan, əsasən də məmurlara məxsus mağazaların, ticarət mərkəzlərinin?!
Ənənəvi ticarət online ticarətə dünyanın hər yerində uduzur – bu normaldır, belə də olmalıdır. Əhali razı, sifarişlər şəffaf, burada hüquqpozma halları necə olur?! Camaat təzə öyrənib, cibinə qənaət edib əyninə ucuz paltar alır, niyə bunu da çox görmək istəyirsiniz ki?! Müdaxilə və tənzimləməyə əsas yaradırlar, istəyirlər ki, online sifarişlərin də qiyməti qalxsın ki, ənənəvi dükanlar ayaqda qalsın.
Ənənəvi ticarət özü yeni qaydalara keçməli, rəqabətli mühitdə fəaliyyət göstərməyi öyrənməlidir.
Çox güman, iri məmurlar hansısa məclisdə görüşüb söhbət edəndə deyirlər ki, belə olmaz, alverimiz ölüb, mərkəzdə-mərkəzə yaxın yerlərdə obyektlərimiz boşalır, mağazalar bağlanır, nə icarədən qazana bilirik, nə satışdan – gəlin bu online ticarətə qarşı bir tədbirlər görək. Belə olmasaydı, son bir ildə internet üzərindən sifarişlərin çatdırılma və digər xərcləri artmaz, qiymətlər bahalaşmazdı, xaricdən sifarişlərə qiymət (həcm) məhdudiyyətləri qoyulmazdı.
Bu sahədə qiyməti qaldıran nə istehsalçıdır, nə də mal çatdıran – qiymət Azərbaycanda tədbiq edilən tariflərə, sərtləşdirilən tənzimləmə qaydalarına görə qalxır…
