Azərbaycanda elektron pul platforması m10 ətrafında yaranmış vəziyyət getdikcə daha ciddi xarakter alır.Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, artıq məsələ təkcə FinTex sektorunun problemi deyil, milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.
Onun sözlərinə görə, m10 ətrafında baş verənlər böyük maliyyə dövriyyəsini əhatə edir: “Artıq söhbət milyonlarla, hətta bəzi mənbələrə görə milyardlarla manatlıq dövriyyədən gedir”.
Ekspert diqqətə çatdırır ki, bu günlərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında FinTex şirkətlərinin rəhbərləri ilə görüş keçirildiyi barədə məlumat yayılıb. Onun ehtimalına görə, m10 ətrafında baş verənlər həmin görüşdə də müzakirə mövzusu olub. Lakin hələlik Mərkəzi Bank tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Osman Gündüz bildirir ki, elektron pul və FinTex sektorunda problemlər qalmaqdadır. Onun sözlərinə görə, m10 və onun operatoru olan “PashaPay”in kritik informasiya infrastrukturu siyahısına daxil olub-olmadığı ictimaiyyətə məlum deyil, çünki bu siyahı qapalıdır.
“Amma istənilən halda ortada böyük miqyaslı kiber insident var”, – deyə o vurğulayır.
Ekspert qeyd edir ki, məsələ istər Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin, istərsə də Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin perimetrinə daxil olsun və ya olmasın, hadisə kifayət qədər ciddidir və dövlət səviyyəsində yanaşma tələb edir.
Osman Gündüz bank sektorunda kiber fırıldaqlar mövzusunda əvvəllər də xəbərdarlıq etdiyini xatırladaraq bildirir ki, bankların data və İT mərkəzlərində, xüsusilə rəhbər səviyyəsində xarici vətəndaşların olması əlavə risklər yarada bilər.
Onun sözlərinə görə, m10-un “söykəndiyi” Kapital Bankda da bu sahəyə xarici vətəndaş rəhbərlik edir.
Ekspert qanunvericilikdəki ziddiyyətli məqama da diqqət çəkir: “Yeni qanunvericilikdə kritik infrastrukturu audit edən şəxsin mütləq Azərbaycan vətəndaşı olması tələbi var. Amma həmin kritik sistemlərə rəhbərlik edən şəxsin vətəndaşlığı ilə bağlı konkret tələb mövcud deyil”.
Onun fikrincə, bu, paradoksal vəziyyət yaradır: yoxlayan mütləq ölkə vətəndaşı olmalıdır, lakin yoxlanılan sistemə rəhbərlik edən şəxs xarici ola bilər.
AİF prezidenti ümid etdiyini bildirir ki, məsələ bütün aidiyyəti qurumların diqqətindədir və baş verənlər obyektiv şəkildə araşdırılacaq:“Mövzunun artıq yalnız texniki və ya sektor çərçivəsində deyil, maliyyə sabitliyi və milli təhlükəsizlik prizmasından müzakirəyə çıxarılması isə fintex sektorunda tənzimləmə və nəzarət mexanizmlərinin yenidən nəzərdən keçirilməsi zərurətini gündəmə gətirir”.
