Son günlər Mehman və Emin Hüseynov qardaşlarının yaydığı videolar və apardıqları işin nə azad mətbuata dəxli var, nə də asılı mətbuata. Heç 19-cu əsrin bulvar mətbuatında da belə nümunələr olmayıb. Bu, öz yerində. Di gəl, ha istəyirsən, götürüb yazasan ki, belə mövzulara girmək etik deyil, cəmiyyət üçün ziyanlıdır, ümumiyyətlə belə mübarizə olmur, amma yaza bilmirsən. Dərhal hökumətin köhnə əməllərini qoyurlar adamın qabağına ki, bəs hakimiyyət filankəslərə, filankəslərə qarşı niyə bu yollara əl atırdı? Di gəl cavab ver. Məcbur susursan. Susanda da dəyərlərinlə üz-üzə qalırsan.
Qəribə vəziyyətdir, deyirsiniz ki, Əli Kərimli Rusiyanın adamıdır, onu bu absurd ittihamla həbs etmisiz. İndi səhnəyə çıxan adam isə sizi məhz Rusiya metodları ilə vurur, bilmirsiz nə edəsiz. Belə adamları nə qiyabi həbslə susdurmaq mümkündür, nə də başqa yollarla. Bunları ancaq cəmiyyət susdura bilər, o cəmiyyəti də siz özünüz susdurmusunuz. Adım kimi əminəm, Rüfət Səfərov, Sevinc Vaqifqızı azadlıqda olsaydılar, indi bu məsələlərə ən prinsipial mövqe bildirərdilər. Siz meydanı həbs olunacağını bilə-bilə dostunun arxasınca xaricdən Azərbaycana gələn Sevinc Vaqifqızının əlindən alıb vermisiniz Mehmanlara. Sonra da pula görə dostlarını satan adamlara deyirsiz ki, bizi müdafiə edin.
Bəs bu tozanaqdan kim nə qazanır? Heç kim. Hərə bir cür itirir. Hakimiyyət bir cür itirir, cəmiyyət başqa cür. Demək, heç bir dəyərə hörmət etməyən bir adam çıxır ortaya və hər yeri çirkaba batırır, bütün dəyərləri gözdən salır, söyüşü ilə evlərə soxulur, əxlaqlara və beyinlərə təcavüz edir, necə ki, bunu vaxtilə Lider TV edirdi. Ancaq nə siz onu susdura bilirsiz, nə də cəmiyyət. Çünki siz cəmiyyətdə ancaq çirkab su gələn krantlarını açıq qoyub, təmiz su gələn bulaqları isə bağlı saxlamısınız.
Viktor Hüqonun “Səfillər”ində maraqlı bir dialoq var. Keşiş can verməkdə olan konvent üzvünə deyir ki, siz düz eləmədiniz, Kral Lüdovikin qadın və uşaqlarına amansız davrandınız. Axı İsa deyib ki, qadınlara və uşaqlara qarşı mərhəmətli olun.
Respublika tərəfdarı olan konventçi isə deyir, bəli, İsa buyurub ki, qadınlara və uşaqlara qarşı mərhəmətli davranın, amma deməyib ki, kralın qadın və uşaqlarına qarşı mərhəmətli olun.
Bax belə. Könül istər ki, elə bu andan bütün uşaqlar, qadınlar, günahsız insanlar toxunulmaz olsun. Biz də toxunanda əlimizi, toxunmayanda vicdanımızı murdarlayan bu cür məsələlərə bir daha qarışmayaq.
