ABŞ prezidenti Donald Tramp Ukraynanı tezliklə danışıqlar masasına əyləşməyə çağırıb. O, “Air Force One” təyyarəsində jurnalistlərə Cenevrədə üçtərəfli danışıqlardan gözləntiləri haqda danışıb.
“Vacib danışıqlardır. Hər şey çox sadə olacaq. Qulaq asın, hələlik, Ukrayna üçün ən yaxşısı danışıqlar masasına tez əyləşməkdir. Sizə ancaq bunu söyləyə bilərəm. Elə bir mövqedəyik ki, onların danışıqlar masasına əyləşməsini istəyirik”, – Tramp vurğulayıb.
Fevralın 17-18-də Cenevrədə ABŞ-İran danışıqlarından sonra ABŞ, Ukrayna və Rusiya danışıqları keçiriləcək. ABŞ-dən danışıqlarda Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak edəcəklər. Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, prezident administrasiyasının rəhbəri Kirill Budanov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andriy Qnatov, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitsa, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəisinin müavini Vadim Skibitski və Ali Radada “Xalqın Xidmətçisi” fraksiyasının sədri David Araxamiya təmsil edəcək.
Rusiyadan prezidentin köməkçisi Vladimir Medinski, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov, xarici işlər nazirinin müavini Mixail Qaluzin olacaqlar. Kremlin məlumatına görə, Putinin xüsusi təmsilçisi Kirill Dmitriyev “ayrı istiqamət üzrə işləyəcək”.
Ukrayna prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında deyib ki, ABŞ sülhə nail olmaq üçün Ukraynanın güzəştlər etməli olduğunu həddindən artıq tez-tez deyir, amma Rusiyanın hansı güzəştlərə gedə biləcəyindən danışmır. Zelenski Tramp administrasiyasından müharibənin daha tez bitməsi üçün müəyyən təzyiq hiss etdiyini deyib. O əlavə edib ki, Ukrayna sülhə mümkün qədər tez nail olmaq istəyir, ancaq bu sülh “ləyaqətli” olmalıdır. (AzadlıqRadiosu)
