Ötən il yanvarın 22-də avtomobillə vurulması ilə həyatını itirən gənc müəllimə Pirizadə Günay Əli qızının ölümündə təqsirləndirilən Şükür Məhərrəmova bu gün də hökm oxunmayıb.
Tacxeber.commərhumun atasıƏli Məmmədrzayevə istinadla xəbər verir ki, Nizami Rayon Məhkəməsinin hakimiNəriman Mehdiyevcinayətdə təqisrləndirilən şəxsin hazırda 3 saylı Klinik Xəstəxanada müalicə olunduğu, bu səbəbdən prosesin qeyri-müəyyən müddətə təxirə salındığını bildirib.
Xatırladaq ki, fevralın 11-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı Ş.Məhərrəmova 5 il 9 ay müddətində həbs cəzası verilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Zərərçəkən isə hakimdən ona ittiham olunduğu maddə üzrə ən ağır cəza verilməsini tələb edib. Təqsirləndirilənin özü və vəkilləri isə bəraət istəyiblər.
Maraqlı məqamlardan biri odur ki, hakim Nəriman Mehdiyev heç bir əsas gətirmədən hökmün oxunmasını həmin günün sabahına təxirə salıb. 12 fevrala təyin olunmuş məhkəmə iclasına isə Şükür Məhərrəmov gəlməyib. Onun vəkilləri bildiriblər ki, o, səhhəti ilə bağlı 3 saylı Klinik Xəstəxanaya müraciət edib. Hakim isə deyib ki, fevralın 17-nə qədər vaxt verir, təqsirləndirilən məhkəməyə gəlməzsə, barəsində axtarış qərarı verəcək.
Amma bu gün N.Mehdiyevin mövqeyi izaholunmaz səviyyədə “yumşalıb” və o hökmün oxunmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Hakimin bu qərarı zərərçəkən Əli Məmmədrzayevin kəskin narazılığına səbəb olub. O, bildirib ki, prosesin qəsdən uzadılmasına şübhə etmir: “Şükür Məhərrəmov məhkəmədə “turp kimi” idi, indi necə oldu, birdən-birə xəstələndi? Hakim axı onun necə sağlam olduğunu öz gözləri ilə görüb. Hansı səbəbdən hökmün oxunmasını təxirə saldı, indi isə onun saxta “xəstəlik” oyunu üzrə hərəkət edir? Bu anlaşılmazdır. Axı o prosesdə dönə-dönə demişdi ki, hər şey ədalətli olacaq. Ədalət budurmu, niyə bu adamı məsuliyyətdən yayındırmağa cəhdlər edilir?”
Ə.Məmmədrzayev saytımız vasitəsi ilə Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib:
“Hörmətli İnam müəllim! Sizdən çox xahiş edirəm, mənim övladımın ölümü üzərində oynanılan çirkin oyunların dayandırılmasını, təqsirləndirilən Şükür Məhərrəmovun ədalət məhkəməsi qarşısında cavab verməsini, törətdiyi əmələ görə cəzalandırılmasını təmin edəsiniz. Sizdən əsas xahişim həm də odur ki, Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin bu işdə tutduğu mövqeyi, aldığı qərarların araşdırılmasını, ədalət mühakiməsinin nə qədər uyğun gəldiyini sorğulayasız. Mən ata kimi hesab edirəm ki, Şükür Məhərrəmovun cinayət məsuliyyətindən yayındırılmasına, yüngül cəza verilərək azadlıqda qalmasına cəhdlər edilir. Bu, ədalətə, hüquqa, Azərbaycanın məhkəmə-hüquq sisteminə həqarətdir. Sizin ədaləti təmin edəcəyinizə ümidim böyükdür!”
Xatırladaq ki, Ş.Məhərrəmov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) ilə ittiham olunur. Bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Onu da qeyd edək ki, hakim Nəriman Mehdiyev hazırda dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq həbs edilən AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur. (Azpolitika)


