Fitrə zəkatının məbləğini konkret pul və rəqəmlə, xüsusən də hələ Ramazan ayı başlamamış elan etmək tamamilə savadsızlıq və İslam hüququna ziddir.
Fitrəni 10-15 manat şəklində elan etmək dinə dindar baxışı yox, tacir baxışdır. Rəssam gördüklərinə rəsm gözü ilə, mühəndis həndəsə gözü ilə, həkim tibb gözü ilə baxırsa, tacir də gördüyünü o saat beynində pula çevirir, pul gözüylə baxır. Dini hökmlərə də tacir gözü ilə yox, Quran gözü və məntiqi ilə baxmaq lazımdır.
Bəlkə 10 gündən sonra elə bir bahalıq olacaq ki, çörəyin kiloqramı 10 manata satılacaq? Yaxud Ramazanın ortasında elə bir ucuzluq ola bilər ki, çörək 5 qəpik olar. Hə onda nə edəcəklər? Fətvadan udul edib (üsuli fiqhdə müctəhidin fətvasını dəyişməsi) geri oxuyacaqlar? Bahalıq olsa fitrə zəkatını 30-40 manatla, ucuzluq olsa 3-5 manatla əvəz edəcəklər? Dini belə təhrif etmək olmaz. Fitrə zəkatı Ramazan ayının sonunda müəyyən olunur. Həmçinin konkret rəqəm, pul məbləği qeyd etmək olmaz. Hamının durumu standart deyil. Biri günə 100 min qazanır, digəri 5 manatı güclə tapır. Necə bunların hər ikisinə də eyni rəqəmdə fitrə zəkatı elan edirsiniz? Bu alver deyil. Bu həcc səfərinin qiyməti deyil ki, hamı üçün standart 10 min manat olsun.
Fitrə zəkatı hər kəsin öz yediyinin dəyərində olmalıdır. Qara kürü yeyən, yüksək imkana sahib olanlar kasıba aparıb arpa və ya buğda yaxud onun məbləğini verməlidir? Xeyr. Təbii ki, o daha yüksək miqdar və məbləğdə fitrə verməlidir. Bəşəri məntiqlə bəlkə bunu izah edə bilərlər. Amma dini hökmlər bəşəri deyil, ilahi meyar və məntiqə əsaslanır. Bəşəri məntiqlə olsaydı daha Quran niyə nazil olurdu? Elə Peyğəmbər özü də savadlı adam idi, öz məntiqi ilə qayda-qanun yaradardı. Demək bəşər məntiqi ilə ilahi məntiq eyni deyil. Əgər eyni olsaydı Həzrət Əli dediyi kimi, dəstəmaz alanda məsh ayağın üstünə deyil, altına çəkilərdi, çünki ayağın altı üstünə nisbətən daha çirkli olur…
Hər şeyə konkret qiymət qoymaq, məbləğ müəyyən etmək, pul, ticarət dili ilə danışmaq dinə xas deyil. Din sənət, peşə, alver, ticarət vasitəsi deyil. Rəqəm konkretlik təyin edir. Fitrə zəkatı isə sosial duruma, zaman və məkana, hər kəsin vəziyyətinə görə dəyişə bilir. İbadəti, mənəvi dəyəri rəqəmlə, alver qaydaları ilə tənzimləmək nə Qurana, nə də İslam hüququna uyğundur.
