ABŞ Hörmüz boğazında öz təyyarədaşıyan gəmisini göndərəndə iddia etmişdim ki, bu gərginliyin əsas məqsədi Çinin enerji təchizatını dayandırmaqdır. Mənim fikrimcə, Hörmüz boğazında lövbər salan “Abraham Linkoln” təyyarə gəmisi Fars körfəzindən Çinə neft daşıyan tankerlərin qarşısını kəsəcək və bununla da İranı ram etməyə çalışacaq.
Bəzi İranpərəst adamlar mənim paylaşımımın altına ağzına gələni yazıb mənim iddialarımı çürütməyə çalışırdı.
Üzərindən həftələr keçib. ABŞ-ın media qurumları artıq bu barədə açıq danışmağa başlayıblar.
“Axios” veb saytının məlumatına görə, ABŞ prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə İranın Çinə neft ixracınının dayandırılması və ya azaldılması barədə razılığa gəliblər.
“Axios”a danışan ABŞ rəsmisi deyib: “Biz razılaşdıq ki, Çinə neft satışı ilə bağlı İrana maksimum təzyiq göstərmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edim ki, Çin İran xam neftinin ən böyük alıcısıdır və İranın ümumi dəniz neft ixracının 80%-dən çoxunu idxal edir. 2025-ci il məlumatlarına əsasən, Çin İrandan gündə təxminən 1,38 milyon bareldən 1,48 milyon barelə qədər neft alır ki, bu da Çinin ümumi dəniz neft idxalının təxminən 13-14%-ni təşkil edir.
Bəs İranla ABŞ anlaşarsa bu ölkədən Çinə ixrac olunan gündəlik 1.3 milyon barel nefti hansı bazara yönləndirəcək?
Yazılarımda bu suala da aydınlıq gətirmişdim. Bildirmişdim ki, Çinin ən yaxşı alternativi Hindistan ola bilər. Zira keçən aya qədər Hindistan Rusiyadan 1.8 milyon barel neft alırdı. ABŞ-ın təzyiqi ilə Hindistan Rusiyadan neft alışını dayandırmağa qərar vermişdi. Hindistanın neft naziri Hardip Sinqh Puri yanvar ayının sonlarında “Bloomberg” agentliyinə verdiyi açıqlamasında bildirmişdi ki, ölkəsi Rusiyadan gündəlik idxalatını 1,8 milyon bareldən 1,3 milyon barelə qədər azalıb və daha da azalacaq: “Bu, yeni təchizat mənbələrinin yaranması ilə bağlıdır. Hindistan əvvəllər 27 ölkədən neft alırdısa, indi onların sayı 41-ə çatıb”.
Düşünə bilirsinizmi? Çin hazırda Rusiyadan bir gündə 1.3 milyon barel neft alır. ABŞ-ın tələbilə o, artıq həmin neft almamalıdır. İran da eyni zamanda hər gün Çinə 1.3 və ya 1.4 milyon barel neft satır. O da yenə ABŞ-ın tələbilə Çinlə ticarətə son qoymalıdır. O halda İranın yeni neft bazarı niyə Hindistan olmasın? Bazarlıq üçün münbit şərait varsa, öz “müttəfiqlərini” hər an satmağa amədə olan İran üçün ABŞ-ın savaş təyyarələri bombardmanı altında darmadağın olmağı seçərmi?
Şəxsən mən İranın strateji ağlını bu qədər itirdiyinə inanmıram.
Növbəti sual ortaya çıxır: deyək ki, ABŞ İranı ram edərək Çini çökdürmək hədəfini reallaşdırdı. Bəs ABŞ-ın 1 nömrəli müttəfiqi İsrail necə, sadəcə Vaşinqtonun maraqlarının təmin olunması ilə kifayətlənəcəkmi?
Əlbəttə, yox. Görünür, məhz İsraili razı salmaqdan ötrü Tramp İranda rejim dəyişikliyini başlıca hədəfi olaraq seçib. Təbii ki, bu variantla da İrandakı SEPAH qüvvələri razılaşmayacaq. Bu variantda ABŞ-ın qarşısında tək yol qalır: SEPAH-ı içdən parçalamaq. İran şahzadəsi Rza Pəhləvi də görünür bu məqsədlə ortaya atılıb. Çünki İrandakı fars şovinizmi ilə şiə ideologiyasının heterozigotik törəməsi olan SEPAH-ı yalnız Rza Pəhləvi kimi fars millətçiləri parçalaya bilər. “Vəliəhd” yəqin ki, bu səbəbdən bir müddət əvvəl İran Silahlı Qüvvələrinə müraciət edərək demişdi: “Çöküşü qaçılmaz olan rejim naminə İran xalqına qarşı çıxmayın. Çürüyən bir rejim üçün özünüzü qurban verməyin. Millətin yanında olmaqla həyatınızı xilas edə bilərsiniz”.
