Aleksey Navalnı cəza koloniyasında epibatidin zəhəri ilə öldürülüb. Bunu Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland təsdiqləyib.
Bir-birindən asılı olmayan bir neçə laboratoriya Navalnının ailəsi tərəfindən ölümündən sonra ölkədən çıxarılan biomaterial nümunələrini təhlil edib və Cənubi Amerika ağac qurbağasının dərisindən əldə edilən, son dərəcə zəhərli neyrotoksin olan epibatidin aşkar edib. Epibatidin bütün bədəndə keyimə yaradır, bu isə sürətlə tam iflicə və tənəffüsün dayanmasına gətirib çıxara bilər.
Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropanın beş ölkəsi birgə bəyanatla çıxış edərək, Aleksey Navalnının həbsdə ölümünün zəhərlənmə nəticəsində baş verdiyini bildirib. Bəyanat Böyük Britaniya hökumətinin rəsmi saytında dərc olunub.
“Rusiya Navalnının təbii səbəblərdən öldüyünü iddia edirdi. Lakin epibatidinin toksikliyi və bildirilən simptomlar nəzərə alınarsa, ölümün ən ehtimal olunan səbəbi zəhərlənmədir. Navalnı həbsdə olarkən vəfat edib və bu o deməkdir ki, Rusiyanın ona qarşı bu zəhəri tətbiq etmək üçün vasitəsi, motivi və imkanı var idi.
Aydındır ki, Rusiya dəfələrlə beynəlxalq hüququ və Kimyəvi Silahlar Konvensiyasını pozub.
2020-ci ilin avqustunda Böyük Britaniya, İsveç, Fransa, Almaniya, Niderland və onların tərəfdaşları Rusiyanın Aleksey Navalnını zəhərləmək üçün “Noviçok”dan istifadə etməsini pisləmişdilər. Bu, Rusiyanın 2018-ci ildə Solsberidə “Noviçok” tətbiq etməsindən sonra baş vermişdi; həmin hadisə britaniyalı Don Stercesin faciəvi ölümünə səbəb olmuşdu.
Hər iki halda hücumları həyata keçirmək üçün lazım olan vasitələrə, motivə və beynəlxalq hüquqa məhəl qoymamağa yalnız Rusiya dövləti malik idi”, – bəyanatda deyilir.
Beş ölkənin hökumətlərinin fikrincə, əldə olunan məlumatlar Rusiyanın Kimyəvi Silahlar Konvensiyasını və Bioloji və Toksin Silahları Konvensiyasını dəfələrlə pozduğuna görə məsuliyyətə cəlb edilməsinin zəruriliyini bir daha vurğulayır.
“Mən ilk gündən əmin idim ki, ərim zəhərlənib, lakin indi bunun sübutu var: Putin Alekseyi kimyəvi silahla öldürüb. İki il ərzində apardıqları titiz iş və həqiqətin üzə çıxarılmasına görə Avropa dövlətlərinə minnətdaram. Vladimir Putin qatildir. O, bütün cinayətlərinə görə cavab verməlidir”, – Yuliya Navalnaya X sosial şəbəkəsində yazıb.
Aleksey Navalnı 16 fevral 2024-cü ildə Harp qəsəbəsində yerləşən “Qütb canavarı” koloniyasında vəfat edib. Federal Penitensiar Xidmətin məlumatına görə, o, gəzintidən sonra özünü pis hiss edib və demək olar ki, dərhal huşunu itirib, reanimasiya tədbirləri isə nəticə verməyib. Navalnının cəsədi istintaq orqanları tərəfindən anasına yalnız 24 fevralda təhvil verilib. Siyasətçi 1 martda Moskvadakı Borisov qəbiristanlığında dəfn olunub.(Azadlıq qəzeti)
