DünyaSiyasət

ABŞ Dövlət katibi Rubio xəbərdarlığı şirin dillə çatdırdı, Avropa rahat nəfəs aldı

ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransındakı çıxışı ilə iki işi birdən bacardı: həm narahat müttəfiqləri sakitləşdirdi, həm də dəyişiklikliyə sərt çağırış etdi.

Rubionun çıxışından sonra zaldakıların çoxunun yüngülləşməsi aşkar görünürmüş.

“Hətta kiminsə dərindən nəfəs aldığını eşitmək olardı. Dediyi mahiyyətcə sərtdir. Tonu isə… Hər şeyin rolu var”, – Avropadan aparıcı bir diplomat AzadlıqRadiosuna deyib.

Bütün bunlar prezident Donald Tramp dövründə Vaşinqtonun kursu sarıdan qeyri-müəyyənlik fonunda müşahidə olunur. Üstəlik, ötən il vitse-prezident Cey Di Vensin konfransdakı sərt çıxışı yaddaşlardan silinməyib.

“Avropanın uşağı”

Rubio çıxışında Amerikanın Avropaya bağlılığını dəfələrlə vurğulayıb, “biz həmişə Avropanın övladı olacağıq” deyib.

Diplomat fikir ayrılıqlarını məzəmmət deyil, narahatlıq kimi dilə gətirib. “ABŞ hərdənbir birbaşa və təcili mesaj verirsə, bu ona görədir ki, sizin və öz gələcəyimizin qayğısına qalırıq”, – Rubio deyib.

AzadlıqRadiosunun Vaşinqtonda aparıcı müxbiri Aleks Raufoğlu yazır ki, Rubionun yanaşması təsirini göstərib. Onun çıxışı sürəkli alqışlarla qarşılanıb, bəzi iştirakçılar bunun bir il öncə Vensə münasibətdən kəskin fərqləndiyini deyirlər.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen sonradan deyib ki, dövlət katibi çıxışı ilə onu xeyli sakitləşdirib: “Onu tanıyırıq. Yaxşı dostdur, güclü müttəfiqdir. Bilirik ki, administrasiyada bəzilərinin bu məsələlərdə mövqeyi daha sərtdir”.

“Təhlükəli yanılma”

Di gəl, Rubio hərarətli dili ilə sərt tənqid də səsləndirib. O, konfransın təsis olunduğu 1963-cü ilə, Soyuq müharibənin pik dövrünə ekskurs edərək deyib ki, onda “min illərlə yaşı olan Qərb sivilizasiyası tükdən asılı idi”. Qərb qalib gəldi, amma zəfərindən yanlış dərs çıxardı.

“Bu zəfərin eyforiyası bizi təhlükəli yanılmaya sürüklədi”, – deyən Rubio sənayesizləşmə, suverenliyin beynəlxalq institutlara ötürülməsini, “ictimai birliyi təhdid edən misli görünməmiş” kütləvi miqrasiya dalğasını tənqid edib. Dövlət katibi bütün bunları yalnız Avropanın uğursuzluqları deyil, Qərbin ortaq səhvləri kimi göstərməyə çalışıb.

“Bu səhvləri birlikdə etdik. İndi də birlikdə xalqlarımıza borcluyuq ki, bu faktlarla üzləşək, irəli gedək”, – o əlavə edib.

Rubio miqrasiya məsələsində sərhədə nəzarətin ksenofobik olması fikrini rədd edib. Onun sözlərinə görə, milli sərhədlərin qorunması “fundamental milli suverenlik aktıdır”.

Dövlət katibi Vaşinqtonun alyansları zəiflətməyi deyil, “köhnə” dostluğu dirçəltmək istədiyini bildirib. O, həmçinin BMT daxil, beynəlxalq institutları dağıtmağa yox, islahatlara çağırış edib. Rubionun sözlərinə görə, BMT-nin nəhəng potensialı var, amma Ukrayna və Qəzza kimi münaqişələri həll edə bilməyib.

“Mükəmməl dünyada diplomatlar və qətnamələr kifayət edərdi. Amma biz mükəmməl dünyada yaşamırıq”, – o deyib.

Ukrayna, Çin

Ukrayna münaqişəsi ilə bağlı Rubio bildirib ki, Vaşinqton Moskvanın danışıqlara ciddi yanaşıb-yanaşmamasını sınağa çəkir, eyni zamanda sanksiyaları saxlayır, Kiyevə hərbi dəstək göstərir. Rusiya sülhdə maraqlıdırmı? Çıxışından sonrakı sual-cavab sessiyasında Rubio bu suala ehtiyatla cavab verib: “Deyirlər ki, maraqlıdırlar”. Onun sözlərinə görə, ABŞ hər iki tərəf üçün məqbul şərtləri yoxlayır.

Çinə gəlincə, dövlət katibi ABŞ və Çinin maraqlarının çox vaxt üst-üstə düşməyəcəyini söyləyib, amma qeyd edib ki, fikir ayrılıqlarını yoluna qoymaq, münaqişədən qaçmaq lazımdır.

Dövlət katibinin suverenlik, sərhədlər, sənaye, islahat barədə dedikləri Trampın uzun müddətdir verdiyi siyasi mesajlardır.

Amma onları ortaq irs, qarşılıqlı fədakarlıq kimi təqdim etməklə Rubio ABŞ-nin əvvəlki mövqeyindən xeyli fərqlənib.

“Mahiyyətcə yumşaq danışmadı, təqdimatı yumşaq idi. Bu isə onu dinləməyi asanlaşdırır”, – Aİ-nin yüksək vəzifəli rəsmisi deyib.

A.Raufoğlu yazır ki, azından indilik Vaşinqtonun müttəfiqləri arxayın görünürlər, yəni, qaba danışıq heç də əlaqələrin pozulması demək deyilmiş.(Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

Çexiyalı general Zelenskiyə xəbərdarlıq etdi

redaktor

Son altı ilin ən güclü maqnit qasırğası olacaq

redaktor

İki span klubu ÇL-də mübarizəni dayandırdı

admin