Balıq, toyuq, ət. Rusiyanın mərkəzindəki Ufa şəhərində bunların hamısı bahadır. 63 yaşlı təqaüdçü Vera da halından heç məmnun deyil.
“Ucuzlaşan bir şey yoxdur. Hər şey hər gün bahalaşır”, – o, AzadlıqRadiosunun tatar-başqırd xidmətinə deyib. Danışır ki, ayda 25 min rubl (323 dollar) məbləğində pensiyası ona yetmir, dolanmaq üçün yarımştat işə düzəlib.
“Xiyarın kilosu 300-400 rubldur. Əvvəl daha ucuz idi”, – qadın əlavə edir.
“Rosstat” dövlət statistika agentliyi də eyni şeyi deyir, bu ilin ilk iki ayında qiymətlər 2.1 faiz artıb.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı müxbiri Mayk Ekel yazır ki, Ukraynadakı təcavüzkar müharibə beşinci ilə qədəm qoyduğu bir vaxtda, Kreml ölkədə başqa bir inadkar düşmənlə savaşır: istehlakçı qiymətləri qalxır, orta rusiyalılar arasında bədbəxtlik hissi də həmçinin.
Müharibənin dörd ili rusiyalıların çoxu üçün yaxşı keçib. Qərbin sanksiyalarına baxmayaraq, bir çox ekspertlərin proqnozlarının əksinə, iqtisadiyyat daha yaxşı durumda olub.
Hökumət müharibəni doyuzdurmaq üçün orduya, hərbi-sənaye kompleksinə pullar axıdıb. Döyüşə könüllü getmək qarşılığında böyük ödənişlər, imtiyazlar Rusiyanın xüsusilə yoxsul regionlarını dəyişdirib, həlak olanların ailələri, müharibədən sağ çıxanlar dövlətin səxavətindən fayda götürüb.
Zavod işçiləri artilleriya mərmiləri yığmağa, taktiki jiletlər tikməyə başladılar. Bütün bunlar isə öz növbəsində inflyasiyanı yüksəldib, 2024-cü ildə 10 faizə çatıb. Rusiya mərkəzi bankı inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini artırıb.
İqtisadçı Dmitri Belousov iqtisadiyyatın durğunluq vəziyyətində olduğunu deyir.
“Gözlənilməz maliyyə fəlakəti baş verməsə, iqtisadiyyat çökənə oxşamır. Amma pisləşməyə davam edəcək, Putin rejiminin manevr imkanı isə sürətlə daralır”, – keçmiş bankir, maliyyə jurnalisti Aleksandr Kolyandr söyləyir.
Avokado qiymətinə xiyar
Aylardır siyasətçilər, iqtisadçılar xəbərdarlıq edirlər ki, bayram iqtisadiyyatının yaratdığı şənlik başa çatıb. Dövlət bankının başçısı German Qref staqnasiya xəbərdarlığı edib, yəni yavaş iqtisadi artım yüksək işsizlik və yüksək inflyasiya ilə müşayiət olunur.
Putinin razılığı ilə mərkəzi bank sədri Elvira Nabiullina faiz dərəcələrini qaldırmaqla inflyasiyanı cilovlamağa çalışıb. “Rosstat”ın ötən həftə açıqladığı rəqəmlərə görə, bunun nəticəsi olub, qiymət artımı ötən il 5.6 faizə düşüb.
“Rosstat”ın proqnozuna görə, iqtisadiyyat bu il 1.1 faiz artacaq, iki il qabaq bu göstərici 4.9 faiz idi.
Biznes liderləri isə böyük borc altında qalmalarından gileylənirlər.
Hökumət əlavə dəyər vergisini iki faiz artırmaqla qiymətlərə təzyiqi daha da artırıb.
“Xiyar avokado qiymətinədir”, – “Moskovski Komsomolets” tabloydu yazır. Yanvarın 1-dən xiyar 43 faiz, pomidor 21 faiz bahalanıb.
M.Ekel qeyd edir ki, iqtisadi qeyri-müəyyənlik getdikcə daha çox rusiyalını iqtisadi baxımdan narahat edir. Bunu rəy sorğuları göstərir.
“Nezavisimaya Gazeta” bu ayın əvvəlində yazırdı ki, təhsilli rusiyalılar arasında “qiymətlərin qalxması və əhalinin yoxsullaşması əsas problemdir”.
Neft-qaz gəlirləri də azalır
Digər yandan neft və qaz gəlirləri də azalır. Kreml müharibənin qiymətini ödəməkdə əsasən buna belə bağlayırdı.
ABŞ və Aİ-nin yeni sanksiyaları isə Moskvanın iki əsas alıcısı olan Çin və Hindistana karbohidrogen ixracını da məhdudlaşdırıb. 2025-ci ilin yanvarında 14.5 milyard dollarlıq gəlir ötən ay 5.1 milyard dollara düşüb.
“Bunun güclü təsiri olacaq, çünki Rusiya büdcəsi kiçik hökumət xərclərindən və müharibəyə gedən böyük xərclərdən ibarət deyil. Bütöv iqtisadiyyatın əsas gəlir mənbəyi budur. Rusiya iqtisadiyyatı xeyli dərəcədə hökumət satınalmalarından asılıdır”, – hazırda xaricdə yaşayan rusiyalı iqtisadçı İqor Lipsits “Current Time”a deyib.
Bəzi ekspertlər hazırda bank sektorunun da böhran içində olduğunu deyirlər, çünki bizneslər borclarını ödəyə bilmirlər.
“Bu maliyyə böhranı nəticəsində xeyli sayda dövlət sektoru işçisi maaşlarını mütəmadi ala bilməyəcək, sonra bu, pensiyalara keçəcək”, – bunu Lipsits deyir.
Rusiyanın yaşlanan əhalisi üçün pensiyalar Kremlin siyasətində ən həssas mövzulardan biridir. Pensiya yaşının artırılması və milli pensiya sistemində digər islahatlar 2018-ci ildə ölkə miqyasında etirazlara səbəb olmuşdu.
“Rosstat”ın yeni rəqəmləri pensiyaların orta əməkhaqqının 24 faizindən də aşağı düşdüyünü göstərir. Bu isə hökumətin hədəf səviyyəsindən xeyli aşağıdır. (AzadlıqRadiosu)
