Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumat faktiki olaraq bir siyasi mərhələnin rəsmi şəkildə bağlanması deməkdir. Ramiz Mehdiyev uzun illər Azərbaycan siyasi sisteminin ən təsirli fiqurlarından biri olub. İndi isə o, ən ağır maddələrlə – dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi – ittiham olunur. Yəni burada əsas məsələ bir nəfərin taleyi deyil. Əsas məsələ onun ətrafında formalaşmış şəbəkədir. Bu şəbəkəyə zərbə hakimiyyət daxilində balansın dəyişməsi deməkdir.
Bu, sadəcə hüquqi proses deyil. Bu, siyasi elitanı parçalayıb yenidən qurmaq anlamına gəlir.
1. “Sistem içindən sistemə” zərbə
Ramiz Mehdiyev uzun illər hakimiyyət arxitekturasının ideoloji və inzibati sütunlarından biri idi. Bir müddət müddət Azərbaycanın faktiki prezidenti o olub. Belə fiqurun rəsmi şəkildə kriminal kontekstə salınması iki şeyi göstərir: ya sistem daxilində ciddi qopma baş verib, ya da yeni mərhələdə köhnə mərkəzlər tam neytrallaşdırılır. Bu tip qərarlar adətən yalnız siyasi iradə tam konsolidasiya olunanda atılır.
2. Ətraf şəbəkə faktoru
Əsas məsələ burada başlayır. Ramiz Mehdiyev kimi fiqurlar tək olmur. Onların ətrafında inzibati şəbəkə, maliyyə çevrələri, biznes strukturları, media və qeyri-rəsmi təsir kanalları formalaşır.
Bu çevrələrin bir hissəsi sistemə inteqrasiya oluna bilər. Bir hissəsi isə passiv müqavimət və ya gizli informasiya müharibəsi yolunu seçə bilər. Tarix göstərir ki, belə keçid mərhələlərində kompromat müharibələri, sızmalar, xaricdən maliyyələşən media hücumları, reputasiya zərbələri artır. Bu, yeni bir daxili informasiya mərhələsinin başlanğıcı ola bilər.
3. Pul və xarici faktor ssenarisi
Ramiz Mehdiyevə yaxın elit qruplarının maliyyə resursları 10 milyard dollarlarla ölçülür. Əgər bu resurslar siyasi mübarizəyə yönəlsə, onda xaricdə fəaliyyət göstərən media platformaları, bloqer şəbəkələri, kompromat axını, video və sənəd sızmaları artacaq. “Kompramat siyasəti” aktiv olacaq.
Amma burada mühüm sual var: Bu, real güc balansını dəyişəcəkmi, yoxsa sadəcə informasiya səs-küyü yaradacaq?
4. Hakimiyyətin perspektivi
İlham Əliyevin Ramiz Mehdiyevi rəsmi ittiham çərçivəsinə salması göstərir ki: sistem daxili təmizləmə mərhələsi davam edir, köhnə mərkəzlər bağlanır, qərar mərkəzi daha da mərkəzləşir.
Belə vəziyyətdə iki ssenari mümkündür:
A ssenarisi: Şəbəkə tam dağıdılır, müqavimət potensialı zəifləyir.
B ssenarisi: İnformasiya və reputasiya müharibəsi mərhələsi başlayır.
5. Risk haradadır?
Ən böyük risk odur ki, siyasi mübarizə açıq institutlar səviyyəsində yox, gizli informasiya kanalları səviyyəsində getsin. O zaman cəmiyyət qarışıq siqnallar alır, kompromatla siyasət qarışır. Bu isə uzunmüddətli sabitlik üçün risklidir.
Bu mərhələ sistem daxili güc balansının yenidən qurulması kimi qəbul olunmalıdır. Əgər proses informasiya müharibəsinə çevrilərsə, növbəti mərhələ daha sərt olacaq.
Amma bir şey aydındır. Bu hadisə adi cinayət işi deyil. Bu, siyasi mərhələ dəyişikliyidir. Bəli, Ramiz Mehdiyev kimi uzun illər sistemin mərkəzində olmuş fiqurun kriminal kontekstə salınması sadəcə hüquqi hadisə deyil. Bu, elita daxilində balansın dəyişməsi deməkdir. Bəs hakim elitanın parçalanması siyasi böhrana çevrilərmi? Bu, ən riskli variantdır. Əgər sistem daxilində başqa mərkəzlər də narazıdırsa, maliyyə gücü olan qruplar birləşərsə, xarici faktorlar aktivləşərsə (Rusiya və İran), onda elita daxili konflikt açıq siyasi gərginliyə keçə bilər. Bu ssenari ölkə üçün ən bahalı ssenaridir.
Əsas risk nədir? Elitanın parçalanması iki istiqamətdə təhlükəlidir: 1. Hakimiyyət daxilində inamın azalması. 2. Cəmiyyətin informasiya xaosuna sürüklənməsi. Azərbaycan kontekstində real ehtimal hansıdır? Azərbaycan sistemi yüksək mərkəzləşmiş qərar modeli üzərində qurulub. Bu tip sistemlərdə elitanın üsyanı nadir hallarda olur, amma informasiya savaşı daha realdır…
