2 C
Bakı
12 Fevral 2026 11:41
DünyaSiyasət

Alman Dalğası: “Kərimlinin qızı: Bakıda cəzasızlıq hissi var”

Almaniyanın dünyaca məşhur media orqanı Deutsche Welle (Alman Dalğası) AXCP lideri Əli Kərimlinin həbsi barədə onun qızı Sezen Kərimli ilə söhbət əsasında geniş məqalə dərc edib (link rəydə). Məqaləni təqdim edirik.

Azərbaycanda insan hüquqlarının vəziyyəti pisləşir – müxalifətin liderlərindən biri həbsdədir.

Qərb ölkədəki vəziyyətə təsir göstərə biləcəkmi?

Azərbaycanda məhkəmə yerli müxalifətin liderlərindən biri, milli-demokratik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddətini uzadıb. Dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişməyə yönəlmiş hərəkətlər maddəsi ilə ittiham olunan siyasətçi barəsində həbs qətimkan tədbiri 1 dekabr 2025-ci ildə seçilmişdi. Onunla birlikdə AXCP İdarə Heyətinin üzvü Məmməd İbrahim də həbs olunub. Siyasətçiləri 12 ildən ömürlük həbsədək cəza gözləyir.
Azərbaycanın dövlət mediasının məlumatına görə, noyabr ayında Kərimlinin evində aparılan axtarış zamanı prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məktubu tapılıb. O da hakimiyyəti zorla ələ keçirməyə hazırlıq və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə şübhəli bilinir.
Kərimli özü təqibini siyasi motivli adlandırır. Müavini Seymur Həzi “Kavkazskiy uzel” nəşrinə bildirib ki, AXCP sədrinə qarşı irəli sürülən ittiham “absurd və heç bir hüquqi əsası olmayan” ittihamdır. Əli Kərimlinin qızı Sezən Kərimli DW-yə müsahibəsində deyir: “Bu ittihamlar absurddur”. Onun sözlərinə görə, atası onilliklər ərzində dinc müxalif fəaliyyətlə məşğul olub və bunun əksini iddia etməyə heç bir dəlil yoxdur. “İşdə güc strukturlarından və ya hərbçilərdən heç kim ittiham olunmur. Halbuki, prinsip etibarilə, dövlət çevrilişi onlarsız mümkün deyil”, – deyə o vurğulayır.

Azərbaycanda insan hüquqlarının vəziyyəti: hüquq müdafiəçilərinin qiymətləndirməsi

Amnesty International təşkilatı Kərimlinin həbsindən sonra yaydığı bəyanatda ona qarşı ittihamları “şübhəli” adlandırıb və rəsmi Bakını, əgər “iddia olunan cinayətə dair əsaslı sübutlar təqdim edə bilməzsə”, onu azad etməyə çağırıb. “Əli Kərimlini saxlayaraq və xarici dünya ilə əlaqədən məhrum edərək, ədalətli məhkəmə hüququndan məhrum etməklə indiyədək nümayiş etdirdikləri yeganə şey müxalifətçilərə, alimlərə, jurnalistlərə və fəallara qarşı siyasi motivli həbslər dalğasını davam etdirmək əzmidir”, – deyə Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.

Bir çox hüquq müdafiəçilərinin fikrincə, Azərbaycanda insan hüquqlarının vəziyyəti həqiqətən də pisləşir. Amnesty International-ın 2024/25-ci illər üzrə hesabatında “insan hüquqlarına hörmət sahəsində kəskin geriləmə”dən və hakimiyyətin bu sahədə monitorinq aparılmasına faktiki qadağa qoymasından bəhs edilir. Kərimlinin məhkəməsi ilə bağlı açıqlamada isə vurğulanır: “Bu həbslər Azərbaycanda fikir ayrılığının daha da sərt şəkildə boğulduğu bir dövrdə baş verir. Jurnalistlər, alimlər və müxalifət xadimləri getdikcə daha çox əsassız saxlanmalar və siyasi motivli təqiblərlə üzləşirlər”.
“Azərbaycan Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq”ın 2026-cı ilin fevralına olan məlumatına əsasən, ölkədə 340 siyasi məhbus var.

Qərb Azərbaycanda insan hüquqları vəziyyətinə təsir göstərəcəkmi?

Bu sahədə vəziyyətə hansı beynəlxalq oyunçuların təsir göstərə biləcəyi sualına cavab olaraq, Sezən Kərimli Avropa İttifaqını, əsas Avropa dövlətlərini və ABŞ-ı qeyd edir: “Hələlik bu imkanlardan məhdud istifadə olunur və hakimiyyətdə cəzasızlıq hissi qalır”.

Kərimlinin həbs müddətinin uzadılması ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri ərəfəsində baş verib. O, fevralın 10-da İrəvandan Bakıya gəlib.

18 dekabr 2025-ci ildə Avropa Parlamenti Azərbaycanda insan hüquqlarının vəziyyətini pisləyən qətnamə qəbul edib. Lakin Avropa dövlət və hökumət başçılarının Əliyevlə təmaslarında bu mövzu, adətən, prioritet olmur.

Sezən Kərimlinin fikrincə, Azərbaycan hakimiyyəti daxili repressiyaları davam etdirərkən məhz Qərbin “pragmatik yanaşmasına” arxalanır: “Hakimiyyət hesab edir ki, Avropa və ABŞ enerji maraqlarını və regional sabitlik məsələlərini rəhbər tutaraq insan hüquqları mövzusunda təzyiqdən çəkinəcək”.
Lakin o vurğulayır ki, Azərbaycan müxalifəti də hakimiyyətin Qərblə əməkdaşlığı gücləndirmək istəyini bölüşür — “istər enerji əməkdaşlığı, tranzit, istərsə də Ermənistanla sülh sazişi məsələsində”.
“Hətta ənənəvi olaraq məhz Azərbaycan müxalifəti Avropa ilə daha sıx əməkdaşlığın, Avroatlantik inteqrasiyanın, NATO ilə qarşılıqlı fəaliyyətin və regiondan Rusiya təsirinin sıxışdırılmasının tərəfdarı olublar”, – deyə Kərimli əlavə edir.
Onun fikrincə, real siyasət baxımından da beynəlxalq oyunçular üçün yalnız mövcud Azərbaycan hakimiyyətinə arxalanmaq sərfəli deyil. O, həmçinin müxalifətin boğulmasının doğura biləcəyi risklərə diqqət çəkir: “Qanuni və dinc siyasi etiraz formaları məhv ediləndə narazılıq spontan və nəzarətsiz etirazlara çevrilə bilər”.

Hazırda isə, Sezən Kərimlinin sözlərinə görə, rəsmi Bakıya təzyiq göstərərək insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdıra biləcək ölkələr bunu etmirlər və nəticədə hökumətdə cəzasızlıq hissi qalır. “Ümid qalır ki, bu qiymətləndirmə yanlış olar və ölkə tam qapalı avtoritar modelə sürüklənməzdən əvvəl təzyiq güclənər”, – deyə o yekunlaşdırır. (Azadlıq qəzeti)

 

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə hərbi vəziyyət elan edildi: küçə döyüşləri gedir .

admin

Zəfər şücaətlə başladı, suverenliklə tamamlandı.

redaktor

İsrail ordusu HƏMAS-ın hökumət başçısını MƏHV ETDİ

redaktor