Epşteynin “tədbirlərində” iştirak edənlər ən biabırçı vəziyyətlərdə belə foto və ya video çəkilişlərinə etiraz etməyiblər. Hər halda kamera qarşısında onların etiraz etməsi kadrları yoxdur.
Maraqlıdır, niyə? Axı hamı bilir ki, belə kadrlar onlara qarşı çox güclü silahdır. Bəzi kadrlar əsasında onlara qarşı cinayət işi açıla bilər, ən yaxşı halda nüfuzlarını itirə bilər. Bunlar olmasa belə həmin kadrlar Epşteynin əlində onlara qarşı şantaj vasitəsidir.
Burdan aşağıdakı nəticələrə gəlmək olar:
1. Onlar əmin idilər ki, çəkilən kadrlar kənara çıxmayacaq.
2.Onlar bilirdilər ki, bu kadrlar şantaj üçün çəkilir.
1-ciyə necə əmin ola bilərdilər – axı kadrlar təsadüfən də kənara çıxa bilərdi?
Deməli, əmin idilər ki, kadrlar kənara çıxsa belə yayımlana bilməzdilər – bütün hüquq-mühafizə orqanları, meynstrim mətbuat bu kadrların qarşısını alacaq, onları yayımlamaq istəyənləri yox edəcəkdi.
2-cini bildikləri halda niyə razılaşırdılar?
Məncə, onlar bilirdilər ki, yalnız şantaj kadrları olan şəxslər biznesini inkişaf etdirə, böyük qrantlar ala, karyera yüksəlişinə nail ola, hansısa seçkili orqana seçilə bilər və s. Epşteyn (onun arxasındakı qüvvələr) bu insanlara təmənnasız kömək etmirdi – kapital dünyasında “təmənnasız” anlayışı yoxdur. Hər kəs kömək müqabilində müəyyən öhdəlik götürürdü. Şantaj kadrları da həmin öhdəliklərin yerinə yetiriləcəyinin sığortası idi.
Bu bir növ Şeytanla müqaviləyə oxşayır (Hötenin “Faust” əsərindəki kimi). Nəfsinin qurbanı olan adam Şeytanla müqaviləni könüllü bağlayır. Şeytan ona istədiyi dünya nemətini (var-dövlət, vəzifə, cəzasızlıq və s.) verir, əvəzində isə onun ruhunu alır. Bu sövdələşmə müqavilə ilə rəsmiləşdirilir və insanın qanı ilə imzalanır.
Epşteyn də həmin Şeytan rolunda idi. Nəfsinə əsir olanlar könüllü şəkildə dəstə-dəstə onun yanına gəlirdilər. Epşteyn onlara istədiklərini verir, əvəzində isə ruhlarını alırdı, bundan sonra ona xidmət edirdilər. Foto-video kadrlar isə Şeytanın əlində bu sövdələşməni təsdiq edən “müqavilə” idi. Öhdəliyini pozan cəzalanacaqdı.
Nağıl kimi görünsə də reallıq belə idi (bəlkə də “belədir” yazmalıyam).
