DünyaSiyasət

Vens gəldi və kimə nə gətirdi?

Bu səfərin geosiyasi mesajı nədir?

ABŞ-nin vitse-prezidenti J.D. Vens dünən Ermənistanda idi, bu gün isə Azərbaycana gəlir. Vensin səfəri elə bir dövrə təsadüf edir ki, ABŞ-n İran məsələsində verəcəyi qərar Orta Şərqdən tutmuş Cənubi Qafqaza qədər geosiyasi tarazlığı və təhlükəsizlik arxitekturasını dəyişə bilər. Belə bir məqamda Vensin gəlişi ABŞ–ın regionun bu iki ölkəsi ilə ikitərəfli əlaqə və münasibətlərinin önəmindən daha çox, Vaşinqtonun Cənubi Qafqazı artıq öz maraq dairəsinə daxil etdiyi mesajını bütün oyunçulara çatdırmaq məqsədi güdür.

Ona görə də bu səfərin geosiyasi əhəmiyyəti Azərbaycan və Ermənistanın özlərini ABŞ-la müttəfiq saymasından daha çox, onların yerləşdiyi regionun Tramp administrasiyasının maraq dairəsinə daxil edildiyini göstərmək məqsədi daşıyır. Yəni, həm Azərbaycan, həm də Ermənistan bundan sonra atacaqları addımlarda və öz siyasətlərini formalaşdırarkən, həm də Amerika maraqlarını bir çərçivə kimi nəzərə almalıdırlar.

Hazırda həm Bakı, həm də Ermənistan Rusiyanın istəklərini nəzərə almadan “Tramp dəhlizi”ni Amerika nəzarəti ilə işlətməyə başladıqları və real sülhə razılaşdıqları üçün indi Moskvanın artan təhdidləri ilə üzləşiblər. Ona görə də hər iki ölkənin rəhbərliyi bu təhdidlər qarşısında Trampın himayəsinə həvəslə razılıq nümayiş etdirirlər və bəzən də açıq aşkar buna can atırlar.

Amerika üçün Cənubi Qafqazın önəmi ölkə olaraq nə Azərbaycana, nə də ki, Ermənistana görədir. Bu, daha çox regionun geosiyasi imkanları ilə bağlıdır. ABŞ bu regionun “bosu” roluna sahiblənməklə Rusiya və İran arasındakı təmas xəttinin dibində yerləşir, Xəzər hövzəsində faktora çevrilir, Çinin Orta Dəhliz layihəsinə nəzarət edir, Mərkəzi Asiya regionuna uzanan keçid-güzərgahı öz nəzarətinə alır. “Tramp dəhlizi” də ABŞ-a məhz buna görə lazımdır.

Vensin İrəvandakı bəyanatlarından aydın olur ki, ABŞ Cənubi Qafqaza təkcə geosiyasi nəzarət arealı kimi baxmır. Həm də açıq-aydın görünür ki, Vaşinqton Cənubi Qafqaza öz sərmayə və texnologiyalarının gəlişini təşviq etməklə region iqtisadiyyatında da öz rol və çəkisini artırmaq, ölkələrin inkişafında əsas rol oynamaq niyyətindədir. Bu isə region ölkələrinin iqtisadi tərəqqisi üçün yeni fürsət və imkanlar açan, onları məmnun edən, olduqca cəlbedici bir yanaşmadır.

Bu baxımdan Vensin Ermənistanda verdiyi açıqlamalsr kifayət qədər önəmli hesab oluna bilər. O, ABŞ-nin Ermənistanın nüvə energetikası sektoruna 9 milyard dollar, TRİP layihəsi çərçivəsində isə əvvəl 5, sinra isə 4 milyard dollar investisiya yatırmağa hazırlaşdığını deyib. Eyni zamanda bildirib ki, bu vəsait çərçivəsində ABŞ hər ölkə ilə paylaşmadığı kiçik modul reaktorları.(SMR) strateji tərəfdaşlıq müqaviləsi imzaladığı bu ölkəyə tədarük edəcək. Ümumillikdə isə ABŞ Ermənistana 18 milyard dollar investisiya qoymağa hazırlaşır. Bu məsələdə diqqəti cəlb edən məqamlardan biri də budur ki, ABŞ- n 4 trilyon dollar bazar dəyəri olan nəhəng NVIDIA şirkəti də Ermənistanda süni intellekt sahəsinə 1 milyard dollar investisiya qoymağa hazırlaşır. Göründüyü kimi Ermənistan ABŞ- n bölgəyə marağından maksimum faydalanaraq, öz inkişafına təkan verəcək çox böyük həcmdə investisiyalar cəlb etməyə nail olub.

Azərbaycana gəldikdə isə burada İlham Əliyevin ABŞ-la münasibətlərə yanaşması Pasiniyandan fərqlənir. Son vaxtlar müxalifət lideri Əli Kərimlinin həbsi ilə daha da şiddətlənən repressiyalar fonunda belə görünür ki, Azərbaycan hakimiyyəti üçün ABŞ-la münasibətlərdə əsas prioritet rejimin ölkə daxilindəki demokratiya düşmənçiliyinə və diktaturaya keçid cəhdlərinə Vaşinqtonun susqunluğunu təmin etməkdir. Eyni zamanda İlham Əliyev Rusiya ilə soyuq münasibətlər fonunda hesab edir ki, Trampa yaxın görünməsi, həm də onu Putinin sərt təzyiqlərindən qoruya biləcək etibarlı təhlükəsizlik formulu ola bilər.

Diqqət çəkən məqamlardan biri də budur ki, Vensin səfəri öncəsi Trampın “Truth” sosial şəbəkə hesabında paylaşdığı yazıda Ermənistandan fərqli olaraq Azərbaycana investisiya qoyuluşu haqqında heç nə deyilmirdi. Bunun əvəzinə Bakının pul verərək Amerikadan “zirehli gödəkçələr” və Xəzər donanması üçün qayıqlar alacağı barədə məlumat verilmişdi. Onun bu yazısından sonra Azərbaycanda bir çoxları sual edirdi ki, Ermənistanla müharibə bitdikdən sonra çox böyük həcmdə zirehli gödəkçə alıb anbarlara yığmağın nə mənası var?

Göründüyü kimi, ABŞ-la münasibətlərdə Ermənistan faydalanan tərəf, Azərbaycan isə daha çox fayda verən mövqedən çıxış edir. Halbuki ABŞ-nin regiona göstərdiyi diqqət və maraq həm iqtisadiyyatın strateji sahələrinə sərmayə cəlb etmək, həm də müasir texnologiyalara çıxış əldə etmək üçün mühüm fürsətlər pəncərəsi açır. Ancaq görünən odur ki, bu məsələdə Azərbaycan və Ermənistan hakimiyyətlərinin yanaşması köklü şəkildə bir-birindən fərqlənir.

 

Fuad Qəhrəmanlı.

Tacxeber.com

Oxşar xəbərlər

Davos və yeni düzəni vurğulayan: “Yeni qlobal nizam və Azərbaycanın əvəzolunmaz tərəfdaş statusu”

redaktor

Zelenski: “Rusiya atəşkəsi pozsa, ABŞ onlara sanksiyalar tətbiq edəcək” – VİDEO

redaktor

Paşinyan Rusiyaya Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasına sərmayə qoymağı təklif edir

redaktor