DünyaSiyasət

Vaşinqton İrəvana milyardlar deyirsə, Bakıya nə deyir?

ABŞ vitse-prezidentinin İrəvan və Bakıya səfəri rəsmi bəyanatlarda “sülh təşəbbüsü” kimi təqdim olunur. Ancaq Qərb mediasının diqqət mərkəzində tam başqa məqam var: Ermənistan üçün təxminən 9 milyard dollarlıq yardım paketinin müzakirəsi. Bu rəqəm regionda təkcə iqtisadi yox, siyasi və psixoloji balansı da dəyişən mesajdır. Və istər-istəməz sual doğurur: bəs Azərbaycan üçün nə nəzərdə tutulur?

Bu yardım klassik mənada “pul köçürməsi” deyil. Söhbət təhlükəsizlik infrastrukturu, kredit zəmanətləri, enerji və nəqliyyat layihələri, Qərb institutları ilə dərin inteqrasiya mexanizmlərindən gedir. Məqsəd açıqdır: Ermənistanı Rusiya orbitindən çıxarmaq və Qərb sisteminə bağlamaq.

Azərbaycan isə Vaşinqton üçün artıq yardım alan yox, oyunun içində olan ölkədir. ABŞ Bakıya milyard vəd etmir. ABŞ Bakıya rol təklif edir. Orta Dəhlizdə açar mövqe, Avropa enerji təhlükəsizliyində strateji tərəfdaşlıq, regional sabitliyin qorunmasında məsuliyyət.

Amma bu rol şərtsiz deyil.

Vaşinqtonun Bakı ilə işləmək istədiyi şərtlər rəsmi sənədlərdə yazılmır. Onlar siyasi davranışdan oxunur.

Birinci şərt regional sabitlikdir. ABŞ üçün əsas prioritet odur ki, Azərbaycan müharibəni yenidən gündəmə gətirməsin. Qarabağ mövzusunun yenidən hərbi fazaya keçməsi, genişmiqyaslı eskalasiya Vaşinqton üçün qırmızı xətdir. Bu, artıq açıq şəkildə hiss etdirilir.

İkinci şərt Rusiya ilə məsafədir. Bakıdan Moskva ilə açıq qarşıdurma tələb olunmur. Amma Kremlin regional planlarının tərkib hissəsinə çevrilmək də qəbul edilmir. Yəni Vaşinqton neytrallıq yox, ölçülü və idarə olunan məsafə gözləyir.

Üçüncü şərt enerji və nəqliyyat öhdəliyidir. Azərbaycan Avropa üçün mühüm qaz təchizatçısıdır və Orta Dəhlizin açar ölkəsidir. Bu xətlərdə qeyri-müəyyənlik ABŞ üçün strateji risk sayılır. Bakıdan gözlənilən odur ki, bu marşrutlar siyasətin girovuna çevrilməsin.

Dördüncü şərt insan haqları məsələsinin idarə olunmasıdır. ABŞ Azərbaycandan sabah demokratik inqilab tələb etmir. Amma siyasi məhbusların sayının artması, müxalifətin tam sıxışdırılması, repressiyaların normaya çevrilməsi Bakının Qərbdəki manevr imkanlarını daraldır. Bu mövzu ultimatum deyil, amma daimi təzyiq mövzusudur.

Beşinci şərt İran xəttidir. Bakıdan anti-İran forpostu olmaq istənilmir. Amma Tehranla təhlükəsizlik baxımından həddindən artıq yaxınlaşma da Vaşinqton üçün qəbuledilməzdir. ABŞ burada balans görmək istəyir, emosional yaxınlıq yox.

Bu səfər Paşinyanın daxili siyasi mövqeyini gücləndirirmi? Bəli. ABŞ vitse-prezidentinin İrəvanda görünməsi və milyardlıq paketlərin müzakirəsi Ermənistan cəmiyyətinə açıq mesajdır: “Qərb mənim arxamdadır. Bu, Paşinyanın seçki şansını artırır. Amma eyni zamanda Ermənistanı Rusiya ilə daha kəskin qarşıdurma riskinə də sürükləyir.

Bəs Azərbaycanda həbsxanalarda saxlanılan yüzlərlə siyasi məhbus məsələsi ABŞ üçün nə qədər önəmlidir? Cavab acıdır, amma realdır. Bu mövzu Vaşinqton üçün əhəmiyyətlidir, lakin prioritet deyil. Çünki Azərbaycan ABŞ üçün enerji və təhlükəsizlik tərəfdaşıdır. İnsan haqları burada əsas məqsəd yox, təzyiq alətidir.

Tarixi paralellər isə diqqətəlayiqdir. İkinci Dünya müharibəsindən sonra ABŞ SSRİ-yə qarşı mümkün nüvə zərbələri üçün siyahı hazırlamışdı. Həmin siyahıda Bakı, Tiflis və Qroznı vardı. Amma İrəvan yox idi. Bu fakt Vaşinqtonun regiondakı tarixi prioritetlərini açıq göstərir.

Birinci Dünya müharibəsindən sonra Paris sülh konfransında isə ABŞ nümayəndə heyətində Bakının Ermənistanın nəzarətinə verilməsini dəstəkləyən mövqelər olmuşdu. Bu da Amerikanın regionda erməni faktoruna xüsusi münasibətinin tarixi köklərə dayandığını göstərir.

Nəticə sadədir. Vaşinqton regiona demokratiya ixrac etmir. Riskləri idarə edir. Ermənistana pul verir ki, asılılığı dəyişsin. Azərbaycana isə rol verir ki, balans qorunsun.

Bakının qarşısındakı seçim budur: ya bu rolu qəbul edib oyunun içində qalmaq, ya da kənardan baxan aktora çevrilmək.

Bakıya verilən əsas mesaj pul deyil.
Mesaj budur: sənə ehtiyacımız var. Amma şərtlərlə…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Yaxın Şərq qaynayır – ABŞ bazası PUA ilə vuruldu.

admin

Məşhur yazıçının sui-qəsdən sonra bir gözü KOR OLDU

redaktor

“İran zəif vəziyyətdədir, istifadə etmək lazımdır” – İsrail XİN başçısı

redaktor