2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbusların yaratdığı “Siyasi Məhbusların Müdafiə Komitəsi” (SMMK) ABŞ-nin vitse-prezidenti Cey Di Vensə müraciət edərək, ölkədə siyasi məhbus probleminin ABŞ-Azərbaycan münasibətləri üçün “potensial risklər” doğurduğunu bildirib.
Müraciətdə beynəlxalq insan hüquqları təşkilatlarının məlumatlarına istinadla Azərbaycanda siyasi məhbusların sayının 400-ə çatdığı qeyd olunur və Vensdən səfəri çərçivəsində keçiriləcək görüşlərdə siyasi məhbusların azadlığa buraxılması məsələsini əsas mövzulardan biri kimi qaldırması xahiş edilir.
Müraciətdə deyilir:
“Siyasi Məhbusların Müdafiəsi Komitəsinin təşəbbüs qrupu adından Sizə bu müraciəti ünvanlayaraq, yaxın günlərdə səfər edəcəyiniz Azərbaycanda siyasi məhbus probleminə və bunun ABŞ-Azərbaycan münasibətləri üçün yarada biləcəyi potensial risklərə diqqətinizi çəkmək istəyirik.
Əvvəla, ABŞ administrasiyasının Belarusda və Venesuelada siyasi məhbusların azadlığa buraxılmasına verdiyi töhfəni yüksək qiymətləndirir, bu sahədə göstərdiyi əvəzsiz xidmətlərə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik.
Ümid edirik ki, Sizin Azərbaycan səfəriniz beynəlxalq insan hüquqları təşkilatlarının məlumatlarına görə sayı 400-ə çatan siyasi məhbusların azadlığa buraxılması istiqamətində ABŞ administrasiyasının fəal mövqe sərgiləməsinə təkan verəcək.
Azərbaycan uzun müddətdir ki, alimləri, jurnalistləri, ictimai fəalları və QHT nümayəndələrini siyasi motivlərlə həbs edir, onlar barəsində ədalətsiz məhkəmə qərarlarının çıxarılması üçün qanunsuz müdaxilələrə yol verir. Jurnalistlər peşə fəaliyyətlərinə görə cəzalandırılır, akademik azadlıqlara hörmət edilmir, tənqidi fikirlərə qarşı dözümsüzlük nümayiş etdirilir.
Siyasi repressiyalar Azərbaycanda vətəndaş cəmiyyətinin zəifləməsinə, demokratik institutların sıradan çıxmasına, siyasi partiyaların bağlanmasına, bir sıra rəhbər şəxslərin həbsinə, müstəqil media qurumlarının və QHT-lərin fəaliyyətinin dayandırılmasına səbəb olub. Daha da təhlükəlisi, bu siyasi təqiblər cəmiyyətdə totalitar rejimlərə xas qorxu və itaət psixologiyasının formalaşmasına gətirib çıxarıb.
Belə bir şəraitdə Azərbaycan hökumətinin ABŞ administrasiyası ilə dayanıqlı strateji münasibətlər qurması reallıqdan uzaq görünür. Hüquq və azadlıqların müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyən Azərbaycan hökuməti hazırda ABŞ Konqresində Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin ləğv edilməsinə və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışır.
Biz ABŞ-Azərbaycan münasibətlərinin səmimi şəkildə inkişaf etdirilməsini arzulasaq da, Azərbaycan hökumətinin insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməməsini bu münasibətlərin inkişafı üçün ciddi risk kimi qiymətləndiririk. Hesab edirik ki, Azərbaycanda siyasi məhbus problemi həllini tapmadan Azərbaycan hökuməti ilə yaxın əlaqələrin qurulması ABŞ administrasiyasının ciddi tənqidlərə məruz qalmasına səbəb ola bilər.
Bu baxımdan, Sizin Azərbaycana səfəriniz çərçivəsində keçiriləcək görüşlərdə siyasi məhbusların azadlığa buraxılması məsələsinin əsas mövzulardan biri olmasını xahiş edirik.
Afiəddin Məmmədov
Hafiz Babalı
Fazil Qasımov
Samir Aşurov
Mehman Əliyev”
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya bu gün – fevralın 10-da gələcəyi gözlənilir.
