DünyaSiyasət

Hakimiyyətləri qalmaqal yox, susqunluq yıxır

Sonuncu İran şahı ilə bağlı illərdir dolaşan bir hekayə var. Guya şah Səudiyyə kralına məktub yazıb və deyib ki, qadınlara mini yubkaya icazə verin, ölkənizi müasirləşdirin. Guya Səudiyyə kralı da cavabında belə deyib: “Sən Fransanın prezidenti yox, müsəlman ölkəsi olan İranın şahısan.”

Bu məktublaşmanın tarixi sənədlərlə sübutu yoxdur. Nə məktub var, nə cavab. Bu, siyasi folklordur. Amma təsadüfi folklor deyil. Bu mif bir şeyi simvolizə edir: hakimiyyətin cəmiyyətdən qopmasını, xalqın dəyərləri ilə dövlətin yanaşması arasındakı uçurumu.

Və ən vacibi: İran şahını mini yubka devirmədi. Onu devirən, bu tip hekayələrin cəmiyyətdə inandırıcı görünməsinə imkan verən uzunmüddətli susqunluq, cavabsızlıq və legitimlik aşınması oldu.

Xomeyni bunu çox dəqiq başa düşmüşdü. O, şahı bir faktla yox, üç paralel xəttlə sıradan çıxardı.
Birincisi, siyasi legitimlik: dedi ki, bu rejim xalqın yox, yad güclərin rejimidir.
İkincisi, əxlaqi nüfuz: dedi ki, bu hakimiyyət İslam cəmiyyətinə pozğunluq gətirir. Burada mini yubka bir detal idi, əsas olan mənəvi ifşa idi.
Üçüncüsü isə dini xətt: dedi ki, bu rejimə itaət haramdır. Bununla siyasi mübarizəni iman məsələsinə çevirdi.

Şah bu hücumlara vaxtında və açıq cavab vermədi. Cavab vermədikcə, miflər fakt kimi qəbul olunmağa başladı. Və nəticə hamıya məlumdur.

Bu mexanizm bu gün də işləyir. Xüsusilə də ailə mövzusu üzərindən.

Qərb siyasi mədəniyyətində liderin ailəsi artıq şəxsi məsələ sayılmır. Bu, institusional etibarın bir hissəsidir. Ona görə Britaniya kralı sevdiyi qadına görə taxtdan imtina etdi. Ona görə ABŞ və Avropada ailə və etik qalmaqallar prezidentləri, baş nazirləri bitirdi. Çünki sistem dedi: şəxsi həyat dövlətin nüfuzunu zədələyirsə, seçim etməlisən.

Azərbaycanda bu mövzuya hələ də “şəxsi məsələdir” deyib keçmək istəyənlər var. Amma bu artıq işləmir. Çünki məsələ bir foto, bir video, bir şayiə deyil. Məsələ hakimiyyətin bu mövzuda susmasıdır.

Susqunluq isə neytral deyil. Susqunluq ən sərt şərhin tərəfinə işləyir. Cavab olmadıqda, məsələ hüquqi müstəvidən çıxır, əxlaqi və siyasi silaha çevrilir. O zaman artıq nə faktın əhəmiyyəti qalır, nə də həqiqətin.

Burada kimsə ittiham irəli sürmür. Burada deyilən budur: izah verilməlidir. Qərb standartları bunu tələb edir. İctimai etibar boşluq sevmir. Boşluğu doldurmasan, başqası dolduracaq.

Heç kim Xomeyni olmaq istəmir. Amma tarix göstərir ki, Xomeyni mexanizmi dini cəmiyyətlərdə də işləyir, dünyəvi cəmiyyətlərdə də. Şərt birdir: siyasi legitimlik, əxlaqi nüfuz və izah bacarığı eyni anda aşınmalıdır.

Bu yazı təhdid deyil.
Bu yazı çağırış da deyil.
Bu yazı xəbərdarlıqdır.

Hakimiyyətin gücü repressiya və sükutla ölçülə bilməz.
Hakimiyyətin gücü ictimai etibarı qorumaq və suallara cavab vermək bacarığındadır.

Tarix bunu dəfələrlə sübut edib…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Maskdan Baydenə SƏRT TƏNQİD – “Ukrayna ətçəkən maşını dayandırılmalıdır”

redaktor

Ermənistanda 2 günlük MATƏM ELAN OLUNDU

redaktor

Zelenski Rusiya ilə dialoqun yeganə şərtini açıqladı

redaktor