ABŞ-nin iki demokrat senatoru vitse-prezident Cey Di Vensin Bakıya səfəri öncəsi ona həbsdə olan jurnalistlərlə bağlı çağırış edib. Senatorlar Vensi AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadəni və “Amerikanın Səsi”nin keçmiş əməkdaşı Ülviyyə Əlinin azadlığa çıxmasını tələb etməyə çağırır.
Senatın Xarici əlaqələr komitəsinin aparıcı üzvü Cinn Şahin X platformasında vitse-prezidentə müraciətlə yazıb ki, Bakıda haqsız yerə həbsdə olan iqtisadçı professor Qubad İbadoğlu, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, “Amerikanın Səsi”nin keçmiş əməkdaşı Ülviyyə Əli və media eksperti Ələsgər Məmmədlinin azadlığa çıxmasını tələb etsin.
“Onların azadlığı ABŞ-nin regiondakı səyləri üçün prioritet olmalıdır”, – senator yazır.
“İnsanların ABŞ ilə əlaqələrinə görə girov götürülməsinə imkan verməməliyik”
Senatın Büdcə, xarici əlaqələr komitələrinin üzvü Kris Van Hollen isə C.D.Vensə məktubunda ABŞ-yə bağlı jurnalistlər Ülviyyə Əli və Fərid Mehralızadənin haqsız həbsinə diqqət çəkir, vitse-prezidenti onların dərhal buraxılmasına çalışmağa çağırır. Senator bu iki jurnalistin yanlış iş görmədiyini, yalnız ABŞ-nin dəstəklədiyi media qurumlarında çalışdıqları üçün cəzalandırıldıqlarını qeyd edir. O, Ü.Əlinin saxlanılarkən döyüldüyünü, səhhətinin pisləşdiyini, F.Mehralızadənin isə ilk övladı doğularkən onun yanında olmadığını, həyat yoldaşı Nərgiz Muxtarovanın da hazırda başqa bir cinayət işi ilə üzləşdiyini yazır.
“Azərbaycanın bu jurnalistlər, onların ailələri ilə rəftarı vicdansızlıqdır və bizimlə tərəfdaşlıq istəyən ölkəyə yaraşmır. Bu cür addımlar etimadı sarsıdır, insan ləyaqətini tapdalayır, regionda sülh və rifah qurmaq səylərinə birbaşa ziddir. Biz hökumətlərin qanunları pozmayan insanları ABŞ ilə əlaqələrinə görə girov götürməsinə imkan verməməliyik. Ü.Əli və F.Mehralızadə sevdiklərinin yanında, evdə olmalıdırlar, törətmədikləri cinayətlərə görə dəmir barmaqlıqlar arxasında yox. Bu həftə Azərbaycan rəsmiləri ilə görüşlərinizdə onların azadlığa buraxılması üçün qətiyyətlə təzyiq göstərməyinizi xahiş edirəm”, – senator vurğulayır.
Konqresmen Makqovern, “Freedom House”dan çağırış
Ötən həftəsonu “Freedom House” beynəlxalq insan haqları təşkilatı da X hesabında C.D.Vensə çağırış edərək səfər zamanı Əliyev rejimi qarşısında professor Qubad İbadoğlu, jurnalistlər Fərid Mehralızadə və Ülviyyə Əli, bütün siyasi məhbusların haqsız həbsi məsələsini qaldırmağa çağırıb. “Bütün siyasi məhbuslar dərhal və qeyd-şərtsiz buraxılmalıdır. #HamısınıAzadEt”, – postda deyilir.
ABŞ Konqresinin aparıcı üzvü Ceyms Makqovern də vitse-prezidenti C.D.Vensi Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə çağırmışdı.
Bəyanatlarda adları keçən jurnalistlər, eləcə də hazırda Azərbaycanda həbsdə olan onlarla digər jurnalist və ictimai fəal bir sıra iqtisadi cinayətlərdə ittiham olunsalar da, özləri ittihamları qondarma sayır, tənqidi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər. Rəsmilər isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar, bütün təməl hüquqların qorunduğunu deyirlər. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər. Hüquq müdafiəçiləri isə Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 340 siyasi məhbusun olduğunu bildirirlər.
Vitse-prezident C.D.Vensin Bakıya bu gün – fevralın 10-da gələcəyi gözlənilir. Dünən o, Yerevanda görüşlər keçirib. ABŞ Ermənistanla nüvə əməkdaşlığı sazişi, bu ölkəyə dron satışı ilə bağlı sənəd imzalayıb.
Regiona səfərin prezident Donald Trampın sülh səylərinin, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) təşviqinə yönəldiyi açıqlanıb. (AzadlıqRadiosu)
