ABŞ Venesuela neftinə sahib oldu – artıq onun neftini dədə malı kimi özü satır, satışdan əldə olunan vəsait ABŞ-ın nəzarətində olan hesaba daxil olur. Həmin vəsaitdən nə qədərini Venesuelaya vermək Trampın kefindən asılıdır.
İraq müharibəsi vaxtı ABŞ İraq neftini əlinə keçirtdi. Yataqların kimə “paylanması” qərarını Dik Çeyninin (1989-1993 – ABŞ-ın müdafiə naziri, 2001-2009 – vitse-rezidenti) kölgə şirkəti olan “Haliburton” həyata keçirirdi. Bəzi məlumatlara görə indiyədək İraq neftinin gəlirləri ABŞ-a çatır, yerli hökumətə hər barreldən $4 dollar qalır.
ABŞ Qəddafini öldürüb, Liviyanı məhv edib, neftinə sahib oldu.
Suriyanı dağıtmazdan əvvəl neftinə nəzarəti əlinə keçirtdi.
Qrenlandiya və Kanada, onlar vasitəsilə Arktika neftinə də sahib olmağı planlaşdırır.
İndi əsas məqsədi İran neftini ələ keçirtməkdir.
Yəqin ki, İrandan sonra siyahısında S.Ərəbistanı, BƏƏ, Nigeriya, Meksika və Braziliya da var.
Beləliklə, ABŞ addım-addım bütün dünya neft-qazını əlinə keçirir. Neft-qaz isə iqtisadiyyatının qanıdır. Onlarsız müasir iqtisadiyyatı təsəvvür etmək mümkün deyil.
Uşaqlıqda nağıllarda çayın qabağını kəsən, əhalini, tarlaları susuz qoyan əjdaha haqqında oxumuşdum. Kim əjdahanın payını verirdisə, ona bir az su verirdi. Payın nə və nə qədər olacağını da əjdaha müəyyən edirdi.
İndi, deyəsən, ABŞ həmin əjdaha olmaq istəyir, su da neft-qazdır. Yaşamaq istəyən əjdahanın haqqını verməlidir. Ona isə heç nə etmək lazım deyil, yalnız daim hərbi gücünü artırmalıdır.
