8 C
Bakı
09 Fevral 2026 13:46
CəmiyyətŞikayət

“Jurnalistlər binası”nda narazılıq var – “Bizi kirayəçiyə çevirmək istəyir”

Tacxeber.combildirir ki, bu barədə bina sakini, jurnalist Qalib Arif sosial şəbəkə hesabında geniş paylaşımlarla çıxış edib. O, binada əvvəl və hazırda baş verən bir çox problemlərə toxunub.

İddia olunur ki, uzun illərdir binada jurnalistlərin bir çox hüquqları kobud şəkildə tapdalansa da, bu faktlar ictimailəşdirilməyib. Ölkədə əhalinin üzləşdiyi müxtəlif problemlərdən yazan media nümayəndələri özlərinə gələndə, nədənsə, təvazökarlıq nümayiş etdiriblər. Hər halda, Qalib Arifin paylaşımlarından belə qənaətə gəlmək mümkündür. O, özü də statusunda bu məqama diqqət çəkib.

Jurnalist yazır ki, Medianın İnkişafı Agentliyi “Jurnalistlər binaları”nı idarə etməkdən imtina etdikdən sonra ötən ilin payızında 150 mənzilli I binanın 20–30 sakini toplaşaraq Sevil Yusifovanı yeni idarəçi seçib: “Mən həmin iclasda iştirak edirdim və kvorumun olmadığını dedim. Amma iclasa sədrlik edən Sevil xanım mənim fikirlərimi və nizamnaməyə təkliflərimi fərziyyə kimi belə qəbul etmədi. Hətta binanın kommunal ödənişlərinin onun şəxsi kartına ödənilməsini tələb etdi. Mən bu qanunsuzluqlara etiraz etdim və aylıq kommunal ödənişləri etməkdən imtina etdim… Artıq həmin məşum iclasdan bir il keçir. Sevil xanım heç kimdən çəkinmədən I “Jurnalistlər binası”nı – bizim binamızı – özəl şirkət kimi işlədir. Aylıq kommunal ödənişlərdən əlavə, su pulu, işıq pulu, hətta lift pulu tələb edir. Vüqar Səfərli sakinləri “kombi problemi” ilə şantaj edirdi, Sevil xanım isə “lift problemi” ilə. Sərnişin liftini tamamilə dayandırıb, yalnız özü üçün istifadə edir. Yük liftini isə mütəmadi olaraq dayandırır, qonşuları bir-birinin üstünə qaldırır. Yeri gəlmişkən, bizim komendant “Elanlar” səhifəsində yeni status paylaşıb. İndi də lifti pullu etmək, sakinlərə lift açarları satmaq və külli miqdarda pul qazanmaq istəyir. Deməli, kimin qonağı gəlsə, suçu, ustası gəlsə, ya aşağı düşməli, ya da komendantdan 100 manata 10–15 lift açarı almalıdır. Başqa yol qalmır…”

Paylaşımının sonunda Q. Arif Sevil Yusifova haqqında Respublika Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Qalib Arif növbəti statusunda binada yaradılan “müqavilə problemi”ndən bəhs edib. Jurnalist bildirir ki, S. Yusifova heç kimlə məsləhət-məşvərət etmədən “Müqavilə” hazırlayıb və hazırda sakinlərə imzalatmaq mərhələsindədir: “Müqavilə, təbii ki, imzalanmalıdır, amma komendantın (binanın idarəçisinin) yox, sakinlərin (mülkiyyətçilərin) maraqlarını nəzərə almalıdır. Halbuki bu müqavilədə idarəçinin 10-dan çox hüququ qeyd olunur, mülkiyyətçinin isə cəmi bir hüququ tanınır: pul ödəmək. Hazırda Bakıda əksər binaların idarəçiləri ilə sakinləri arasında mübahisələr gündəmdədir və bu mübahisələr hətta Konstitusiya Məhkəməsinə qədər gedib çıxır. Konstitusiya Məhkəməsi 2025-ci ildə qərar verib ki, əgər müqavilədə qeyd olunmayıbsa, binanın idarəçisi mülkiyyətçinin kommunal xidmətlərini – suyu, qazı və işığı – kəsə bilməz.

Hazırda I “Jurnalistlər binası”nda sakinlərə təqdim olunan müqavilədə isə idarəçinin mülkiyyətçinin kommunal xidmətlərini, yəni işığını və suyunu kəsmək hüququ təsbit olunur. Buna qətiyyən yol vermək olmaz. Mülkiyyətçi kommunal xidmətlərin haqqını dövlət qurumlarına ödəyir və bunların idarəçiyə heç bir aidiyyəti yoxdur.

Bundan başqa, müqavilədə idarəçinin aylıq rüsumları (hazırda 25–30 manat arasındadır) istədiyi vaxt və istədiyi qədər artırmaq hüququ təsbit edilir. Yeri gəlmişkən, müqavilədə göstərilir ki, mülkiyyətçi mənzilində yaşayıb-yaşamamasından asılı olmayaraq, aylıq rüsumları ödəməyə borcludur. Həmçinin evində təmir apararsa və ya sayğac dəyişərsə, idarəçidən yazılı icazə almalıdır.”

Jurnalist xatırladır ki, mövcud qanunvericiliyə əsasən, binanın qeyri-yaşayış sahələri – həyəti, zirzəmisi və s. – sakinlərə məxsusdur və onların ümumi mülkiyyətidir. Təqdim olunan müqavilədə isə göstərilir ki, idarəçi bu qeyri-yaşayış sahələrini mülkiyyətçilərlə razılaşdırmadan istədiyi vaxt və istədiyi şəxsə icarəyə verə, əldə olunan vəsaiti isə istədiyi istiqamətə xərcləyə bilər. Bu isə qeyri-qanunidir və mülkiyyətçilərin hüquqlarının birbaşa pozulmasıdır.

Məlumat üçün bildirək ki, Sevil Yusifova bu yaxınlaradək İctimai TV-nin Yayım Şurasının üzvü olub, eyni zamanda Jurnalist Qadınlar Assosiasiyasının sədridir. Sözügedən binada isə İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Yuxarıda qeyd olunan ittihamlarla bağlı Sevil Yusifovanın da mövqeyini öyrəndik. S.Yusifova “AzPolitika”-ya açıqlamasında bildirib ki, jurnalistlər binası özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərir: “Mənzil Məcəlləsində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə bağlı müddəaları oxuya bilərsiniz. Orada açıq şəkildə göstərilir ki, binanın idarə edilməsi kollegial qaydada həyata keçirilir. Jurnalistlərin həm birinci, həm də ikinci binası bu idarəetmə formasına keçib. Kollegial idarəetmədə hər hansı kommunal xidmətin qiyməti müəyyən edilərkən bu qərar təsisçilərin – yəni mənzil mülkiyyətçilərinin ümumi yığıncağında qəbul olunur. Əgər yığıncaqda 51 faiz səs çoxluğu toplanırsa, həmin qərar hüquqi qüvvəyə minir. Bu, nə mənim, nə də sizin şəxsi qərarınız deyil. Bu, birbaşa qanunvericilikdə, konkret olaraq Mənzil Məcəlləsində nəzərdə tutulmuş hüquqlardır və bütün mənzil mülkiyyətçiləri bu hüquqlardan istifadə edir.

Bizim binada sakinlər kommunal xidmətlər üçün ən aşağı halda 20–21 manat ödəniş edirlər. Ən yüksək ödəniş isə təxminən 30 manatdır. Sakinlər belə qənaətə gəldilər ki, bu vəsaitlə ayrıca mühafizə xidməti saxlamaq mümkün deyil. Bu səbəbdən mühafizə üçün əlavə ödəniş etmək əvəzinə, liftlərdə kart sistemi quraşdırıldı”.

S. Yusifova əlavə edib ki, lift açarları 156 mənzil üçün satılmır: “Bizim blokda cəmi 78 mənzil var. Onlardan da təxminən 10-u ümumiyyətlə binada yaşamır. Yəni real olaraq 68 mənzil üçün nəzərdə tutulub. Bəzi mənzillər bir, bəziləri isə ailə üzvlərinin sayına görə iki və ya üç ədəd götürür. Yəni burada əhalinin sayı elə də çox deyil“. (AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Məzunlardan “oğru aləmi” rəqsi – VİDEO

redaktor

Yüksək qiymət, aşağı keyfiyyət və idxala qoyulan LİMİT: Dərman bazarında nə baş verir?

redaktor

“Gətir, öpüm sağalsın” – TƏBİB rəhbərinin azyaşlı ilə maraqlı dialoqu – Video

redaktor