ABŞ vitse-prezidenti J. D. Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri önəmli xəbərdir. Dik Çeynidən sonra Azərbaycana gələcək ikinci ABŞ vitse-prezidenti olan Vensin səfərinin sülh prosesi və TRİPP layihəsi ilə əlaqələndirirlər. Heç şübhəsiz ki, İranla bağlı hadisələr, Ermənistanda gözlənilən seçki prosesi, regional təhlükəsizlik və enerji layihələrinə dair məsələlərin səfərin gündəmində olması mümkündür. Hesab edirəm ki, məsələyə bütöv baxsaq, səfərin çox əhəmiyyəti var. ABŞ-da hansı partiyanın hakimiyyətdə olması cəmiyyətimizi, bütövlükdə xalqımızı da maraqlandırmalıdır.
Biz, Azərbaycan siyasətçiləri, vətəndaş cəmiyyəti və media təmsilçiləri və s. olaraq, məsələyə hakimiyyətdən fərqli və fundamental yanaşmalıyıq. Belə ki, biz, dövlətlərarası münasibətləri kimin hakimiyyətdə olması, şəxsi münasibətlərinin yaxınlığı ilə deyil, geniş mənada xalqlararası münasibət, praktiki baxımdan institutlar və cəmiyyətin müxtəlif təmsilçiləri və icmaları ilə olan münasibət kimi dəyərləndirməliyik. Bir sözlə, münasibətlər institusional və dayanıqlı olmalıdır. Söz yox ki, şəxsi münasibətlərin əlavə xüsusi töhfəsi olur. Lakin, sadəcə, şəxsi münasibətə əsaslanan əlaqələr nə qalıcı olur, nə də siyasət yarada bilir. Xatırladım ki, 1919-cü il 28 mayda ABŞ prezidenti Vilsonun qəbul etdiyi nümayəndə heyəti də AXC siyasi həyatının müxtəlif təmsilçiləri idi.
Bu günə qədər, Əliyev hökuməti ilə 2008-dən bu yana ABŞ arasında yüksək səviyyəli görüş və səfərlərin olmaması bir fakt idi. Hakimiyyət bunu daha çox demokratlarla əlaqələndirməyə çalışırdı. Lakin, 2016-2020-ci illərdə hakimiyyətdə olan Respublikaçılar və Tramp administrasiyası ilə də münasibətlərdə heç bir irəliləyiş olmadı. Yəni, əsas səbəbi demokratlarla əlaqələndirmək qərəzli yanaşmadır, tiri öz gözündə görməməkdir. Eləcə də obyektiv reallıqları gizlətməkdir. İki ölkə, Ermənistan və Azərbaycan arasında münaqişə vardı. Yaxın Şərqdə durum fərqli idi. Neft bumu fonunda Rusiyanın təsir imkanları güclü idi. 2006-dan Azərbaycana gələn neft gəliri Əliyev iqtidarını da şişirtmişdi. Ankara ilə belə münasibətlər daha sərin idi, nəinki Moskva ilə. Rusiyanın Ermənistanda, Yaxın Şərqdə, postsovet məkanı və hətta Avropada, xüsusən Şərqi Avropada təsirləri qat-qat güclü idi. Üstəlik, ABŞ daxili iqtisadi böhran, Əfqanistan və Yaxın Şərqdə aktiv hərbi əməliyyatlar aparması və s. amillər gözardı edilməz faktorlardır. İndi sadaladığım amillərdə çox dəyişiklik baş verib.
İndi isti təmasları propaqanda maşınının təqdim etdiyi kimi Trampın İlham Əliyevlə şəxsi münasibətləri, ona xüsusi rəğbəti ilə əlaqələndirilməsi hakimiyyətin ənənəvi yanaşmasıdır. Münasibətlər pis olanda bunu “qara qüvvələrin ölkəmizə qarşı düşmənçiliyi”, “müstəqil siyasətimizi gözləri götürmür” kimi təqdim edirlər. Yaxşı olanda isə İlham Əliyevin şəxsinə olan hörmətlə əlaqələndirirlər. Yəni, pozitivi Əliyev özünə götürür, neqativi isə özündən uzaqlaşdırır, xalqa, dövlətə yönəldir. Bu, sistemin dövlət anlayışına, idarəetmə təfəkkürünə bağlıdır. O, özünü dövlətlə identikləşdirir. Dövlət odur, onun mövcudluğu elə dövlət deməkdir. Hətta özünü dövlətin fövqündə görür. Bir növ üst qurumdur. Əliyev soyadı varsa, dövlət var. Ona görə də onun uca soyadına yalnız yaxşılar yazıla bilər. Pislər yox.
Burada diqqət çəkmək istədiyim vacib məqam odur ki, özümü heç bir formada bu sistemlə bağlamayan, “onun çörəyini yeməyən” (bu Əliyevin yanaşmasıdır) xalqın və onun əsas təsisatı olaraq dövlətin gələcəyini düşünən bizlər “Tək adam” rejimi ilə eyni yanaşmanı göstərməli deyilik. Tramp administrasiyasının hansı ideoloji-siyasi yanaşması varsa, onun mühakiməsini ABŞ vətəndaşlarının öz mülahizələrinə buraxmalıyıq.
Bizi maraqlandıran ABŞ xalqı adına qərar verən, dövləti legitim olaraq təmsil edən prezident və onun administrasiyası ilə münasibətləri, o cümlədən ABŞ-ın digər dövlət və qeyri-dövlət institutları ilə münasibətləri, ölkələrarası və xalqlararası münasibətlərin kontekstində qiymətləndirməkdir. Ölkəmiz və xalqımızın marağı nəyi tələb edirsə, ona uyğun siyasətin aparılmasını dəstəkləməliyik.
Dünya siyasətində ABŞ-ın rolu və imkanları, iqtisadi, hərbi, siyasi gücü hər kəsə bəllidir. Ölkəmizin və Cənubi Qafqaz regionunun təhlükəsizliyində, iqtisadi siyasi inkişafında, demokratikləşməsində də ABŞ ilə münasibətlər çox önəmlidir.
Yuxarıda qeyd etdiyim faktorlar səbəbindən baş verən geopolitik dəyişikliklər və təsir imkanlarının artması, ABŞ-ın regionda aktivliyinin artmasına gətirib çıxarıb. Bu gerçəkliyi yaxşı dəyərləndirmək lazımdır. Bu münasibətləri Tramp-Əliyev əlaqələri yox, ABŞ-Azərbaycan münasibətlərinə (dövlətlərarası və xalqlararası) çevrilməsinə nail olmalıyıq.
Ötən illərin təcrübəsi göstərir ki, ABŞ digər qərb dövlətlərinin əksəriyyətindən fərqli olaraq Azərbaycanla münasibətləri təkcə hökumətlərarası deyil, o cümlədən cəmiyyətimizin müxtəlif spektri, ictimai-siyasi tərəfləri ilə də qurmağa çalışıb. Bu, zaman-zaman Əliyev rejimini narahat etsə belə, Vaşinqton Azərbaycan xalqı ilə münasibətlərin inkişafında o cümlədən müxtəlif icmalardan tutmuş siyasi partiyalara qədər əlaqələri geniş tutmağa davam edib. Buna görə də cəmiyyət olaraq səylərimizi birləşdirməli, bu yanaşmanın davamına və inkişafına fokuslanmalıyıq.
ABŞ tərəfinə də bu gözləntimizi açıq və səmimi şəkildə çatdırmağa davam etməliyik. Belə ki, nəzərdə tutulan ikitərəfli strateji münasibətlərin və sənədlərin hazırlanmasında təkcə mövcud Əliyev hökumətinin prioritet saydığı mövzulara deyil, həmçinin xalqımızın geniş maraqlarını təmin edəcək fundamental məsələlərin yer almasına əhəmiyyət verilməlidir. Ölkəmizin demokratikləşməsi, iqtisadi, sosial, siyasi, hüquqi inkişafı, yaxşı idarəetmə və hüququn üstünlüyü, şəffaflıq, hesabatlıq və sivil insan haqlarının təmini kimi məsələləri əhatə etməsi cəmiyyətimizin əsas gözləntilərindəndir.
Cənubi Qafqazda sülhün və təhlükəsizliyin sabit və dayanıqlı olmasında üç ölkənin demokratikləşməsi zərurəti inkarolunmaz bir gerçəklikdir. Xalqımızın idarəetmədə maneəsiz iştirakı, azadlıqların təmini, fərqli baxışlara görə təqiblərin yolverilməzliyi, mübahisələrin müstəqil məhkəmədə həll imkanları və s. belə fundamental məsələlərdəndir. Dünyada azadlıqların yayılmasında, xalqların demokratik inkişafında ABŞ-ın əsas aparıcı rol oynadığı inkar olunmaz bir gerçəklikdir.
Ona görə də Azərbaycanın demokratikləşməsini istəyən cəmiyyət olaraq, ABŞ-ın mövcud hakimiyyəti Tramp administrasiyasını da bu tarixi ənənə və təcrübələrin davam etdirilməsində fəal rollarını artırmağa çağırmalıyıq. Bu məqsədlə bizimlə həmfikir olan bütün tərəflərə müraciət edirəm. İstər vitse-prezident Vensin ölkəmizə səfəri, istərsə də dövlətlərası strateji tərəfdaşlığın qurulması üçün yaradılan işçi qrupunun nümayəndələrinə, gündəliklərində Azərbaycanın demokratikləşməsinə töhfə verəcək məsələlərin, mesajların prioritet olaraq əks olunmasına xüsusi əhəmiyyət vermələri barədə çağırışlara, müraciətlərə, advokasi işlərinə ehtiyac var. Əliyev ailəsi özünü Azərbaycanda qalıcı hesab edə bilər. ABŞ xalqı və onun iradəsini yerinə yetirənlər yaxşı fərqindədirlər ki, bu belə deyil. Azərbaycan xalqının, eləcə də Cənubi Qafqaz xalqlarının sülh və əminamanlıq, yüksək ləyaqətli şəraitdə yaşamasının təminatı ABŞ ilə yaxın və strateji münasibətlərin inkişafından keçir.
Yuxarıda qeyd edənləri nəzərə alaraq və vitse-prezidentin səfərini fürsət bilərək həm ABŞ hökumətinə (səfirlik, Ağ ev, Dövlət Departamenti və s.) və Konqresə həm də digər institutlara bu istiqamətdə müraciətlər təşkil etmək vacibdir. Müraciətlər siyasi məhbuslar, ayrı-ayrı ictimai-siyasi qruplar (və ya hamısı birlikdə) tərəfindən edilə bilər. Müvafiq petisiyalar yaradıla bilər, məsələn, “Regionda sülh üçün azadlıqlara diqqət et”, “Səfər gündəliyinizə regionun, dövlətlərin demokratikləşməsini daxil edin” və s. adlı petisiyalarla Vensə, Tramp administrasiyasına kampaniyalar aparmaq olar. Bu istiqamətdə advokasi fəaliyyətini gücləndirmək üçün ABŞ-ın və digər beynəlxalq icmalardan, QHT-lərdən və media quruluşlarından, həmçinin ictimai fərdlərdən də dəstək almaq olar. Bu istiqamətdə fəaliyyət göstərən dostlarımızı səylərini birləşdirməyə çağırıram. Güc birlikdən doğar! Azərbaycan üçün birləşək!
Unutmayaq, ölkəmizin taleyi öz əlimizdədir. Nə qədər yerli və beynəlxalq icmalarla inkişaf etmiş ölkələrlə sıx təmas qursaq, bir-iki addım atsaq, qaranlığımızın işıqlı sabaha açılmasına o qədər tez nail olacağıq.
