Almaniya İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq ölkə xaricində daimi hərbi birlik yerləşdirmək qərarı verib. Berlin hökuməti NATO çərçivəsində Litvada tammiqyaslı zirehli briqadanın yerləşdirilməsinə başlayıb.
Məlumata görə, Bundesverin 45-ci Zirehli Briqadası Litvada daimi əsasda fəaliyyət göstərəcək. Briqadanın şəxsi heyətinin sayı mərhələli şəkildə artırılaraq 2027-ci ilə qədər təxminən 5 min hərbçiyə çatdırılacaq. Bu addım Alman ordusunun müharibədən sonrakı tarixində xarici ölkədə ilk uzunmüddətli və daimi yerləşdirmə hesab olunur.
Almaniya Müdafiə Nazirliyi bildirib ki, yerləşdirmə sırf müdafiə xarakteri daşıyır və NATO-nun şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. Qərar Rusiya-Ukrayna müharibəsindən sonra Avropada artan təhlükəsizlik riskləri fonunda qəbul edilib.
Rəsmi Berlin vurğulayıb ki, bu addım Almaniyanın birbaşa hərbi münaqişəyə qoşulması anlamına gəlmir və Ukrayna ərazisinə döyüş qoşunlarının göndərilməsi planlaşdırılmır.
