ABŞ vitse-prezidenti Ceyms Vensin bölgəmizə, o cümlədən Azərbaycana səfəri çox mühim hadisədir, Cənubi Qafqazın dünya siyasətində önəminin sübutudur. Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində, yerinin, nüfuzunun və çəkisinin artdığını da sübut edir.
JD Vance-in gündəmində bölgədə sülhün möhkəmlənməsi və kommunikasiya xəttlərinin açılması əsas yer tutacaq. Bundan başqa, Cənubi Qafqaz, o cümlədən Azərbaycan, böyük ABŞ şirkətləri üçün regional data mərkəzlərinin qurulması üçün də önəm daşıyır. Data mərkəzlər rəqəmsal məlumatların saxlanılması, emalı və təhlükəsiz idarə olunması üçün nəzərdə tutulur, bunun üçün böyük enerji mənbəyi və ona bağlı soyutma infrastruktu lazımdır. Azərbaycanda yaxın illərdə enerji istehsalı (elektrik enerjisi) kəskin artacaq, yüksək gəlirli və elm tutumlu sahə olan data mərkəzlərinin ölkəmizdə yaranmasına nail olsaq, bu ciddi uğur sayılacaq.
Gələk sülh məsələsinə – Azərbacan-Ermənistan münasibətləri sürətlə yaxşılığa doğru irəliləyir və bu müsbət haqdır. ABŞ və Tramp məsələnin mərkəzinə yerləşdikdən sonra münasibətlərin yaxşılaşması daha yüksək sürətlə baş verir.
Sülh müqaviləsi paraflanıb, amma hələ ki, imzalanma və ratifikasiya məsələsi həll edilməyib. Azərbaycanın haqlı tələb və gözləntiləri var, Ermənistan Konstitusiyasının preambulasında ölkəmizə qarşı ərazi iddiaları kimi qavranılan müddəalar çıxarılmalıdır.
7 iyunda Ermənistanda seçkilərdir, düşünrəm ki, bu seçkilərdən öncə də müqaviləni imzalamaq olar, bəlkə də, lazımdır. Seçkilərə qədər Ermənistan yeni Konstitusiyanın mətnini dərc edəcək, çünki, seçkidən həmən sonra referendum olacaq. Əgər Konstitusiyanın yeni redaksiyası, layihəsi Azərbaycanın gözləntilərinə tam cavab versə, seçkiyə qədər də paraflanmış müqavilə imzalana bilər. Bu da, Paşinyan komandasının sülh üzərinə qurulmuş seçki kampaniyasına dəstək olar. Yəni, imzalanmaq olar, amma, parlamnetlər tərəfindən radifikasiya edilməsi seçkidən, referendumdan sonraya qala bilər.
Məncə, bu ssenari cəlbedicidir və sülh prosesinin daim müsbət tonusda, pozitiv dinamikada saxlamağa yardımçı ola bilər…
