CəmiyyətHadisəKriminal

Nəyi İDRAK etmədik?

Bu gün “İdrak” liseyində şagirdin müəllimi güllələməsi mövcud bir problemi daha qabarıq şəkildə yenidən gündəmə gətirdi. Haqlı olaraq sual yaranır: Silah uşağın əlində nə gəzirdi?

Əgər silah qanunidirsə, valideyn bunun saxlanılması qaydasına mütləq əməl etməli idi. Əgər qanunsuzdursa, yenə məsuliyyəti daşıyan valideyndir.

Təbii ki, yüksəködənişli özəl şəkildə fəaliyyət göstərən “İdrak” liseyinin təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması da ayrıca müzakirə mövzusudur. Düzdür, ilk baxışdan heç kim bu ehtimalı nəzərə almayaraq, bir şagirdin məktəbə odlu silah gətirəcəyini ağlının ucundan belə keçirmirdi. Amma bir işi peşəkar səviyyədə görürsənsə, bunun üçün valideynlərdən yüksək məbləğdə təhsil haqqı alırsansa, deməli, bütün fors-major hallar, ehtimallar gözdən keçirilməli idi.

Digər problem isə bu qədər sivil bir ölkədə bəzi şəxslərin qanunsuz silahlanmaya həddindən artıq maraq göstərməsidir. Bununla bağlı Daxili İşlər Nazirliyi mütəmati olaraq əməliyyat və profilaktik tədbirlər davam etdirir. Hətta çağırışlar edərək, əgər kimdəsə qanunsuz silah varsa, bunun aidiyyəti üzrə təhvil verilməsini, yalnız bu halda məsuliyyətdən azad olunacağını bildirir. Amma görünən odur ki, qanuni tələblərə, çağırışlara hələ də əməl etməyənlər var.

Əvəzində isə son illərdə daha çox Qarabağa səfər edənlər oradan tapdıqları silah-sursatları özlərinə götürməklə cinayət məsuliyyətinə yol açırlar.

Belə çağırışlara məhəl qoymamağın sonu da əksər hallarda faciə ilə bitir. Əgər evdə silah varsa, bu, gec-tez işə düşəcək. Yox, əgər işə düşməyəcəksə, o zaman niyə evdə saxlanılır?

Yadıma gəlir ki, son illərdə Azərbaycan rayonlarının birində qayınata öz kürəkəninə ad günündə odlu silah hədiyyə etmişdi. Növbəti ailə münaqişəsində kürəkən ona hədiyyə edilən silahla qayınatasının qızını, öz həyat yoldaşını güllələmişdi…

Qısa arayış olaraq bildirək ki, 2025-ci ildə ümumilikdə 5199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1079 döyüş silahı, 2183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.

Amma qanunsuz silahlanmanın qarşısını almaq təkcə polis işi deyil — bu prosesdə cəmiyyət də iştirak etməli, öz rolunu dərk, İDRAK etməlidir. Nəzərə almaq lazımdır ki, bu prosesdə cəmiyyət susanda qanunsuz silahlanma güclənir. Cəmiyyət reaksiya verəndə isə silah “güc aləti” yox, təhlükə və utanc mənbəyi kimi görülür. Ən böyük dəyişiklik məhz bu nöqtədə başlayır.

İnsan qanunsuz silahlanma ilə bağlı şübhəli halları gördükdə dərhal müvafiq qurumlara bunu bildirməlidir. Vaxtında verilən məlumatlar bir çox ağır cinayətlərin qarşısını ala bilər. Bu baxımdan anonim məlumatvermə mexanizmləri cəmiyyətlə dövlət arasında körpü rolunu oynayır.

Gəlin, vaxtında İDRAK edək…

 

Emin Səfərov

Tacxeber.com

Oxşar xəbərlər

Viktor Yanukoviçin keçmiş müşaviri Madriddə güllələnib

admin

General niyə işə çıxmır?

redaktor

Azərbaycan kriminal avtoriteti Hindistana verir

admin