DünyaSiyasət

Rusiyada yoxsulluq da, müharibə itkiləri də artır – Real ölü sayı 385 minə çata bilər

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hərbi itkilərin regionlar üzrə bölgüsü açıq bir qanunauyğunluğu üzə çıxarır: yoxsulluq səviyyəsi nə qədər yüksəkdirsə, itkilər də bir o qədər çoxdur.

Tacxeber.com xəbər verir ki, bu barədə BBC-nin Rus xidmətinin yaydığı materialda bildirilir.

Yazı daha əvvəl “The Bell” nəşrində dərc olunan və rusiyalı analitik Aleksandr Kolyandr tərəfindən aparılan təsdiqlənmiş itkilərin detallı təhlilinə əsaslanır. BBC jurnalistləri “Mediazona” və könüllülər qrupu ilə birlikdə 6 fevral tarixinə qədər Ukraynada həlak olmuş 173 mindən çox Rusiya hərbçisinin adını müəyyənləşdiriblər. Söhbət yalnız açıq mənbələr əsasında təsdiqlənmiş itkilərdən gedir və real rəqəmlərin daha yüksək olduğu vurğulanır.

Kolyandr könüllülərin topladığı demoqrafik məlumatları təhlil edərək qeyd edir ki, məsələn, Zabaykalye diyarının sakinlərinin müharibədə həlak olma ehtimalı moskvalılardan 15 dəfə çoxdur. Rəsmi statistikaya görə, bu regionda əhalinin 15 faizdən çoxu yoxsulluq həddindən aşağı yaşayır. Moskva isə ən aşağı göstəriciyə malikdir: paytaxtda ölənlərin region əhalisinə nisbəti cəmi 0,02 faiz təşkil edir.

Ən yüksək itki payı Tuva və Çukotkada(0,5%), eləcə də Buryatiyada(0,4%) qeydə alınıb. Bu regionların hamısı yoxsul bölgələr sırasında yer alır. Ümumi tendensiyadan istisna isə Şimali Qafqaz respublikalarıdır. Rəsmi statistikaya görə, bu regionlar da yoxsul hesab edilsə də, adambaşına düşən itkilər Moskva və Sankt-Peterburqla müqayisə edilə biləcək səviyyədədir.

Aleksandr Kolyandr bunu həmin bölgələrdə güclü ailə bağları və geniş yayılmış kölgə iqtisadiyyatı ilə izah edir. Onun sözlərinə görə, rəsmi olaraq yoxsul görünən əhali qruplarının real həyat şəraiti bəzən Rusiyanın digər regionlarındakı ən kasıb təbəqədən daha yaxşı ola bilər. Analitik hesab edir ki, itkilərin regionlar üzrə bölgüsü Kremlin müharibənin əsas yükünü Moskva, Sankt-Peterburq və Şimali Qafqazdan uzaq saxlamağa çalışdığını göstərir.

Könüllülərin məlumatına əsasən, hazırda həlak olanların 56 faizi könüllülər, səfərbərliyə cəlb edilənlər və həbsxanalardan müharibəyə göndərilmiş məhkumlardır. Eyni zamanda, məhkumların və zabitlərin (əsasən müqaviləli hərbçilər) payında azalma müşahidə olunur.

Analitiklərin fikrincə, Rusiya ordusunun real itkiləri 267 minlə 385 min 500 nəfər arasında dəyişə bilər. Moskva isə müharibədəki itkilərlə bağlı rəsmi statistika açıqlamır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə PKK-nı bitirdi, CHP isə yenə gecikdi

redaktor

Paşinyan çıxış edəndə işıqları söndürdülər – Video

redaktor

“Bəzi məsələlərdə ABŞ ilə eyni mövqedə deyilik” – Zelenski

redaktor