4 fevral 2026-cı il tarixində Z-kanalları və Rusiya “müharibə müxbirləri” cəbhə xəttində Starlink peyk rabitəsində geniş yayılmış fasilələr barədə məlumat veriblər. Peyk rabitəsi həm Rusiya, həm də Ukrayna tərəflərində sıradan çıxıb. Rabitənin itirilməsi, xüsusən də alternativlərin olmadığı Rusiya üçün döyüş komandanlığını və nəzarətini çətinləşdirir. Ukrayna tərəfi terminalların işlədiyini, lakin fasilələrlə işlədiyini qeyd edir.
Ukrayna Rusiya tərəfindən istifadəsini məhdudlaşdırmaq məqsədilə Starlink terminalları üçün “ağ siyahı” təqdim edib. Nədir bu “ağ siyahı”? Məlumdur ki, Rusiyaya tətbiq edilmiş sanksiyalar səbəbindən bu ölkənin terminalları Starlink peyk internet resursunun imkanlarından istifadə edə bilməzdi. Amma müharibə bölgəsində “at izi it izinə qarışdığından” rus hərbçiləri də Starlinkin imkanlarında qaçaqmalçılıq yolu ilə faydalanırdılar. Rusiya ordusu terminallardan dronları işə salmaq üçün istifadə edir və bu terminallardan Ukraynaya hücum etmək üçün yararlanırdı. Bu terminallar üçüncü ölkələr vasitəsilə qanunsuz olaraq Rusiyaya qaçaqmalçılıq yolu ilə gətirilirdi. Rusiya Z-kanalları qeyd edirlər ki, Rusiya ordusunda “Starlink peyk internetinə sadəcə alternativ yoxdur” və “döyüş komandanlığı və nəzarəti də daxil olmaqla bir çox şey bundan asılı idi”.
Yanvar ayının sonunda Ukraynanın yeni müdafiə naziri Mixaylo Fedorov SpaceX şirkətinin baş direktoru Elon Maska müraciət edərək Rusiyanın Starlink peyk rabitə sistemindən istifadəsinin qarşısını almağı xahiş edib. Mask bildirib ki, şirkət tədbirlər görüb və onlar “effekt verməyə başlayıb”. Ukrayna da öz növbəsində Starlink peyk rabitə terminalları üçün “ağ siyahı” təqdim edib; indi də siyahıya daxil olmayan terminallar bağlanıb. Ukraynada fəaliyyət göstərən qeydiyyatda olmayan terminallar da siyahıya əlavə edildikcə Starlinkin xidmətindən istifadə edə biləcəklər.
Rusiyalı təbliğatçı Vladimir Solovyov necə əsəbiləşibsə, Trampın Maska zəng edib Starlink məsələsini həll etməsini istəyir. Əks halda, təbliğatçı Starlink fabriklərini və kosmosdakı peykləri bombalamaqla hədələyir…
