Dünən axşam İranın Türkiyədən və digər müsəlman ölkələrin vasitəçiliyindən imtina etməsinin səbəbləri barədə yazmışdım. İddiama görə, əsas səbəb İranın ABŞ-la bəzi sövdələşmələrə getmək istəyidir.
Facebook dostlarımdan biri yazımın altına belə bir şərh yazıb: “Tamamilə başqa səmtə aparan analizdir. Mən yazılarını oxuduqlarımla heç düz gəlmir”. Oxucunun bu incə iradını nəzərə alıb, istərdim ki, analizimin niyə başqalarının mövqeyi ilə üst-üstə düşmədiyinə aydınlıq gətirim.
Bu ilk növbədə onunla bağlıdır ki, mən ABŞ-ın İran qarşısında irəli sürdüyü bütün şərtləri bəhanə hesab etdiyimdən həmin şərtləri incələməmişəm. Əsl səbəblər üzərində dayanmışam. ABŞ-ın şərtlərinə niyə bəhanə kimi baxıram, gəlin, sizə bundan danışım.
Məsələ burasındadır ki, ABŞ-ın irəli sürdüyü 4 əsas tələb İranın əsla qəbul edə bilməyəcəyi şərtlərdir. ABŞ İrana bu şərtləri qəbul etdirməyə çalışırsa, deməli, məqsədi anlaşmaq yox, hücuma keçmək üçün “səbəb” istehsal etməkdir. Buna isə bizim dildə bəhanə deyirlər.
ABŞ-ın ilk şərti nüvə zənginləşdirməsindən əl çəkməkdir. İran ilk qurulduğu illərdə İraqla girdiyi müharibədə 1 milyondan çox adam itirdikdən sonra özünün ən etibarlı müdafiə strategiyasının nüvə silahı olduğunu anladı və bu istiqamətdə addımlar atmağa başladı. İndi durub birdən-birə nüvə strategiyasından imtina etməsi onu yenidən 1980-ci illərdəki zəif vəziyyətə sala və düşmənlərini İrana hücum etməyə həvəsləndirə bilər. Fikrimcə, Tehran nəyin bahasına olursa olsun nüvə strategiyasından vaz keçməyəcək.
ABŞ-ın ikinci tələbi İrana bağlı proksi qüvvələrindən imtina etməsidir. Proksi qüvvələrinə yönəlməsi də İranın ən mühüm müdafiə strategiyalarından biridir. İran rəsmilərinin fikrincə, Yaxın Şərqin müxtəlif yerlərində fəaliyyət göstərən və “müqavimət oxu” adlanan proksi qüvvələri ona ediləcək xarici hücumları sərhədlərindən kənarda qarşılamaq imkanı verir. İran öz proksilərindən imtina edərsə, məcburən düşməni ölkənin sərhədləri daxilində qarşılamalıdır. Bu isə böyük dağıntılarla qarşılaşmaq mənasına gəlir.
Üstəlik, müsəlman ölkələrinin müxtəlif yerlərinə basdırılmış bu canlı minalar İranın beynəlxalq müzakirələrdə təsir gücünü artırır, onu bir növ regional gücə çevirir. “Müqavimət oxu”ndan imtina İranı regional güc mərkəzindən lokal dövlətə çevirə bilər ki, Tehran bu tale ilə barışmaq istəmir.
ABŞ-ın digər tələbi SEPAH kimi dini rejimə bağlı silahlı qüvvələrdən imtinadır ki, hətta Xamenei istəsə belə, bunu şərti yerinə yetirə bilməz. İran iqtisadiyyatının 60%-ni öz əlində cəmləşdirən, son zamanlar hətta neft idxalının yarısını ələ keçirən SEPAH onun kim olduğuna baxmaz, basıb adamın gözünü çıxarar.
Dördüncü tələb isə ballistik raket ehtiyatları azaldıltmaq və onların mənzilini İsraili vura bilməyəcək qədər qısaltmaqdır. İran bunu da etməz. Çünki İsraili vurmaq təhdidi onun əlində bəlkə də atom bombasından daha güclü silahdır. Hər dəfə başı ABŞ-la dərdə girəndə “Mərg bər İsrail” deyə bağırıb Tel-əvivin və Vaşinqtondakı yəhudi lobbilərinin incə damarına neştər soxur. Onlar da hərəkətə keçib ABŞ prezidentlərini öz yerində oturdurlar.
Bir sözlə, ABŞ-ın irəli sürdüyü tələblər İranın həqiqi qırmızı cizgiləridir və Tehran bu qırmızı cizgilərini nəyin bahasına olursa olsun qorumağa məhkumdur. ABŞ-ın da ondan qırmızı cizgilərindən vaz keçməsini tələb etməsi onu göstərir ki, Donald Tramp İranı vurmaq üçün bəhanə axtarır.
