DünyaGündəmSiyasət

Trampın “qarın ağrısı”nın dərmanı – Çindən kəsilib Hindistana axıdılacaq İran nefti

İran ABŞ-la danışıqlarında Türkiyənin vasitəçiliyindən imtina edib.

O, cümə günü Türkiyədə keçirilməsi gözlənilən görüşün Omanda təşkil olunmasını istəyir.

Türkiyə ilə yanaşı Yaxın Şərqin digər ölkələrinin də görüşdə iştirak etməsini arzulamır. Yəni ABŞ-la baş-başa qalmaq niyyətindədir.

Bəs, səbəb nə ola bilər?

Fikrimcə, tet-a-tet görüşün əsas səbəbi İranın ABŞ-la şok razılıqlar əldə edə biləcəyinə inamından irəli gəlir. Bunun üçün isə təbii ki, heç kimin gözləmədiyi güzəştə getməyə hazırlaşır. Şokedici güzəşti isə hər kəsin gözü qarşısında etməyi öz dövlət imicinə yaraşdırmır.

Bu güzəşt nə ola bilər?

Ötən yazılarımda da qeyd etdiyim kimi, ABŞ-ın Hörmüz boğazına öz hərbi gəmilərini toplamasının əsl səbəbi İrana zərbə endirmək deyildi. Məqsəd Fars körfəzinin “qapısının ağzında” Dəli Domrul kimi dayanıb keçəndən 1 abbası, keçməyəndən 2 abbası almaq idi. Bununla da Çinin və Hindistanın ən önəmli enerji təchizatı bazarına nəzarət etmək istəyirdi və buna da nail olub. İran da ABŞ-ın “qarın ağrısının” əsl səbəbini anlayır və ona gedəcəyi sürpriz güzəşt də bu istiqamətdə ola bilər. Yəni deyə bilər ki, sənin dərdin bu iki Asiya nəhənginə neft təchizatına nəzarət etməksə və məndən həmin istiqamətdə hansısa addım gözləyirsənsə, niyə onda zəhmət çəkib mənim üzümə bir şillə vurub əlini ağrıdırsan? Mən hazır sən deyənə. Şillə vurmadan mənim özümü al, qullar karvanına qoş.

Qeyd edim ki, İrandan əvvəl Venesuelada hərbi əməliyyat keçirən ABŞ orada da eyni oyunu oynamışdı. Faktiki olaraq, Venesueladan Çinə nəql olunan neft ixracını dayandırmış və həmin xammalı Hindistana satmağa qərar vermişdi. Zira bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışığı aparmış və çox mühüm razılıqlar əldə etmişdir. Özünün “Truth Social” sosial şəbəkə paylaşımında bildirdiyinə görə, Modi Hindistanın Rusiyadan neft alışını azaltmağa, hətta dayandırmağa, bunun əvəzində Venesueladan xammal almağa razılıq vermişdir. Tramp bunu neft gəlirlərindən çox asılı olan Moskvanın “Ukraynadakı müharibənin bitməsinə kömək edəcək” bir formul kimi qiymətləndirmişdi.

Sözsüz ki, təkcə Venesuelanın hazırda hasil etdiyi neftlə Hindistanın yaralı barmağına məlhəm olmaq mümkün deyil. Hindistan Rusiyadan gündəlik 1.8 milyon barel neft alırdı. Venesuelanın Çinə satdığı neft isə 2023-cü ilin statistikasına görə, gündəlik 400.000 – 500.000 barel civarında idi və bu rəqəm son iki ildə dəyişilməyib. Belə çıxır ki, Rusiyanı əvəz etmək üçün hələ gündəlik 1.3 milyon barel neftə ehtiyac var.

Maraqlıdır ki, Hundistanın neft naziri Hardip Sinqh Puri ötən ay “Bloomberg” agentliyinə verdiyi məlumata görə, bu ölkə Rusiyadan tədarük etdiyi gündəlik 1,8 milyon barel nefti 1,3 milyon barelə qədər azaltmağı düşünür. “Bu, yeni təchizat mənbələrinin yaranması ilə bağlıdır. Hindistan əvvəllər 27 ölkədən neft alırdısa, indi onların sayı 41-ə çatıb”, – deyə nazir bildirirdi.

Nazirin sözündən belə anlaşılır ki, Hindistanın Rusiyadan neft alışını tam dayandırmaq üçün ən azı 3 Venesuela kimi neft mənbəyinə ehtiyacı var. Bəs, o mənbələrdən biri İran ola bilərmi?

Niyə də olmasın? İran neftinin üzünü it yalamayıb ki.

Sirr deyil ki, qurulduğu gündən etibarən hər 10 ildən bir gah “Qərbə baxış”, gah da “Şərqə baxış” strategiyaları ilə Qərblə Şərq arasında var-gəl edən İran üçün də Çini və Rusiyanı bir qotur keçiyə satıb ABŞ-ın qucağında oturmaq o qədər də çətin peşə deyil. İran zatən bu mövqe dəyişikliklərinə öyrəşmiş dövlətdir. Yetər ki, ABŞ-la danışıqlar alınsın.

İranın qarşısında sadəcə bir sual cavablanmamış qalır: ABŞ ona yenə də qucağında yer verəcəkmi?

Trampın çox da dərin düşünmədiyini və fikirlərini tez-tez dəyişdirməsini nəzərə alsaq, İranın bu ümidləri əsassız deyil və son zamanlar ABŞ-ın bu ölkəyə qarşı ritorikasının dəyişilməsi də bu ehtimalı gücləndirir.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ PKK ilə müttəfiqliyə rəsmən son qoydu

admin

Vasif Talıbov xəstələndi: Xüsusi təyyarə ilə həkimlər gəldi

redaktor

Azərbaycanda xəstəxananın şöbə müdiri qətlə yetirildi – Foto

redaktor