Suriya PKK-çılarının yayımlarını dinləyir və çox üzülürəm. Adamlar Osmanlı türkçəsi ilə danışmalarına rəğmən rəsmən Türk düşmənçiliyi edirlər. Mənə ən qəribə gələn isə öz separatçı təbliğatlarına Səlahəddin Əyyubinin adını qarışdırmalarıdır. Halbuki, Səlahəddin Əyyubi etnik kökəni etibarilə hər hansı millətə mənsub olub-olmamasına baxmayaraq, ən böyük Türk sərkərdələrindən biri idi.
Tarixi rəvayətlərə inansaq, əslən Azərbaycanın tarixi dövlətlərindən Rəvvadilər sülaləsindən gələn bu böyük dövlət adamı və sərkərdəsi türklüyü şübhə doğurmayan Zəngilər dövlətinin sarayında yetişmişdir. Türk gələnəkləri onun yetişməsində mühüm rol oynamışdır. Əmisi Şirkuh Zəngi sultanları İmadəddin və Nurəddin Zənginin ən sadiq əyanlarından olmuşdur. Zəngilər xanədanlığı isə Böyük Səlcuq imperatorluğunun Mosul-Hələb Atabəyliyinin digər adı idi. Əyyubi xanədanlığının özünü belə bu mənada Zəngi sülaləsinin, həmçinin Səlcuqlu dövlət irsinin davamı saymaq olar.
Səlahəddin Əyyubinin qardaşları belə qədim türk adları daşıyırdılar: Turanşah, Tuğtəkin və Börü. Yaşadığı 12-ci əsrdə Səlcuq Oğuzları İslamı yeni qəbul etdiyindən qədim türk adları daşıdığını nəzərə alsaq bu adların təsadüfən seçilmədiyini anlaya bilərik. Daha aydın təbirlə desək, Səlahəddin Əyyubinin qardaşlarının adının türkcə olması həmin ailənin Türk kültürü çevrəsində yaşadığını təsdiqləyir.
Qardaşlarının adının mənasına gəlincə, Turanşahın nə anlama gəldiyini izah etməyə, zənnimcə, ehtiyac yoxdur. Tuğtəkin sözündəki “tuğ” qədim türkçədə rütbə, “təkin” isə bəy, igid, hökmdar anlamına gəlirdi. Bu gün belə, Azərbaycanda “Təkin” ibarəsi bəzi sözlərə qoşularaq mürəkkəb ad kimi işlədilir. Məsələn, Gültəkin kimi. Bu gün qadın adı kimi istifadə olunan Gültəkin vaxtilə kişi adı idi və təsadüfi deyil ki, yazılı Türk tarixi belə, Kül-tikin (Gültəkin) abidələrindən başlayır.
“Börü” sözü isə qədim Türk dilində qurd demək idi və bu heyvana babalarımız müqəddəs varlıq kimi baxırdılar.
Qeyd edim ki, Səlahəddin Əyyubidən qısa müddət əvvəl indiki Suriya ərazilərində Börülər atabəyliyi hökm sürmüş və onun qurucusunun adı Zahir əd- Din Tuğtəkin idi. Səlahəddin Əyyubinin atasının oğullarından birinin adını Börü, digərinin adını isə Tuğtəkin qoyması bəlkə də bu tarixi hadisəni ədəbiləşdirmək istəyindən irəli gəlirdi. Necə ki, biz də bu gün öz övladlarımıza tarixi qəhrəmanlarımızın adını qoyuruq.
Qısası, Səlahəddin Əyyubi elə nadir şəxsiyyətlərdəndir ki, Türklərlə Kürdləri, hətta Ərəbləri də birləşdirir və onu yalnızca hansısa millətə məxsus hesab etmək yanlışdır. O, öz misilsiz sərkərdəlik qabiliyyəti ilə Qüdsü xristian işğalçılarından xilas etmiş böyük İslam qəhrəmanıdır və bu böyük şəxsiyyətin hər kəsdən daha çox biz türklərə aiddiyyatı var.
