ABŞ-la İran arasında hər an baş verəcək toqquşmadan region ölkələri çox narahatdır.O cümlədən Azərbaycan hökuməti gedişatı səssiz izləməklə ortaya mövqe qoymağa tələsmir.
12 günlük qeyri-rəsmi müharibədə İran çox zəif təsir bağışlasa da, əsasən Çin texnologiyasına üstünlük verərək sürətlə ölkənin bütün hərbi əhəmiyyətli sistemlərini yeniləməyə başladı.
Hazırda İran Çinin sayəsində əvvəlkindən daha hazırlıqlı görünür.
ABŞ İrana hərbi müdaxilə etməkdə tələsmir.Çünki Çin kəşfiyyatı müqavimət göstərir.Öncədən kəşfiyyat məlumatları ötürməklə yaranan boşluqları aradan qaldırmaqda İrana maksimum kömək edir.
D.Tramp administrasiyası yaxşı başa düşür ki, ani səhv ABŞ-nın hərbi nüfuzuna böyük xələl gətirər.
Nə ABŞ-na , nə də İsrailə İran xalqı maraqlı deyil.Müsəlman ölkəsində demokratik cəmiyyətin qurulması, İslamın ayaqlanmasına təkan verər və bu daha risklidir.
Çin dövlətinə isə ABŞ-la müharibə baş verəcəksə, İranın sınaq meydanına, poliqona çevrilməsi maraqlıdır.
Hər iki supergüc sərhədlərindən kənarda gücünü sınamağa çalışır.
İlk mərmini Çin atmamaqda israrlı olsa da, yaxşı başa düşür ki, ABŞ-la birbaşa döyüş məhvinə səbəb olar.
Amerika Birləşmiş Ştatlarının hazırda qırx minə yaxın əsgəri İran ətrafında cəmlənsə də, Cənubi Koreya, Tayvan, Yaponiya, Avstraliya kimi müttəfiq dövlətlərin hərbi əsgəri gücü qısa zamanda böyük ordu toplamağa kifayyət edir.
İrana hazırda Rusiya-Çin-Şimali Koreyanın tam dəstək verdiyini desək, yanılarıq.
Rusiya İran-Çin ittifaqına dəstək verirmiş kimi görünsə də, həqiqətdə Rusiya Ukrayna bataqlığından xilas olmağın yollarını axtarır.Bunun üçün həran ABŞ-la razılaşmaya gedə bilər.
Şimali Koreya ordusu isə o qədər də güclü deyil.Baxmayaraq ki, bir milyondan çox əsgər sayı var.Lakin silah-texnika baxımından çox geri qalır.Atom bombasının sayəsində Ş.Koreya öz varlığını qorumağı bacarır.Hər hansı açıq quru döyüşlərində Ş.Koreya ordusu yüksək döyüş hazırlığına malik deyil.
Ən azından Ukraynaya göndərilən 12 minlik ordunun qısa zamanda necə darmadağın edilməsinin şahidi olduq.
Çin yaxşı başa düşür ki, İran son tramplindir və məğlub olarsa, meydanda tək qalacaq.
ABŞ və müttəfiq ordularına qarşı təkbaşına döyüş ölümə bərabərdir.
Buna görə də Çin İrana maksimum dəstək göstərir ki, ABŞ-nı müdaxilədən çəkindirsin.
Çinin daxili siyasətində də gərginliklər baş verməkdədir.Prezident Tsin Pinin ən yaxın adamı, ölkənin ikinci adamı, ordu generalı xəyanətdə ittiham olunur.
Həqiqətdə Çin bu savaşdan daha çox qorxur və İranın ABŞ-la daha tez razılaşmasını istəmir.
Çin tərəfi razılaşmadan öz payını götürmək və uzunmüddətli savaşdan yayınmaq üçün İrana sonadək dəstək verməkdə qərarlıdır.
Bir neçə gündən sonra ABŞ-nın vitse-prezidenti Ceyms Vens Bakıya səfər edəcək.Əlbəttə ki, bu səfər kritik məqamda regionda baş verəcəkləri müzakirə etmək üçün baş tutacaq.
Görünən odur ki, Lyuk Koffinin “Hazır Olun” paylaşımı əbəs yerə edilməyib.
Region qarışarsa, Azərbaycanın ortaya açıq mövqe qoyması istəniləcək.
Böyük Britaniyanın Baş Naziri Kir Starmerin Çinə səfəri və prezident Tsi ilə görüşü rəsmi Londonun Çinlə uzunmüddətli əməkdaşlığa açıq olmasına işarədir.
Çin qarşıdurmadan qazanclı çıxmaqda daha maraqlıdır və qarant istəyir.
İranın xarici İşlər Naziri Abbas Araqçinin Ankaraya səfəri isə ABŞ-a istədiklərini verməyə hazır olduqlarının mesajıdır və əvəzində İran hökumətinin hakimiyyətdə qalması üçün qarant almaq istəyi açıq-aşkar görünür.Vasitəçilik missiyasını Türkiyənin öz üzərinə götürməsinə İran tərəfi israr edir.
İran rejimi yaxşı başa düşür ki, bu münaqişənin qarşısını qısamüddətli də olsa, Türkiyə hökuməti ala bilər.
ABŞ-nın İrana hərbi müdaxiləsi vitse-prezident Ceyms Vensin Bakı səfərindən sonra baş tutacağı daha məntiqə uyğun görünür.
Prezident Donald Trump İranda rejim dəyişikliyini istəsə də, bu rejimi əvəzləyəcək alternativi meydanda görmədiyinə görə İran hökumətindən istədiyini alsa, geri çəkiləcək.
İstənilən halda dünyanın siyasi mərkəzləri İranın parçalanmasına izin verməz.
Amerika Birləşmiş Ştatlarına dəstək verən güclər Çinin yeni supergüc olmasını əngəlləmək üçün daha çox münaqişə ocaqlarına ehtiyac duyacaqlar.
