Ana Vətən Partiyasının (AVP) növbəti qurultayında təşkilatın yeni rəhbəri seçilib.
Qurultay iştirakçıları partiyanın sədr müavini, Milli Məclisin deputatı Günay Fəzail qızı Ağamalını AVP sədri seçiblər.
Beləliklə, 1990-cı il noyabrın 24-də təsis olunmuş bu siyasi təşkilatda Fəzail Ağamalının 36 illik dövrü sona çatdı.
Əslində bu hadisə partiyanın ötən il oktyabrın 25-də keçirilmiş qurultayında baş verməli idi. Lakin həmin gün qurultay keçirilən məkanda Fəzail bəyin oğlu Elçin Ağamalının tərəfdarları ilə qızı Günay Ağamalını dəstəkləyənlər arasında mübahisə sonda ata-oğul davasına çevrildi.
Nəticədə qurultay təxirə salındı.
Hazırki qurultayın nəticəsi haqqında fikrini bildirən Elçin Ağamalı deyib ki, Ana Vətən Partiyasının 25 oktyabr 2025-ci ildə keçirilən qurultayından sonra (ilk 5-6 gün istisna olmaqla) müzakirələrin fərqli məcraya yönəlməməsi üçün istər mətbuatdan, istərsə də sosial şəbəkələrdən ona verilən suallara cavab verməkdən mümkün qədər çəkinib.
Yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün danışıq təşəbbüsü göstərsə də bunun qarşılığını görməyib və qurultaydan sonra partiyadaxili prosesləri görərək fikrindən daşınıb.
Elçin bəy bildirir ki, qurultaydan sonra onun namizədliyini dəstəkləyən rayon (şəhər) təşkilatlarının sədrlərinə qarşı təqib prosesi başlayıb və onlar partiya sıralarından və vəzifələrindən çıxarılıblar.
Oğul Ağamalının iddiasına görə nizamnamə tələblərini pozmaqla, Ana Vətən Partiyası qərargahında təşkilata heç bir aidiyyatı olmayan şəxslərin iştirakı ilə gizli şəkildə keçirilmiş qurultay qeyri-legitimdir.
Rayon (şəhər) təşkilatlarının sədrləri pozulmuş hüquqlarının bərpa olunması və qurultaydan sonra qəbul edilmiş bir sıra qərarların ləğv olunması məqsədilə artıq məhkəməyə müraciət ediblər.
