ABŞ-ın İran rejiminə qarşı bir neçə həftə öncə gözlənilən əməliyyatı təxrə salınsa da, gündəmdən çıxmayıb. Əksinə, Venesuela diktatoru Nikolas Maduronun həbsindən sonra növbə İrana çatıb. Yayılan məlumatlardan belə qənaət yaranır ki, Tramp adminstrasiyası İrana qarşı “Maduro əməliyyatı”nın bir qədər genişləndirilmiş variantını həyata keçirmək istəyir.
“Maduro əməliyyatı” ABŞ ordusunun xüsusi təyinatlı bölməsi “Delta Force” tərəfindən diktator Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin ələ keçirilərək həbs edilməsi ilə məhdudlaşmışdı. İrana qarşı əməliyyat zamanı isə “Delta Force”nin həbs edəcəyi şəxslərin siyahısında daha çox şəxsin adı ola bilər.
Tramp adminstrasiyası diktator Nikolas Maduro və həyat yoldaşı Cilia Floresi məhkəmə qarşısna çıxardığı kimi İran rəsmilərini də mühakimə etmək istəyir. İran Prezidenti Məsud Pezeşkian X hesabında yazdığı “Ölkəmizin Ali Rəhbərinə hücum İran xalqına qarşı total müharibə deməkdir”-açıqlamsı onu göstərir ABŞ-ın həyata keçirəcəyi əməliyyatın ilk hədəfinin İranın dini lideri Seyid Əli Xameneinin olacağı haqqında Tehranın rəsmi dairələrində dəqiq məlumat var. Əks halda Prezident Məsud Pezeşkian bunununla bağlı açıqlama ilə çıxış etməzdi.
Prezident Donald Trampın Xameneini “xəstə adam” adlandrması və İranın yeni rəhbərə ehtiyacının olması haqqında açıqlaması da göstərir ki, ABŞ-ın həyata keçirəcəyi əməliyyatın ilk hədəfi Seyid Əli Xamenei olacaq. Ancaq Venesueladan fərqli olaraq İranda ABŞ xüsusi təyinatlılarının işi daha çox olacaq.
“Delta Force”nin İranda Xameneidən başqa daha kimləri həbs edə bilər sualı ətrafında düşünərkən ilk olaraq ağılla gələn şəxs Əli Laricani olur. İrandakı son etirazlarda insanların küləvi qətlinə görə Xameneidən sonra ən çox məsuliyyət daşıyan şəxs Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricanidir.
Güc strukturlarının və cəza dəstələrinin etirazçılara qarşı cəza əməliyyatına Əli Laricani rəhbərlik edib. Əli Laricaninin həbsi və ədalət məhkəməsi qarşısına çıxarılması İranda qətlə yetirilmiş minlərlə insanın yaxınları üçün bir təsəlli olmaqla, İran cəmiyyətində ABŞ-a qarşı xoş münasibətlərin yaranmasına səbəb olar.
Vaşinqton və Yerusəlimin Əli Laricanin cinayətini sübut edəcək dəlilləri toplaması onu göstərir ki, bu şəxsin adı həbs olunacaq şəxslərin siyahısında birinci olmasa da, ikincidir. ABŞ Xəzinədarlıq Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsinin bir neçə gün öncə Əli Laricaniyə qarşı sanksiya tətbiq etməsi də Laricani ilə bağlı prosesə start verildiyini göstərir.
Əli Laricanin həbsini zəruri edən siyasi məqamlar hüquqi amillərdən az deyil. Beş nəfərdən ibarət Laricani qardaşları İrandakı rejimin ən güclü qruplaşmalarından biri hesab olunur. Laricani qardaşlarının hər biri teokartik rejimin önüməli simalarıdır. Bir zamanlar Xameneinin varisi olacağı ehtimal edilən Sadiq Laricanin adı yenidən önə çıxamağa başlayıb. İslam İnqilabından sonra ən iri miqyaslı etirazın qan gölündə boğulmasında oynadığı rola görə rejimin mühafizəkar dairələrində Əli Laricaninin mövqeyi çox güclənib. Mühafizəkarlar Laricani ailəsinə rejimi qoruya biləcək ünvan kimi baxırlar.
Buna görə Sadiq Laricaninin mühafizəkarların vahid namizədi kimi önə çıxmağa başlayıb. Xameneinin hansısa bir səbəbdən hakimiyyətdən kənarlaşdırılacağı halda onun yerinə Sadiq Laricaninin gətiriləcəyi ehtimalı çoxdur.
Məsud Pezeşkianın prezident seçilməsindən sonra revanş götürməyə çalışan farslar rejim mövcudluğunu qoruyacağı halda hakimiyyətə Sadiq Laricaninin gətirilməsinə çalışacaqlar. Sadiq Laricaninin hakimiyyəti ələ keçirməsi isə daha pis prespektiv vəd edir. Ona görə də “Delta Force”nin İranda həbs edəcəyi və yaxud da zərərsizləşdirəcəyi şəxslər arasında Laricani qardaşlarından ən azı birinin, bəlkə ikisinin adının olacağı ehtimalı çox yüksəkdir.
“Delta Force”nin İranda həbs edəcəyi və yaxud zərərsizləşdirəcəyi şəxslərin siyasında Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin adının olma ehtimalı da çox yüksəkdir. Əli Əkbər Vilayəti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”na (TRIPP) qarşı kəskin mövqeyi ilə tanınır. TRIPP-i İran və Rusiya arasında dayanacaq gürzə adlandıran Əli Əkbər Vilayətinin hazırda əsas vəzifəsi bu layihənin gerçəkləşməsinin qarşısını almaqdır. Bütün bunlara görə, Əli Əkbər Vilayətinin adının “Delta Force”nin həbs edəcəyi şəxlərin siyahısında olduğu ehtimal edilir.
Çox istərdim ki, “Delta Force”nin siyahısında İranın hazırkı xarici işlər naziri Seyid Abbas Əraqçinin də adı olsun. İranın son zamanlar Rusya və Belarusla yaxınlaşmasının ideya müəllifi olan Əraqçi rejimin cinayətlərinə bəraət qazandırması ilə də önə çıxıb.
Rejimi qorumaq üçün hər bir cinayətə hazır və qadir olan qruplaşma məhv edilmədən Xameneinin həbsi və ya zərərsizləşdirilməsi ciddi nəticə verməyəcək. Buna görə də Venesueladan fərqli olaraq “Delta Force” iki nəfəri deyil, ən azı 10-15 nəfəri zərərsizləşdirməlidir. MOSAD-ın da “Delta Force”yə yardım edəcəyini nəzərə alanda, bu ABŞ ordusunun xüsusi təyinatlıları üçün çox da çətin vəzifə olmamalıdır.
