DünyaSiyasət

Türkiyədə varislik nağılları niyə heç vaxt bitmir?

Türkiyədə müəyyən aralıqlarla eyni tip şayiələr dövriyyəyə buraxılır. Son günlər Facebook-un Türkiyə seqmentində bir status müxtəlif variantlarda tirajlanır. Guya qətərli bir jurnalist Bilal Erdoğan-dan soruşub: “Recep Tayyip Erdoğan’dan sonra AKP genel başkanlığı koltuğuna oturacak mısınız?” Guya Bilal Erdoğan da əsəbi, təhqiramiz, küçə dili ilə cavab verib: “Babacığımdan bir zamanlar hesap sormazsam namerdim deyib, babacığımın kapı kulu olan soysuzlar oturacağına ben otururum.” Ardınca da emosional siqnal: “Duydunuz zilin səsini.” Bu hekayənin heç bir əsası yoxdur. Mənbə yoxdur, jurnalistin adı yoxdur, media qurumu yoxdur, video yoxdur, audio yoxdur. Sitat havadadır. Üstəlik, Bilal Erdoğan indiyə qədər verdiyi bütün açıqlamalarda son dərəcə ölçülü, steril və ehtiyatlı dil işlədib. Bu tip küçə leksikası onun üslubu deyil. Qısası, bu, fakt yox, sosial şəbəkə emosiyası ilə yazılmış siyasi fantaziyadır. Amma məsələ təkcə bu status deyil. Türkiyədə illərdir dövri olaraq eyni miflər buraxılır: “Ərdoğan gedir”, “yerinə oğlu gəlir”, “AKP-də gizli varis hazırlanır”. Bu, nə təsadüfdür, nə də sadə şayiə mexanizmi. Məqsəd real siyasəti yox, psixoloji mühiti hədəf almaqdır. Bir tərəfdən AK Parti “monarxiya” kimi göstərilir, Türkiyə siyasəti karikaturalaşdırılır. Digər tərəfdən real müxalifət, real proqram və real alternativ olmadığı üçün siyasi mübarizə faktlarla yox, ailə hekayələri ilə aparılır. “Varis” mövzusu süni şəkildə gündəmdə saxlanılaraq həm tərəfdar düşərgəsində şübhə, həm də müxalif düşərgədə saxta ümid yaradılır. Bu şayiələr xüsusən Türkiyəni yaxından tanımayan xarici auditoriya üçün servis olunur ki, “hakimiyyət ailədən ailəyə keçir” narrativi möhkəmlənsin. Halbuki reallıq sadədir: Türkiyədə hakimiyyət şəxslə yox, siyasi mexanizmlə, seçki ilə və güc balansı ilə formalaşır. Nə Bilal Erdoğan siyasi fiqurdur, nə də Türkiyə siyasəti Facebook statusları ilə istiqamət dəyişir. Varislik mifləri faktın yox, boşluğun məhsuludur. Boşluq olduqca bu miflər dövri olaraq buraxılacaq. Fakt ortaya çıxanda isə bu şayiələr həmişə olduğu kimi səssizcə yox olacaq…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya yerli xalqları müharibədə belə qırdırır – Şok statistika

redaktor

Tehranda küçələrə Rəisi ilə Abdullahiyanın adı verildi

redaktor

Tramp 700-dən çox Azərbaycan vətəndaşını ABŞ-dən qovur

redaktor